2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əliyevin xatırlamaq istəmədikləri

Ölkə başçısı AXC hakimiyyətini hədəf seçərkən, nələri unudur?

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. Mərasimdə çıxış edən ölkə başçısı İlham Əliyev Heydər Əliyevin gördüyü böyük işlərdən danışıb, onun fəaliyyəti nəticəsində bütün sahələrin sürətlə inkişaf etdiyini bildirib və Heydər Əliyevin Azərbaycanı bütövlükdə işğal olunmaq təhlükəsindən xilas etdiyini söyləyib.
Əlbəttə ki, həmişə olduğu kimi bu dəfə də ölkə başçısı sevimli tezislərini işə salıb, AXC-Müsavat hakimiyyəti dövrünə ekskurs eləyib: “AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi”- deyə ölkə başçısı bildirib.
Deyirlər, həqiqət çox acı olur. Ona görə də ölkə başçısı həqiqətləri xatırlamamğa qərar verib və tarixi özünə sərf edən formada təftiş etməyə girişib. Analoqsuz ölkənin analoqsuz rəhbərinə xatırlatmaq istəyirik ki, Azərbaycanın 6 rayonu məhz Heydər Əliyevin hakimiyyəti dövründə işğal edilib. Daha sonra xatırlatmaq zərurəti duyuruq ki, AXC hakimiyyəti dövründə hakimiyyəti qorumaq naminə milyardlar talan edilməmişdi, günahsız adamlar şərlənərək həbs olunmamışdı, dövlətin əsas strukturları xəyanət yuvasına çevrilməmişdi. Bəlkə də İlham Əliyev yaddaşından silib, amma biz yadına salmaq istəyirik ki, təhlükə mənbəyinə çevrilmiş MTN, AXC hakimiyyətinin əsəri deyil. Heç Eldar Mahmudov, Hacı Məmmədov da Elçibəyin kadrı olmayıb. Yaxud, Avropalı deputatlara kürü paylayan, offşorlara milyardlar daşıyan, ermənipərəstlərə dost əli uzadan, erməniyə atalıq edən Rusiya qarşısında təzim edən də AXC hökuməti olmayıb.
Ölkə başçısı “Orda torpaqlar əldən gedirdi, burda laxlayan hakimiyyətlərini qorumaq üçün Gəncəni bombalayırdılar” deyir. Sanki, YAP hakimiyyətinin taktikasını AXC hakimiyyətinin adına yazmağa cəhd edir. Bəli, dövlətin təhlükəsizliyini heçə sayıb, müxalifətçiləri güdməklə məşğul olan bu hakimiyyətdir. Qarabağ qazilərini intihar həddinə çatıdırıb, ermənilərə pulsuz qaz verən bu hakimiyyətdir. Qondarma erməni soyqırımını tanıyan ölkələrdə milyardları havaya səpən, erməniləri Bakıda gül-çiçəklə qarşılayan bu hakimiyyətdir.
Bugünlərdə rəsmən etiraf edildi ki, Azərbaycan ordusunun 47 hərbçisi düşmənə işləyirimiş və buna görə də həbs olunublar. İlham Əliyevə xatırlatmaq istəyirik ki, bu dəhşətli hadisə AXC hakimiyyəti dövründə baş verməyib.
Vətəndaşı 116 manat minimum əməkhaqqına möhtac qoyub, ölkədən 95 milyard dolllar çıxaran da AXC hakimiyyəti deyil. AXC hakimiyyəti dövründə prezidentin, nazirlərin saysız-hesabsız bankları, holdinqləri, avtomobilləri yox idi. Həmin dövrdə müəllimi seçki saxtakarına, həkimi cəllada, məhkəməni şər aparatına çevriməmişdilər. Bir illik hakimiyyət dövründə Azərbaycanın adı korrupsiya layihələrində, Azərbaycan məmurlarının adı çirkli əməkdaşlıqlarda hallanmadı.
Hakimiyyəti saxlamaq üçün müxalif düşüncəli insanları şərləyərək həbs etmək, ləyaqətli adamları şantaj etmək, insanların cibinə narkotika atmaq, əqidəli müəllimləri işdən çıxarmaq bu hakimiyyətin ənənəsidir. Hakimiyyəti saxlamaq naminə Xocalı soyqırımını, 20 yanvar faciəsini törətmiş, Qarabağın işğalına birmənalı dəstək vermiş Rusiyanın əlaltısına çevrilən də bu hakimiyyətdir.
Təbii ki, AXC hakimiyyətin istənilən qədər tənqid etmək olar və həmin hakimiyyətin xeyli çatışmazlıqları var idi. Amma AXC hakimiyyətini, ondan yaxşı olan hakimiyyət tənqid edə bilər. Ölkəni obyektə çevirib, vətəndaşı qul kimi işlədən bir rejimin, AXC hakimiyyətini tənqid etməyə heç bir haqqı yoxdur. AXC hakimiyyəti dövründə vətəndaşın kasıb yaşamasını başa düşmək olar. Amma YAP hakimiyyəti dövründə bu ölkəyə 100 milyardlarla vəsait axıb və bunun qarşılığında vətəndaş dilənçiyə çevrilib, məmur banklarının əsarətində qalıb, monopoliyanın qurbanı olub və.s Əgər Əliyevlər hakimiyyəti dövründə bir qarış torpaq işğaldan azad olunmayıbsa, atəşkəs dövründə minlərlə hərbçimiz həlak olubsa, İlham Əliyev hansı uğurlu diplomatiyadan danışır? Aprel ayında zəfər yürüşünə çıxmış ordunu Ermənistanın xahişi ilə durduran, məğlubiyyət sülhünə yenidən imza atan İlham Əliyev deyilmi?
