2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqublunun həbsi ilə bağlı Milli Şura bəyanat verib

Tofiq Yaqublunun həbsi ilə bağlı Milli Şuranın bəyanatı

İlham Əliyevin Novruz bayramı ilə əlaqədar çıxışında ölkə müxalifətini düşmən elan etməsinin nəticəsi özünü çox gözlətmədi. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həmin çıxışdan cəmi 3 gün sonra – martın 22-də şərlənərək həbs olundu. Eyni vaxtda AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı siyasi fəaliyyətini dayandırmaq tələbilə davamlı şəkildə ciddi hədə mesajları alır. Bundan başqa, Cəlilabad rayonundan AXCP Ali Məclisinin üzvü Anar Məlikov (epidemiya ilə bağlı rejim qaydalarını pozmaq ittihamı ilə) və Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev (polisə müqavimət ittihamı ilə) müvafiq olaraq 10 və 30 sutka müddətinə inzbati həbsə məhkum ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev məlum çıxışında bildirmişdi ki, koronavirus pandemiyasına görə ölkədə fövqəladə vəziyyət elan oluna bilər və belə olacaqsa, onun “5-ci kolon”, “düşmən”, “satqın” kimi ifadələrlə nəzərdə tutduğu müxalifətçilərin kütləvi şəkildə təcrid edilməsi zərurətə çevriləcək. Görünür, hər fürsətdə siyasi rəqibinə divan tutmaq ehtirası İlham Əliyevə hətta ölkədə fövqəladə vəziyyət elan etməyi gözləməyə də imkan verməyib və o, artıq növbəti repressiya dalğasını başlamağa göstəriş verib.

Tofiq Yaqublu martın 22-də Bakının Nizami rayonu ərazisində təxribata məruz qalıb və ardınca dövlət səviyyəsində şərlənərək həbs olunub. Artıq məhkəmənin qərarı ilə onun barəsində istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib və o, Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına köçürülüb. Tofiq Yaqublunun avtomobilini dayandığı yerdə başqa bir avtomobil vurmuşdu və vuran avtomobildəki iki nəfər (sonradan polis onların ər-arvad olduğunu açıqladı) öz avtomobilində gözləyən Tofiq Yaqubluya hücum etmişdi. Tofiq Yaqublu özünə qarşı təxribatı dərhal duymuş, avtomobilində oturaraq onun şüşələrini və qapılarını bağlamışdı. O, baş verən təxribat barədə sosial şəbəkədə məlumat paylaşmış, telefonla Milli Şura rəhbərliyini məlumatlandırmışdı. Hadisə yerinə polisi də Tofiq Yaqublunun özü çağırmışdı. Bununla belə polis, dolayısı ilə siyasi hakimiyyət əvvəlcədən hazırlanan plan üzrə Tofiq Yaqublunun özünü təqsirkar çıxardı, ona qarşı CM-in 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlandı. Daxili İşlər Nazirliyinin saxta iddiasına görə, Tofiq Yaqublu ona qarşı təxribatın “vintləri” olan həmin “ər-arvadı” yumruq və vintaçanla vurub.

Məhz İlham Əliyevin məlum çıxışından sonra iki müxalif fəalın müxtəlif bəhanələrlə inzibati qaydada həbs edilməsi, AXCP RH üzvü Fuad Qəhrəmanlının hədələnməsi, MŞ Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbs olunması və bir çox fəalların polisə çağırılması göstərir ki, hakimiyyət koronavirus pandemiyasının yaratdığı şəraiti prinsipial müxalifəti sıradan çıxarmağa növbəti cəhd üçün fürsət bilir. İlham Əliyev rejimi hesab edir ki, hazırda dünyanın və Azərbaycan cəmiyyətinin bütün diqqəti koronavirusla bağlı problemlərin həllinə yönəlib və belə bir vaxtda fürsətdən yararlanıb, özünün ən böyük problemlərindən saydığı prinsipial müxalifəti tamamilə sıradan çıxarmaq qayğısını həll edə bilər. Bu gün, məhz Tofiq Yaqublu barəsində həbs qərarından sonra hökumətdə Baş nazirin və YAP-da İlham Əliyevin müavini olan Əli Əhmədovun sosial şəbəkədə “İki virusa qarşı mübarizə” başlığı ilə yaydığı yazıda prinsipial müxalifəti “virus” adlandırması və ona qarşı koronavirusla eyni vaxtda mübarizə aparmağın zəruriliynidən bəhs etməsi də yuxarıda deyilənləri sübut edir. İlham Əliyevin ardınca onun hökumətdə və YAP-da ikinci adamı da prinsipial müxalifətə qarşı repressiyalara fətva verir. Bu isə təsdiq edir ki, yeni repressiya kampaniyası barədə ən yüksək səviyyədə siyasi qərar verilib və artıq başlanan bu kampaniya YAP-ın da dəstəyi ilə davam edəcək. Hədəf isə hakimiyyətin ifşasından çəkinməyən, azad sözü və tənqidçi mövqeni qoruyub saxlayan fəallar, xüsusən də Milli Şura və AXCP-nin rəhbər şəxləri və funksionerləri olacaq.

Milli Şura dünya və Azərbaycan ictimaiyyətini baş verənlərə adekvat reaksiya göstərməyə, Əliyev rejiminin yaranmış fürsətdən ölkədə diktaturanı möhkəmləndirmək üçün yararlanmasına imkan verməməyə çağırır. Milli Şura hakimiyyətdən tələb edir ki, yeni repressiyaya başlamaq planından imtina etsin, Tofiq Yaqublu barəsində ədalətsiz və sifarişli qərar ləğv olunsun, prinsipial müxalifətçilərin hədələnməsi və təqib olunmasına son qoyulsun. Hakimiyyət xüsusən indiki həssas dönəmdə Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, ölkədə gərginliyi artıran addımlar atmamalıdır. Hakimiyyət nəhayət anlamalıdır ki, cəmiyyətə qarşı bu cür açıq çağırış tipli addımları onun özünə xalqın nifrətini artırmaqdan başqa bir uzunmüddətli nəticə doğurmur. Heç bir hədə-qorxu, kütləvi həbs Azərbaycan xalqının ədalət və azadlıqlar uğrunda mübarizəsini durdura bilməz.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button