Loading...
Loading...
SEÇMƏ

Əlillər üçün ayrılan pullar kimlərin vasitəsilə yeyilib: cənazə maşınının sürücüsü, gözəllik mərkəzinin işçisi…

“Bu şirkətləri yaratmaqda məqsədimiz yaşayış tərzimizi yaxşılaşdırmaq olub”

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işi üzrə budəfəki məhkəmə iclasında əlil arabalarının aınması zamanı külli miqdarda yeyintiyə yol verilməsi məsələsi araşdırılıb. Məlum olub ki, canəzə maşını sürən, gözəllik mərkəzində işləyən və s. şəxslərin adına şirkətlər təsis edilib. Həmin şirkətlər nazirliyin keçirdiyi tenderlərdə qalib elan olunub. Müxtəlif avadanlıqların, o cümlədən əlil arabalarının alınması üçün həmin şirkətlərin hesabına pullar köçürülüb. O vəsaitlərin bir hissəsinə avadanlıq alınıb, qalanı isə nağdlaşdırılaraq geri qaytarılıb və mənimsənilib.

Hazırda ev dustaqlığında olan Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

Sentyabrın 19-da məhkəmədə əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin baş mühasibi işləmiş Ülviyyə Məmmədova ifadə verib. O bildirib ki, 2012-2019-cu illərdə baş mühasib olub və şöbə müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını icra edib:

“Şəlalə Cəfərova mənə demişdi ki, nə desə, onları icra etməliyəm”.

Ülviyyə Məmmədova deyir ki, nazirlik adından müxtəlif təşkilat, müəssisələrlə müqavilələr bağlanıb. Həmin qurumlardan alınan pulları toplayıb şöbə müdirinə verib. Çünki o, belə tapşırmışdı:

“Pulları Şəlalə Cəfərovaya iş otağında vermişəm. Ona verdiyim məbləğlər yadımda qalmayıb”.

Uzun illər Əlillərin Bərpa Mərkəzində baş mühasib işləmiş Nəzakət Kərimova da məhkəmədə dindirilib. O, öz qızı Könül Xudiyevanın adına şirkətlər təsis edib. Həmin şirkətlər Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqlar alınması məqsədilə keçirilən tenderlərdə qalib elan edilib.

Nəzakət Bayramova deyir ki, mərkəzdə 2007-ci ildən işləsə də, bu işlərlə 2014-cü ildən məşğul olmağa başlayıblar. Onun sözlərinə görə, şirkətlər qalib elan ediləndən sonra onların hesabına pul köçürülür. Müəyyən avadanlıqlar alınır, qalan pul geri qaytarılırdı:

20-30 faiz qalırdı, onları da Bərpa Mərkəzinin rəhbərinə vermişəm”.

O vurğulayıb ki, qızının adına şirkətləri Əlillərin Bərpa Mərkəzinin tapşırığı ilə açmışdı:

“Mən mərkəzinin rəhbəri İlqar Qurbanovun tapşırıqlarını icra etmişəm. Ancaq tapşırıqlar əsasında olan işlər görülüb, başqa əlavə əməliyyatlar aparılmayıb. Bütün işlər qanun çərçivəsində olub. Daha bu işlərlə məşğul deyiləm. Şirkətlər də fəaliyyətini dayandırıb”.

Nəzakət Kərimovanın qızı, adına müxtəlif şirkətlər olan Könül Xudiyeva da məhkəmədə dindirilib:

“Bu şirkətləri yaratmaqda məqsədimiz yaşayış tərzimizi yaxşılaşdırmaq olub. Şirkətlərimiz nazirliyin elan etdiyi tenderlərdə qalib olub. Bu işlərin görülməsi üçün anama etibarnamə vermişəm. Anam da mənim adımdan açılan şirkətləri idarə edib. Mənim heç nədən xəbərim yoxdur”.

Hakim Könül Xudiyevadan ixtisası, iş yeri haqda soruşarkən məlum olub ki, ixtisasca psixoloq-pedaqoq-loqopeddir, amma gözəllik mərkəzində işləyir.

Gözdən qaçırmayın:  Gecə klubundakı partlayışla bağlı məhkəmə istintaqı yekunlaşdı: 18 il həbs tələb olundu

Daha sonra məhkəmədə cənazə maşınının sürücüsü olan Ənvər Məhərrəmov dindirilib. Onun adına da şirkətlər yaradılıb. Deyir ki, bu şirkətlərin nə işlə məşğul olmasından da, nazirliyin tenderlərində qalib elan edilməsindən də xəbəri yoxdur. O, əvvəllər taksi sürücüsü olub. Şirkətlər də həmin vaxt yaradılıb:

“Dostum Vüqar bu şirkətləri adıma açmağı təklif etdi. Mənim başım çıxmır, ona dedim ki, problem olmaz? Söz verdi ki, yox, olmayacaq. Ona görə razılıq verdim. Amma işləri bildiyimə görə Vüqarın əmisi Mirsahib görüb. Mənim işlərdən xəbərim olmayıb”.

Mirsahib Həsənov da məhkəmədə dindirilib. O bildirib ki, kitabşünas olsa da, əlil arabalarının alınması məsələsində nazirliklə şirkətlər arasında vasitəçilik edib.

Onun sözlərinə görə, dost-tanışının şirkətləri vardı, o da əməkdaşlıq edib, müəyyən qədər qazanc götürürdü. Bu şirkətlər vasitəsilə xaricdən əlil arabaları alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrə satılıb.

“Mənə bəzən 5 faiz qalırdı, bəzən 10 faiz. Nə olsa, razılaşırdım”, – Mirsahib Həsənov bildirib.

Səlim Müslümovun məhkəməsi sentyabrın 26-da davam edəcək.

Sabiq nazirin işi üzrə bundan əvvəlki məhkəmə iclaslarında şəhid ailələri və müharibə əlilləri üçün evlərin alınması zamanı korrupsiya hallarının üstü açılmışdı.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.

Səlim Müslümovla yanaşı, sabiq Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev də həbs olunmuşdu. Lakin onun haqqındakı cinayət işi sonradan ayrıca məhkəməyə göndərildi. Əjdər Cəbiyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button