2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkil: Zamin Salayev yenidən aclığa başladı

AXCP fəalı azadlığa buraxılmasını tələb edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri, bundan öncə həbsdə 114 gün aclıq edən Zamin Salayevin (yaxın ətrafı onu Əlizamin adlandırır-red.) yenidən aclığa başladığı bildirilir. Bu barədə Meydan TV-yə AXCP-dən verilən məlumatda bildirilir ki, Zamin Salayev azadlığa buraxılmasını tələb edir:

“Zamin Salayev qanunsuz və əsassız həbsdə saxlandığına görə azadlığa buraxılmasını tələb edir. Bundan əvvəl o, 4 aya yaxın aclıq aksiyası keçirmişdi. Çox ağır durumda olarkən vəd olunmuşdu ki, apelyasiya məhkəməsi işinə obyektiv, ədalətli şəkildə baxacaq. Amma elə ilk məhkəmə iclasından məlum oldu ki, apelyasiya məhkəməsində ədalətdən əsər-əlamət yoxdur. Adicə məhkəmə iclasına gələnləri belə, zala buraxmadılar. Belə bir məhkəmədən hansı ədaləti gözləmək olar?”.

Saytların yığılması Saytlarin yigilmasi

Zamin Salayevin yenidən aclığa başladığını onun vəkili Nemət Kərimli də Meydan TV-yə təsdiqləyib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs iyulun 10-dan aclığa başladığını deyib.

Vəkil xatırladıb ki, apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasında bir sıra vəsatətlər qaldırmışdılar. Lakin Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası onların heç birini təmin etməyib: “Zamin Salayevin yaxınları, dostları məhkəməni izləməyə gəlmişdilər. Onları, jurnalistləri buraxmadılar. Açıq məhkəmə iclasıdır, adamların buraxılmaması nə deməkdir? Bununla əlaqədar vəsatət qaldırdıq ki. adamları buraxsınlar. Təmin olunmadı. Zamin Salayevin qərar çıxarılana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırdıq, o da təmin olunmadı. Bu hakimlər kollegiyasına etiraz verdik, o da təmin edilmədi…”.

Zamin Salayevin Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlandığını deyən Nemət Kərimli xatırladıb ki, 114 günlük aclığın fəsadları hələ də müvəkkilinin üzərində qalır. O, böyrəklərində və dizlərində kəskin ağrılardan əziyyət çəkir:

“Çəliklə hərəkət edir. Bu üzdən çox narahatam ki, yenidən aclığa başlaması səhhətində kəskin problemlər yarada bilər, həyatı üçün təhlükəyə çevrilər”.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunan Salayev Qaradağ rayon Məhkəməsinin hökmüylə 4 il azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında həmin ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün taksiyə doğru gedərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli polis çıxıb və onu tutub aparıb.

O vurğulayıb ki, həmin ərazidə 8 təhlükəsizlik kamerası var. O meraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.

Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button