2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ədliyyə Nazirliyi Avropa Məhkəməsinə şikayət edənləri necə aldadır?

Yaşar Ağazadə: “Avropa Məhkəməsindəki şikayətini geri götürmək istəməyənlərə isə müxtəlif təzyiqlər edilir, onlar polis bölmələrinə çağrılıb hədələnir”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının qeydiyyatı məsələsində problemlər illərdir ki, beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Hətta Avropa İnsan Haqları Məhkəməsinin də bu problemlə bağlı Azərbaycana qarşı bir neçə qərarı var. Amma belə görünür ki, rəsmilər problemi aradan qaldırmaq əvəzinə, onu daha da dərinləşdirmək yolunu tutublar.
QHT-lərin dövlət qeydiyyatını həyata keçirən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müxtəlif bəhanələrlə təşkilatları qeydə almaqdan imtina edir, qeydiyyat sənədlərini geri qaytarır. Elə QHT təsisçiləri var ki, qeydiyyat sənədləri dəfələrlə geri qaytarılıb. Öz hüquqlarını qanun çərçivəsində qorumaq istəyən təşkilat rəhbərləri isə problemi məhkəmə müstəvisinə çıxarır.
Qeydiyyat problemi ilə üzləşən təşkilat rəhbərlərinin bir çoxunun hüquqlarını məhkəmələrdə müdafiə edən hüquqşünas, Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsinin sədri Yaşar Ağazadə deyir ki, məhkəmələr bu məsələlərdə Ədliyyə Nazirliyinin əleyhinə qərar çıxarmağa cəsarət etmir.

Məhkəmələr Ədliyyə Nazirliyindən qorxur

Hüquq müdafiəçisinin sözlərinə görə, uzun illərdir Azərbaycanda QHT-lərin qeydiyyatdan keçirilməməsinin iki əsas səbəbi var. Bu səbəblərdən biri qanunvericilikdə kifayət qədər boşluqların olmasından qaynaqlanır: “Qanunda göstərilib ki, hər bir təşkilatda çatışmazlıq bir dəfə istinad edilib geri qaytarıla bilər. Amma elə təşkilatlar var ki, onların sənədləri artıq 12, 13, 15-ci dəfədir ki, geri qaytarılır. Belə QHT-lər məhkəmələrə müraciət edirlər. Ancaq məhkəmə sədrləri Ədliyyə Nazirliyi tərəfindən seçildiyindən onların şikayəti təmin olunmur. Nəzərə almaq lazımdır ki, Ədliyyə naziri həm də Məhkəmə-Hüquq Şurasının sədridir. Bu qurum məhkəmələrin seçim və təyinatında ciddi rol oynayır. İndiyə qədər bircə dəfə də məhkəmələrin QHT-lərin Ədliyyə Nazirliyinə qarşı şikayətini təmin etməsinin şahidi olmamışam”.
Hüquqşünasın sözlərinə görə, bu ilin əvvəlindən Avropa Məhkəməsi birləşmək azadlığının pozuntusu ilə bağlı Azərbaycandan göndərilən 40-a qədər QHT-nin qeydiyyat problemi üzrə kommunikasiyalara başlayıb: “Şikayətlərdə əsasən Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək azadlığı hüququ) maddələrinin pozuntusu qoyulur. Şikayətçilər təsisçisi olduqları QHT-lərin Ədliyyə Nazirliyi tərəfindən təsis sənədlərində çatışmazlıq olması əsası ilə qanunsuz olaraq dəfələrlə geri qaytarılmasını, bu pozuntularla bağlı verdikləri şikayətlərin ədalətli araşdırılmadığını iddia edirlər. Avropa Məhkəməsinin vətəndaşların birləşmək azadlığının pozulmasının səbəbləri ilə bağlı hökumətə ünvaladığı suallara isə cavab əsasən belə olur ki, “vətəndaşlar sənədlərini sonadək qanunvericiliyin tələbinə uyğunlaşdırıb müvafiq icra hakimiyyəti orqanına təqdim etməyib”. Hərçənd, elə QHT rəhbərləri var ki, son on ildə sənədləri dəfələrlə tələb olunan şəkildə hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etsələr də, dövlət qeydiyyatına alınmayıb. Eyni zamanda, Azərbaycan məhkəmələri də qeyd etdiyim səbəblərdən birləşmək azadlığının pozuntusu ilə bağlı iddialarda qeydiyyat orqanının xeyrinə qərar çıxarırlar. Ona görə də biz ölkədə müdafiə imkanları tükəndikdən sonra Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalırıq”.

Avropa Məhkəməsində Azərbaycanda QHT-lərin qeydiyyatı problemilə bağlı 100-dən çox şikayət var

Yaşar Ağazadə deyir ki, Avropa Məhkəməsi qeydiyyat problemi ilə bağlı şikayət üzrə kommunikasiyaya başlayıb, dövlətə sorğu göndərəndən sonra Ədliyyə Nazirliyi şikayətçi olan QHT təsisçiləri ilə razılığa gəlməyə çalışır: “Hazırda ərizəsi Avropa Məhkəməsinin icraatında olan təsisçilərdən bəziləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə dəvət olunaraq, təşkilatın qeydiyyat məsələsini həll edilməsinə çalışırlar. Əgər təsisçilər razılaşırsa, onların təşkilatı qeydiyyata alınır. Özü də bu dəfə qeydiyyat üçün onların illərlə toplayıb təqdim etdikləri sənədlər lazım olmur, tək şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Qeydiyyatdan sonra isə həmin təsisçilərdən tələb edilir ki, Avropa Məhkəməsində olan şikayətlərini geri götürsünlər. Artıq bununla razılaşan 10-dan artıq təşkilatın təsisçiləri iddialarını geri götürüblər. Amma bu zaman da bəzən təsisçilər aldadılır. Təşkilatlar təsisçilərin ilkin sənədlərdə göstərdikləri adla yox, Ədliyyə Nazirliyinin özünün müəyyən etdiyi adla qeydiyyata alınır. Avropa Məhkəməsindəki şikayətini geri götürmək istəməyənlərə isə müxtəlif formalarda təzyiqlər edilir. Həmin vətəndaşlar polis bölmələrinə dəvət edilərək hədələnir, yaxın ətrafına təzyiq edilir. Təşkilatın qeydiyyatı ilə razılaşan bəzi vətəndaşlar da, məhz bu təzyiqlərdən yaxa qurtarmaq üçün bu addımı atırlar”.
Hüquq müdafiəçisi onu da əlavə edir ki, Azərbaycanda QHT-lərin qeydiyyatdan keçməsi və normal fəaliyyət göstərməsi getdikcə daha da çətinləşir: “Artıq qeydiyyata alinmayan QHT-lərin Avropa Məhkəməsinə müraciətləri kütləvləşib. Avropa Məhkəməsində Azərbaycandan bu problemlə bağlı göndərilmiş 100-dən artıq şikayət var. Onlardan 40-a yaxını üzrə kommunikasiya başlayıb, digərləri üzrə yaxın zamanlarda hökumətlə kommunikasiyalar başlayacaq. Belə bir durumda hakimiyyət qeydiyyat sistemini sadələşdirmək əvəzinə, şikayətləri geri götürmək üçün təsisçilərə müxtəlif vasitələrlə təzyiq edilir. Bu da göstərir ki, hakimiyyət Avropa Məhkəməsində olan şikayətləri minimuma endirmək üçün bütün dövlət sturkutrularını hərəkətə gətirib”.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button