Manşet

Əliyev sülaləsinin kadr siyasəti

Azərbaycanın başına gəlmiş bəlaları danışmaqla qurtarmaz

Prezident İlham Əliyevin başına topladığı rəhbər işçilərin vecsizliyindən və əliəyriliyindən əhaliyə etdiyi şikayət və deyinmələr artıq ənənəvi mərasim səciyyəsi alıb. Əhali alışıb ki, dövlət başçısı vaxtaşırı çıxsın ekrana və acizanə bildirsin ki, ay camaat, bilmirəm nə edim, nazirlər, iri dövlət müəssisələrinin rəhbərləri və icra başçıları nəinki vəzifələrinin icrasında bacarıqsızdırlar, həm də rüşvətxor və oğrudurlar.

Bu şikayətnamə səslənəndən sonra əhalinin azca düşünə bilən hissəsi anlayır ki, Dövlət Təhlükəsizlik Xidmətinin qara maskalı əməkdaşları və ya Baş Prokurorluğun işçiləri təşrif buyuracaqlar ya bu rəhbər işçilərin kabinetlərinə, ya da saraylarına və tutub salacaqlar onları layiq olduqları yerə, yəni qoduqluğa.

Təsvir etdiyim və əhalinin artıq adətkərdə olduğu mənzərə cəmiyyətimizə tarixi və təhlili bucaqdan baxan insanı dəvət edir bu təzahürün köklərini arasın: ayə, görəsən nə olub ki, respublikanın ən qüdrətli və ən səlahiyyətli insanı bir ovuc bivec gədanın əlində aciz qalıb?

Sizin həqir bəndəniz bu dünyada o qədər yaşayıb ki, bu məşum təzahürün yarandığı yox, çiçəklənməyə başladığı dövrü və hətta günü öz gözləri ilə görüb.

Bəli, əhvalat vaqe olur şəhri-Bakuda və düz 1969-cu ildə, o vaxt ki, Azərbaycan Sovet Sosialist Respublikasının partiya-dövlət cihazını yoluxmağa başladığı rüşvət mərəzindən sağaltmaq məqsədilə Moskva başbilənləri bu cənub Respublikasına tanıdıqları-bildikləri ən təmiz və bacarıqlı yerli kadrı, yəni yerli DTK-nın sədri yoldaş Əliyev Heydər Əlirza oğlunu təyin etdilər.

Respublika dərindən bir ah çəkdi və gözünü təşviş və həyəcanla zillədi bu yeni rəhbərə. İnsanların xatirəsində hələ də repressiya hadisələri canlı idi, heç kəs bilmirdi ki, Moskva yeni rəhbərə neçə xanimanı və necə uçurmağa icazə verib.

Heydər Əliyevin ilk nitqləri qara camaata böyük ümid verdi. Kişi dedi ki, yerlibazlığa və rüşvətə müqəddəs müharibə elan edir, Leninin xəttindən yarım addım o yan- bu yan çıxana rəhm olmayacaq.

Həqiqətən, xeyli yüksək vəzifəli şəxsin parlaq karyerasına son qoyuldu, bir neçə gurultulu cəza tədbiri həyata keçirildi. Sonra həyat öz təbii axarına qayıtdı…

Bir neçə ildən sonra görməyi və qanmağı bacaran adamlar yeni rəhbərin idarəçilik meyarlarını dərk etməyə başladılar. Açıq söyləmək lazımdır ki, bu meyarlar bir o qədər də qəliz deyildilər. Yerlibazlığa qarşı müharibə iddiası ilə ali vəzifəyə gəlmiş rəhbərin təyin etdiyi çoxsaylı yeni rəhbər işçilərin mənşəyinə baxdıqda zərrəbinsiz də görmək oldu ki, bunların mütləq əksəriyyəti analoqsuz diyarımızın qərb bölgəsindəndirlər. Yəni yerlibazlığa qarşı müharibənin istiqaməti bəlli oldu.

Qaldı rüşvətxorluğa qarşı müharibə, ta bu barədə mən nə isə deməyə acizəm, çünki istedadlı xalqımız xalq şairi Süleyman Rüstəmin “Hörmət görmək istəyən, Azərbaycana gəlsin” misrasını “Rüşvət görmək istəyən, Azərbaycana gəlsin” kimi səsləndirəndə, hamı bir-birinə mənalı-mənalı baxırdı.

Baxırdı, fəqət dillənməyə cürət etmirdi, zira bir neçə dillənmişin dillərini elə kəsdilər ki, camaat yeni rəhbərin siyasi karyerası başlamazdan əvvəl hansı idarədə çalışdığını heç vaxt unutmadı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk zəmanəsində Azərbaycanda rəhbər vəzifələrə təyinatın sarsılmaz meyarları arasında birinci yeri ona şəxsi sədaqət, ikinci yeri istənilən tapşırığın, nə qədər qeyri-qanunu olsa belə, canla-başla icrasına hazırlıq, üçüncü yeri istənilən zülmə baş əymək və mumlayıb susmaq qabiliyyəti tuturdu.

