Loading...
Loading...
SEÇMƏ

Əvəz Zeynallı təqsirləndirilən şəxs oldu

Yayımlandı: 10 Sentyabr 2022 22:43

Vəkil barəsində də eyni maddənin irəli sürüldüyü haqda məlumatlar var

“Xural TV” internet kanalının baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham verilib. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib.

Meydan TV-nin prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, vəkil Elçin Sadıqov barəsində də eyni maddə irəli sürülüb. Hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Ailəsində bununla bağlı hər hansı məlumat yoxdur.

Baş Prokurorluq sentyabrın 10-da Əvəz Zeynallının ofisində, Elçin Sadıqovun isə evində və ofisində axtarış aparıb.

Axtarışların “haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayevin yazdıqları əsasında həyata keçirildiyi bildirilir.

Eynulla Fətullayev Əvəz Zeynallının həbsdə olan “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia edib. O, Əvəz Zeynallıya məxsus olduğunu iddia etdiyi səs yazısı yayıb. İş adamının vəkili Elçin Sadıqov isə açıqlama verərək, müdafiə etdiyi şəxsin ailəsindən rüşvət alınmadığını deyib və Eynulla Fətullayevin fikirlərini yalanlayıb. Əvəz Zeynallı da ona böhtan atıldığını deyib. Bundan sonra Baş Prokurorluq məlumat yayaraq, Əvəz Zeynallı ilə bağlı deyilənlərin araşdırıldığını bildirib. Eynulla Fətullayev isə Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasına şikayət etdiyini yazıb.

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Meydan TV

Gözdən qaçırmayın:  Əvəz Zeynallının saxlanıldığı bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button