Xəbərlər

Uşaq dünyaya gətirənə Ermənistanda 563, Azərbaycanda 118 dollar verilir

Bir çox ölkədə sosial müdafiə siyasətinin əsas istiqamətlərindən biri ana və uşaqlarla bağlıdır. Özəlliklə təbii artımın aşağı olduğu və bu səbəbdən demoqrafiq problemlərlə üzləşən, eləcə də iqtisadi çətinlik yaşayan ölkələrdə yeni doğulan uşağı olan ailələrə bəlli dəstək paketləri təklif edilir. Beynəlxalq Əmək Təşkilatının “Qlobal sosial müdafiə hesabatı”na görə, indi dünyada 18 yaşadək uşaqların 35 faizi müxtəlif sosial müavinət və ya ödənişlər alır. Di gəl, bu nisbət heç də hər ölkədə eyni deyil. Məsələn, Avropada uşaqların 87, Amerikada isə 66 faizi sosial müdafiə tədbirləri ilə əhatə olunubsa, eyni göstərici Asiya regionunda 28, Afrikada isə cəmi 16 faizdir.

Dünyaya uşaq gətirməyə görə ödənişlər

Azərbaycanda 2006-cı ildən bəri uşağı doğulanlara aylıq müavinət şəklində ödəniş (uşaqpulu) mövcud deyil. Sadəcə, uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət nəzərdə tutulub.

Ana və uşaqlarla bağlı ən çox istifadə edilən sosial müdafiə tədbirlərindən biri dünyaya gəlmiş uşaqlara görə həyata keçirilən ödəniş və güzəştlərdir. Bu tədbirlərin miqyası ölkələrə görə dəyişir. Məsələn, Avropa ölkələrindən Fransada hər doğulan uşaq üçün verilən birdəfəlik ödəmənin məbləği 952 avro, Serbiyada isə təxminən min dollardır. Sinqapurda yeni doğulan uşaqlara nəzərdə tutulan vəsaitin həcmi 10 min avrodur. Zəngin körfəz ölkələrində isə bu məbləğ 50 min dollaradək yüksəlir.

Azərbaycanla eyni regionda yerləşən ölkələrdən Rusiyada hazırda ailənin ilk uşağının doğulmasına görə ailələrə 484 min rubl, yəni, təxminən 6 min 320 dollar həcmində ödəniş edilir. Növbəti dünyaya gələn uşaqlar üçün daha 155 min rubl (təxminən 2 min 50 dollar) ödəniş gerçəkləşdirilir. Yeni doğulan uşaqlar üçün ödənən vəsait hər il indeksləşdirilir. Uşaqlı ailələrə güzəştli ipoteka və vergi güzəştləri də var.

Digər bir postsovet ölkəsi Ukraynada dünyaya gələn uşaqlar üçün ödənən məbləğ toplam 41 min 280 qrivnadır (təxminən 1 min 490 dollar). Bu vəsaitin 10 min 320 qrivnalıq bölümü (370 dollar) birdəfəlik ödəniş kimi, qalan məbləğsə 36 aya bölünərək hər ay ödənilir.

Ermənistanda da dünyaya gələn uşaqların sayca artmasını hədəfləyən ayrıca proqram gerçəkləşdirilir. Ötən ilin iyulundan bəri ölkədə ilk və ikinci uşağın dünyaya gəlməsinə görə valideynlərə ödənən vəsaitin məbləği 300 min drama, (2021-ci il aprelin 5-ə olan məzənnəyə görə) təxminən 563 dollara yüksəlib. Üçüncü və dördüncü uşaqlarını dünyaya gətirən ailələrə isə 1 milyon dram (təxminən 1 min 875 dollar) verilir. Həmin vəsaitin yarısı nağd şəkildə ailələrə çatdırılır, digər yarısı isə yeni doğulan uşağın adına açılan bank hesabına yatırılır. Həmin vəsaitdən uşağın 18 yaşı olanadək istifadə etmək mümkün deyil.

