Dünya

Zelenski Mariupolun müqavimət göstərdiyini deyir

Rusiya ABŞ rəsmilərindən bəzilərinə səyahət qadağası açıqlayıb

Ukraynanın mühasirədə olan Mariupol şəhərində Rusiya qüvvələrinə müqavimət davam edir. Bunu Prezident Volodimir Zelenski aprelin 22-də deyib. Rusiya isə bundan öncə Azov dənizi sahilindəki strateji liman şəhərini “azad etdiyini” açıqlayıb. Şəhər iki aydır intensiv atəş altındadır, minlərlə insan həlak olub, böyük dağıntılar var.

Rusiya Prezidenti Vladimir Putin aprelin 21-də Mariupolun “azad olunduğunu” iddia edib, Azovstal dəmir polad zavodunu hücumu isə dayandırmaq əmri verib. O, qərarını Rusiya əsgərlərinin həyatını riskə atmağa ehtiyac olmaması ilə izah edib. Azovstal-da bir neçə min əsgərin və minlərlə dinc sakinin olduğu bildirilir.

Zelenski isə döyüşün davam etdiyini söyləyir.

“İşğalçılar ölkəmizin cənubunda və şərqində azı müəyyən qələbələr haqda danışmaq üçün hər şey edirlər”, – o, videomüraciətində deyib.

“Bunkerlərdə yaralılar və ölülər var”

Azovstal-ın müdafiəçilərindən Svyatoslav Palamar BBC-yə deyib ki, zavodun yerüstü hissəsi əsasən dağıdılıb. “Bunkerlərdə yaralılar və ölülər var. Dağıdılan binaların altında bəzi dinc sakinlər qalıb”, – o deyib.

Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin zavoda hücumu davam etdirdiyini deyirlər.

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə, dinc sakinlərin Mariupoldan çıxmasına icazə verməyə çağırıb.

Britaniya ordusunun aprelin 22-də yaydığı gündəlik məlumatda isə deyilir ki, Putinin Azovstal-ı blokadaya almaq qərarı Mariupolda müqaviməti önləmək istəyini göstərir.

“Rusiyanın zavoda tam quru hücumu ona ciddi itkilərə başa gələr, döyüş qabiliyyətini azaldardı”, – məlumatda vurğulanır.

Aya 7 milyard dollar

Britaniya ordusu Donbasda atışmanın davam etdiyini, Rusiyanın Ukraynanın şərqində irəliləməyə çalışdığını bildirib.

ABŞ Prezidenti Co Bayden də Rusiyanın Mariupolda qələbə iddiasını sual altına alıb, Ukraynaya əlavə 1.3 milyard dollarlıq yardım elan edib.

Zelenski yardıma görə təşəkkür edərək ölkəsinə daha çox kömək gərəkdiyini bildirib. Onun sözlərinə görə, müharibə üçün silah və puldan savayı, iqtisadi itkiləri qarşılamaq üçün ölkəsinə hər ay 7 milyard dollaradək vəsait lazım olacaq.

Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu liderlərinin toplantısında virtual çıxış edən Zelenski deyib ki, ölkədə onminlərlə bina, vacib infrastruktur dağıdılıb, onları yenidən qurmağa yüzmilyardlarla dollar gərəkəcək.

Rusiyadan səyahət qadağası

Rusiya ABŞ rəsmilərindən bəzilərinə səyahət qadağası açıqlayıb. Siyahıda ABŞ-ın Vitse-prezidenti Kamala Harris, Meta şirkətinin baş icraçı direktoru Mark Zukerberq, daha 27 tanınmış amerikalının adları var.

Rusiyanın Xarici İşlər Nazirliyi bunun “Rusiyaya qarşı genişlənməkdə olan sanksiyalar”a cavab olduğunu bildirib, siyahıya salınanların ABŞ-da “rusofobik yanaşma” formalaşdırdığını iddia edib.

Gözdən qaçırmayın:  Iskander raketləri ilə ‘bağlı’ institut yandı

Siyahıda Müdafiə nazirinin müavini Ketlin Hiks, Pentaqonun sözçüsü Con Körbi, teleaparıcı Corc Stefanopolos, “Washington Post”un yazarı Deyvid İqnatius, Meduza xəbər saytının redaktoru Kevin Rotrok, Dövlət Departamentinin sözçüsü Ned Prays da var.

Prays Dövlət Departamentində brifinqdə səyahət qadağası siyahısına düşməkdən şərəf duyduğunu deyib. Rusiyaya hansısa səfər planlarını təxirə salmalı olmasına gəlincə, “Xoşbəxtlikdən, rublum yoxdur, olsaydı belə, indiyədək dəyərdən düşəcəkdi”, – deyə cavab verib.

Rusiya daha öncə “rusofobik” siyasət yaymağa görə 61 kanadalıya da oxşar qadağalar tətbiq edib.

24 saat” “
Zelenski Mariupolun müqavimət göstərdiyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button