Mütləq onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev MK katibliyi dövründə özünü SSRİ-nin liderliyinə hazırlayırdı deyə, heç vaxt heç kimdən rüşvət almamışdı. Heç vaxt və heç kimdən!

Məhz belə meyarlarla aparılmış seleksiya nəticəsində Heydər Əliyev irəli və yuxarı çəkilib Moskvaya yüksələndə Bakıda Respublika rəhbərliyində qaldı kamran bağırovlar, ayaz mütəllibovlar, həsən həsənovlar, telman orucovlar və sairə qorxaq, cibini güdən və vətənə yabançı partokratlar.

Qarabağ fırtınası başlayanda bu rəhbərlərin idarə etdiyi dövlət gəmisi qayalara çırpılıb yarıya qədər batdı. Azərbaycanın o vaxtkı rəhbərləri İttifaq daxilində müyəssər qanuni müqavimət imkanlarının heç birindən istifadə etməyə özlərində cürət tapmadılar. İş sonda o yerə çatdı ki, küçə adamları gəlib onları hoydu-hoydu ilə vəzifə kabinetlərindən qovub çıxardı.

Nə isə, Azərbaycanın başına gəlmiş bəlaları danışmaqla qurtarmaz, bu bəlalar hələ də davam edir, lakin tariximizin müəyyən mərhələsində yoldaş Heydər Əliyev, bu dəfə cənab və zati-aliləri qismində, dövlət gəmisinin sükanına sahib çıxdı.

Mən xəyal dünyasına qərq oldum: ayə, görəsən bu dəfə onun kadr siyasətinin meyarları dəyişəcəkmi? Axı əvvəlki seçimin nəticəsində təyin olunmuşların 99%-i lax çıxdı!

Bəli, dəyişdi. Meyarların sırasında birinci yerdə qaldı şəxsi sədaqət, lakin ikinci yerə çıxdı iddiaçının tədiyə qabiliyyəti! İkinci meyar oldu üçüncü, üçüncü oldu dördüncü…

Bu seçim meyarları hakimiyyət oğula ötürüldükdən sonra da dəyişmədi. Gavər, vəsiyyət belə edilmişdi.

İndi 18 ildir ki, möhtərəm prezident rəhbər işçiləri bu meyarlar əsasında təyin edir. Təyin edir, onların xalqa və vətənə xidmət edəcəkləri barədə ümidlərini külli-əhli-Azərbaycana bəyan edir, fəqət çe fayda, bu kadrlar öz sələflərinin yolu ilə gedib bütün işləri yarıtmaz icra edirlər.

Daha doğrusu, boyük istedadla oğurlayırlar və xalqın malını qəsb edirlər. Başqa cür desək, xalqın anasını ağladırlar!

İlham Əliyev çox dilxor olur. Deyir oğulamayın, oğurlayırlar. Deyir, multikultural olun, onlar isə yerlibaz və qohumbaz olurlar. Prezident onlardan iyrənir, lakin yenə onları və onlar kimiləri təyin edir.

Bu qəziyyə mənə qanqal toxumu səpib qızılgül bitəcəyinə ümid edən insanın əbəs çabalarını xatırladır.

Belə insana, bağ ona dədəsindən qalmış olsa belə, kənar məsləhət lazımdır. Heyvanat və nəbatat aləmlərini demirəm, insan dünyasını bir az bilən adam lazımdır ki, möhtərəm prezidentə desin: cənab prezident, dənizin suyunun şor olmasını bilmək üçün bir vedrə su içmək lazım deyil, barmağınızı dəniz suyuna batırıb dilinizin ucuna toxundurun, biləcəksiniz ki, bu su içməyə yaramır. Kəmaləddin Heydərov vətən üçün deyil, özü və ailəsi üçün ona tapşırılmış sahələri qarət edir, ona iş tapşırmaq düzgün deyil. Canik “Azalı” söküb dağıdır, ərəb şeyxləri kimi yaşayıb xalqı dövlətimizdən iyrəndirir! Rövnəq Abdullayev qohumlarını başına yığıb mütəşəkkil cinayətkar dəstə kimi SOKARı sökür! Qorxmaz Hüseynov dövlətin və xalqın cibini soyur! Və sairə və ilaxıra! Təyin etdiklərinizin hamısı belədir, çünki seçim meyarları zaydır.

Bunu bilmirsiniz? Ola bilər, neynək, fərz edək ki, sizə deməyiblər, bilmirsiniz.

Amma indi bilməyə məcbursunuz, çünki bu məqalə çıxandan sonra sizin bu gülmə-şəkər kadrlar həqir bəndənizə hücum edəcəklər, ola bilsin, öldürtdürəcəklər.

Xahiş edirəm mənim gələcək qətlimi adları yuxarıda çəkilmiş şəxslərin öz cinayətlərinin Azərbaycan Respublikasının Baş Prokuroluğuna etirafı kimi qəbul edəsiniz…

Müəllif: Zərdüşt Əlizadə

Mənbə: “Meydan Tv”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button