Dörddən çox uşaq dünyaya gətirən ailələrə ödənən vəsaitin məbləği isə 1 milyon 500 min dramdır (təxminən 2 min 815 dollar). Bu vəsaitin 1 milyon dramlıq (1 min 875 dollar) bölümü ailəyə nağd şəkildə çatdırılır, qalan hissəsi isə bank hesabına yatırılır. Birdəfəlik ödənişlə yanaşı, yeni doğulan uşaqlara iki il müddətinə 25 min 500 dram (təxminən 48 dollar) məbləğində aylıq ödəniş də təyin edilir.

İşləyən anaların dünyaya gətirdikləri uşaq üçün baxıcı və ya uşaq bağçası xərcləri ilə bağlı da dəstək almaq imkanları var . Bu dəstək proqramı çərçivəsində dövlət uşaq baxıcısının və ya bağçanın aylıq ödənişinin 50 faizini ödəyir, ancaq burada maksimum limit minimum əməkhaqqını aşa bilməz.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda uşağın doğulmasına görə 200 manat miqdarında birdəfəlik müavinət, Əmək Məcəlləsində isə hamilə və övlad dünyaya gətirmiş qadınlarla bağlı müəyyən məzuniyyətlər nəzərdə tutulur. Bunlardan ilki hamiləlik dövründə və övlad dünyaya gətirdikdən sonrakı dövrdə sağlamlığın reabilitasiyası və körpəyə baxım üçün verilən məzuniyyətdir. Bu məzuniyyətlərin müddəti, müvafiq olaraq, 70 və 56 gündür (toplam 126 gün) Ancaq yalnız rəsmi əmək müqaviləsi ilə çalışan və sosial sığorta haqqı ödəyən qadınların bu müddət ərzində ödənişli məzuniyyətə çıxmaq hüququ var. Məzuniyyət üçün ödəniş məbləği məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancın 100 faizi səviyyəsindədir.

Qanunvericilikdə uşağına 3 yaşınadək qulluğa görə analara qismən ödənişli sosial məzuniyyət verilməsi də nəzərdə tutulub. Rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların qazancı tam saxlanır. Onlar doğuşsonrası 56 günlük məzuniyyətləri bitəndən sonra övladları 3 yaşına çatanadək iş yeri saxlanmaqla məzuniyyətə çıxa bilərlər. Ancaq bu seçimi etdikdə məzuniyyətə görə aylıq ödəniş sonuncu iş yeri üzrə aylıq əməkhaqqı məbləğinə bağlanmır. Həmin qadınlar 3 il ərzində məbləği prezident sərəncamı ilə müəyyənləşdirilən həcmdə sosial məzuniyyət haqqı alırlar. Hazırda bu ödənişin məbləği bir yaşyarımadək uşağa qulluğa görə – 44 manat, bir yaşyarımdan üç yaşınadək qulluğa görə isə – 28 manatdır. Nəzərə almaq lazımdır ki, bu rəqəmlər yaşayış minimumunun cəmi 15-20 faizi qədərdir.

Daha bir diqqət çəkən məqam odur ki, Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, Azərbaycanda hamiləliyə və doğuşa görə məzuniyyətlə əhatə olunan qadınlar övladı olan qadınların cəmi 14 faizini təşkil edir. Halbuki bu göstərici Rusiyada 69 faiz, Qazaxıstanda 45 faiz, Gürcüstanda 24 faiz, Avropa ölkələrində 95-100 faiz intervalındadır.

Hamiləlik və doğuşa görə məzuniyyət müddətində də azərbaycanlı qadınlar bəzi ölkələrdə bu istiqamətdəki göstəricilərdən geri qalır. Azərbaycanda bu müddət 18 həftə təşkil edir. Ancaq eyni müddət İranda 39, Estoniyada 20, Finlandiyada 21, Norveçdə 39-49 həftə intervalında, Çexiyada 28 həftə, Polşada 20 həftəyə bərabərdir.

24 saat” “Uşaq dünyaya gətirənə Ermənistanda 563, Azərbaycanda 118 dollar verilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button