Ölkə başçısına onu da xatırlatmaq istəyirik ki, xalqın sevgisindən arxayın olan hökumət seçkiləri 100 faiz saxtalaşdırmaz, rüsvayçı karusel əməliyyatlarına imza atmaz, rəqiblərinin səsini oğurlamaq üçün çeşidli iyrəncliklərə rəvac verməz. Yeri gəlmişkən, AXC hakimiyyəti dövründə mandat alveri də olmayıb. Amma faktlarla sübut olundu ki, YAP yetirmələri “millət vəkili” adını satışa çıxarıblar. AXC hakimiyyətinin başçısı yumurtanın qiymətini 5-3 qəpik endirməklə qürrələnmirdi, müəllimləri, həkimləri kommunal xərclərdən azad edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev daha sonra deyir: “Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz”
Əvvəla qeyd edək ki, dünyanın heç bir normal ölkəsində müxalifəti “ünsür”. “zəhər buraxan”, “vətən xaini” adlandırmırlar. Əksinə, normal hökumətlər ölkəsində güclü müxalifətin olmasını, müxalifətə geniş imkanlar yaradılmasını pozitiv hal kimi təqdim edir. Ölkə başçısının təkcə müxalifətə münasibətdə dedikləri göstərir ki, bu komandanın dövlət idarəçiliyindən, siyasətdən, normal ölkə standartlarından xəbəri yoxdur.
Mitinqlərdə iştiraka gəlincə, ölkə başçısına sual ünvanlayırıq. Niyə mitinq öncəsi fəalları həbs edirsiniz, niyə büyün ölkə boyu mitinqə gələnlərin qarşısını almağa çalışırsız, mitinq günü müəlimləri işə, tələbələri dərsə çağırırsınız? Niyə mitinqə gələnləri bir-bir təftiş edib, iş yerindən çıxarmaqla hədələyirsiz? Niyə adamalrı mitinqdən yayındırmaq üçün sosial şəbəkələrdə min cür təxribata əl atrsız?
Həqiqətən də mitinqə gələnlər müxalifətçilərin qohum-əqrabasıdırsa, niyə bu qədər qorxuya düşürsüz? Niyə bazar günü mitinq keçirilməsinə imkan vermirsiz, niyə başqa yerlərdə mitinq keçirilməsinə imkan yaradılmır, niyə müxalifət partiyasının şöbələrinə hansısa çayxanada, qapalı məkanda müşavirə keçirmək qadağası qoyulub? Bir halda ki, mitinqə gələn yoxdur, imkan verin müxaifət ifşa olunsun. Bazar günü mitinqlərə razılıq verin, anti-mitinq fəaliyyətini dayandırın və reallığı bütün dünyaya göstərin. Təbii ki, hakimiyyət bunu edə bilməz, çünki xalqın nifrətindən xəbərdardı. Başa düşürlər ki, bu qədər anti-mitinq fəaliyyətindən sonra minlərlə insan meydana axışırsa, normal şəraitdə yüzminlər iştirak edəcək. Əliyev hakimiyyəti müxalifətdən qorxmasaydı, bugün AXCP-nin 10-dan artıq funksioneri həbsdə olmazdı, 100-dən artıq siyasi məhbus zindan həyatı yaşamazdı. Ölkə başçısına onu da xatırlatmaq istəyirik ki, indi internet əsridir, mitinq meydanından canlı yayımlar edilir, fotolar paylaşılır və hamı mitinqdə nə qədər adamın iştirak etdiyindən xəbərdar olur. Mitinq analoqsuz inkişaf deyil ki, şişirdilmiş rəqəmləri xalqa sırımaq olsun. Yaxud, 85000 iş yeri deyil ki, adamların saymaq imkanı olmasın.
Nəhayət, demək istəyirik ki, müxaifətin funkisyası ölkəni zəhərləyənlərə qarşı mübarizə aparmaqdı. Vətəndaşı zəhərləyib intihar həddinə çatdıran, təhsili zəhərləyib savadsızlıq yaradan, səhiyyəni zəhərləyib xəstəlik yayan, dəyərləri zəhərləyib, dəyərsizliyi zirvəyə çıxaran bu hökumətin kadrlarıdı. Ona görə də ölkə başçısı güzgünü sındırmaq əvəzinə, komandasının üst-başını düzəltməyə çalışmalıdır. Keçmişin qeybətini eləmək, bu günün eybəcərliklərini gözəlləşdirə bilməz.

Akif

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button