SEÇMƏ

Ən bahalı yarışlardan biri başlayır

Qətərdəki mundialda Rusiya olmayacaq, ABŞ-la İran üz-üzə gələcək

Noyabrın 20-də dünyanın bütün futbol azarkeşlərinin diqqəti Qətərdə start götürəcək dünya çempionatına yönələcək. 2018-ci ildə Rusiyada keçirilən, Fransa milli komandasının dünya çempionu olduğu sonuncu mundialdan sonra çox şey dəyişib, həm futbolda, həm də, başqa sahələrdə. Qətərdəki dünya çempionatı başı Ukrayna ilə müharibəyə qarışan, FİFA, UEFA tərəfindən cəzalara məruz qalan Rusiyasız keçiriləcək. Ümumiyyətlə, noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək DÇ-2022 ilə bağlı xeyli maraqlı məqamlar var.

Ərəblərin ilk dünya çempionatı

2022-ci il dünya çempionatının final mərhələsinin oyunları 5 şəhərdə – Doha, Ər-Rayyan, Lusail, Əl Khor və Əl Vakrada, 8 stadionda keçiriləcək. Bütün arenalar 2021-ci ildə istifadəyə verilib. Bu, ərəb ölkələrində keçirilən ilk dünya çempionatıdır.

Futbol üzrə 22-ci dünya çempionatı tarixin ən bahalı yarışlarından biri olacaq. Xarici mətbuatın məlumatına görə, DÇ-2022-nin təşkilatçılığına 200 milyard dollardan çox vəsait xərclənib.

Niyə qışda?

Dünya çempionatı tarixi ərzində ilk dəfə qışda keçiriləcək. Bunun əsas səbəbi Qətərdə yayın həddən artıq isti keçməsidir. FİFA və UEFA havanın temperaturu 50 dərəcəyə çatanda oyunların keçirilməsini qeyri-mümkün hesab edib.

Qətərdə dünya çempionatının keçiriləcəyi bütün stadionlar açılan dam örtükləri və kondisionerlərlə təchiz olunub.

Qruplar, təqvim

Qətərdəki dünya çempionatında 32 milli komanda iştirak edəcək. DÇ-2022-nin final mərhələsinin püşkatma mərasimi 2022-ci ilin 1 aprelində keçirilib. 32 komanda 8 qrupa bölünüb. Hər qrupdan ən güclü iki komanda pley-off mərhələsinə çıxır. Dünya çempionatının yarımfinalında uduzan komandalar üçüncü yer uğrunda görüşdə öz aralarında oynayacaqlar.

DÇ-2022-nin qrup mərhələsinin oyunları noyabrın 20-dən dekabrın 2-dək keçiriləcək. Qətər turnirin ev sahibi kimi dünya çempionatına birbaşa vəsiqə qazanıb.
Mundialın açılış oyunu Qətər və Ekvador milli komandaları arasında, noyabrın 20-də Əl-Hurahdakı “El Bayt” stadionunda keçiriləcək.Qruplarda kifayət qədər maraqlı qarşılaşmalar olacaq. Məsələn, B qrupunda münasibətləri gərgin olan ABŞ-la İran milli komandaları üz-üzə gələcək.

DÇ-2022-nin qrupları:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Uels

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis

E qrupu: İspaniya, Kosta Rika, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, CənubiKoreya

1/8 final: 3-6 dekabr
1/4 final: 9-10 dekabr
1/2 final: 13-14 dekabr
3-cü yer uğrunda oyun: 17 dekabr
Final:18 dekabr

DÇ-2022. Mənbə: Marca nəşri

Bilet

2022-ci il dünya çempionatının oyunlarına biletləri FİFA-nın rəsmi saytından əldə etmək olar. Mundialın oyunlarının biletləri satışa çıxarılıb.

Gözdən qaçırmayın:  İranda sentyabr ayında başlayan etirazlar davam edir

Nəqliyyat

Qətərdəki dünya çempionatı zamanı ictimai nəqliyyat “Hayya” kartı olan azarkeşlər üçün pulsuz fəaliyyət göstərəcək.

Daha rahat səfərlər üçün taksi mövcuddur. Avtomobil sifariş etmək üçün mobil proqramlardan istifadə etmək mümkün olacaq. Minimum qiymət: ilk 5 kilometr daxil olmaqla 3 dollardan (qiymətlər dünya çempionatı dövründə arta bilər) başlayacaq.

Qətərdə elektrikli skuter icarəsi də mövcuddur. Ödəniş dəqiqə və ya saat hesabı olmaqla, mobil proqram vasitəsilə, kartla həyata keçirilir.

Spirtli içki, qadağalar

Dünya çempionatı zamanı fan zonalarında və azarkeş festivallarında spirtli içkilər satılacaq. Həmçinin, azarkeşlər fan zonalarda musiqi dinləyə biləcəklər.

Qətərə səyahət etməzdən əvvəl spirtli içkilərlə bağlı bəzi məhdudiyyətləri bilmək vacibdir:

İctimai yerlərdə spirtli içkilərin içilməsi qadağandır. Qaydanı pozanlar cəzalandırılır;

Spirtli içkilər yalnız 21 yaşdan yuxarı şəxslər tərəfindən, lisenziyalı restoran (pab) və otellərdə alına bilər (pasportun olması vacibdir);

İnsanların özləri ilə spirtli içki gətirməsi qadağandır: yük yeri yoxlanılır. Ona görə də, hətta bir şüşə spirtli içkiylə də Qətərə buraxılmayacaqsız.

Dünya çempionatının oyunları zamanı stadionlarda yalnız alkoqolsuz pivə satılacaq. Eyni zamanda, azarkeşlər arenaların ərazilərində matçlardan əvvəl və sonra spirtli içkilər ala biləcəklər.

DÇ-2022, stadionlar. Mənbə: Marca nəşri

DÇ-2022-yə hazırlıq üzrə təşkilat komitəsinin sədri Nasser Əl-Xatər daha əvvəl bildirmişdi ki, yarış zamanı Qətərdə azarkeşlər üçün ayılma stansiyaları quraşdırılacaq.

Milyard dollarlıq çempionat

FİFA-nın məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu 440 milyon dollar təşkil edəcək. Eyni zamanda, hər milli komanda dünya çempionatına hazırlaşmağa görə 1,5 milyon, dünya çempionatının qrup mərhələsində iştiraka görə isə 9 milyon dollar alacaq.
Dünya çempionatının qalibi rekord məbləğ – 42 milyon dollar qazanacaq.

DÇ-2022-nin pul mükafatının qalan hissəsi aşağıdakı kimi bölüşdürülür:
2-ci yer – 30 milyon dollar;
3-cü yer – 27 milyon dollar;
4-cü yer – 25 milyon dollar;
5-8-ci yerlər — hər komanda üçün 17 milyon;
9-16-cı yerlər – hər komanda üçün 13 milyon.

FİFA həmçinin, futbolçuları dünya çempionatında mübarizə aparacaq klublara əlavə olaraq 209 milyon dollar təzminat ayırıb.

“Totalsportal”ın məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatı üçün ödənişlərin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edəcək.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button