Xəbərlər

Tofiq Yaqublu ölkədən çıxmaq üçün məhkəməyə müraciət edib

Nigar Həzi: “Bu, nəyin hirsi, nəyin kinidir, anlamaq olmur”

Milli Şuranın və Müsavat Partiyasının üzvü, üzərində şərti cəza olan Tofiq Yaqublu Gürcüstanda anasının hüzr mərasimində iştirak etmək, onun məzar daşını hazırlatdırmaq istəyir. Bu məqsədlə də ölkədən çıxışına icazə verilməsi üçün vəkili Aqil Layıc onun yaşadığı ərazi üzrə Suraxanı Rayon Məhkəməsinə üz tutub.

İyulun 27-də hakim Anar İbrahimovun sədrliyilə siyasi fəalın müvəqqəti ölkədən çıxışına icazə verilməsi barədə ərizəsinə baxılıb.

Ədliyyə Nazirliyinin nümayəndəsi ərizənin təmin olunmasına etiraz edib. Etirazını da belə əsaslandırıb ki, Tofiq Yaqublu haqqında 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının şərti cəza ilə əvəzlənmə haqda Bakı Apelyasiya Məhkəməsinin qərarı yenidir, qeydiyyata salınmayıb, Tofiq Yaqublunun sınaq müddəti qaydalarına əməl edib-etməyəcəyi bəlli deyil: “Hələ rəy vermək üçün bizə çox vaxt lazım olacaq”.

Hakim Anar İbrahimov isə qərarını iyulun 30-da elan edəcək.

“Bu qədər ağ etmək olmaz. Bu, nəyin intiqamı, nəyin hirsi, nəyin kinidir, anlamaq olmur. Heç olmasa, anasının 40 mərasimində iştirasına icazə versinlər. Bir gün onların da doğmaları öləcək”, – Tofiq Yaqublunun qızı Nigar Həzi belə deyib.

Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Nizami rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb. İyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu bu hökmdən də Ali Məhkəməyə kassasiya şikayəti verəcək. O, özünü təqsirli bilmir, kimsəyə xəsarət yetirmədiyini, sifarişlə həbs olunduğunu bildirir.


24 saat” “Tofiq Yaqublu ölkədən çıxmaq üçün məhkəməyə müraciət edib” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button