Loading...
Loading...
Sosial

12 şadlıq evinin sahibləri saxlanıb

İki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanıb, 12 obyekt sahibi saxlanıb, 21 obyekt sahibi cərimələnib

Bu barədə bugün, iyulun 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib.

Bu da deyilir ki, bəzi şadlıq saraylarında toyların təşkili zamanı “icaze.e-gov.az” portalından qeydiyyatdan keçilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bir sıra şəxslərin vaksinasiya olunmalarını təsdiqləyən sənədin olmaması müəyyən edilib.

Açıqlamaya görə, son 3 gündə paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb:

“Nəticədə 12 şadlıq sarayında (“Gülüstan”, “Golden Baku”, “Billur”, “Kral”, “Aura”, “SS Hall”, “Ərzurum”, “Neon Palace”, “Kleopatra”, “Sevən ürəklər”, “Xan bağı”, “Şuşa”) xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması müəyyən edildiyindən Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar. ”

Ağır cərimələr

Bu maddədə söhbət karantin rejiminin pozulmasının xəstəliklərin yayılmasına səbəb olmasından və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasından gedir.

Orada 2500 manatdan 5000 manatadək cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Açıqlamaya görə 4 şadlıq sarayı, 1 restoranda isə (“Yeganə”, “Amor”, “İdeal”, “Retro”, “Səda”) qayda pozuntularına görə, protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib:

“Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib.”

“Toylara polisin müdaxilə etməməsi üçün… ”

Bu açıqlamaya, hələlik,sözü gedən qurumlardan və onların məsuliyyətə cəlb edilən nümayəndələrindən münasibət almaq mümkün olmayıb.

Amma bu günlər bəzi sosil şəbəkə istifadəçiləri yazıblar ki, “toylarda polisin müdaxilə etməməsi üçün, 300-500 və ya hər yer üçün 5 manat istənilməsi haqqında söz-söhbət var”.

Lakin Daxili İşlər Nazirliyindən belə iddiaları rədd ediblər.

Azərbaycanda koronavirus pandemiyası üzündən ötən ilin martından karantindir.

Bu il iyulun1-dən müəyyən qaydalar çərçivəsində toyların keçirilməsinə icazə verilib.

24 saat” “12 şadlıq evinin sahibləri saxlanıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button