2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

20 yanvar hadisələrindən 27 il ötür — Faciənin yaranma səbəbləri, baş verən hadisələr və nəticələri

SSRİ-i dağılmaq üzrə idi. Sovet ölkələrində müstəqillik duyğuları baş qaldırıb, milli hərəkatlar başlamışdı. Digər sovet ölkələrində olduğu kimi Azərbaycanda da Xalq Cəbhəsi meydanlara çıxmışdı. Sovet rəhbərliyi SSRİ-ni güc vasitəsi ilə qorumağa çalışdı. Bu isə faciələrə səbəb oldu.

Bu faciələrdən biri də Azərbaycanda yaşandı.

Ölkə.Az 20 yanvar faciəsi, faciənin yaranma səbəbləri, baş verən hadisələr və nəticələri barədə araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin yazısını sizə təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Faciənin baş verməsinə səbəb yaradan proseslər

1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etdi. Həmin qərara uyğun olaraq cəmi 42 günlük bir dövrdə Dağlıq Qarabağdakı bütün müəssisələr və təşkilatlar Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Dağlıq Qarabağdakı bütün rayon-partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildikdən sonra Muxtar Respublikanın ərazisindəki Azərbaycan bayraqları, gerbi, blankları, qəsəbə və şəhər adları ləğv edildi, DQMV-nin ərazisində Ermənistan bayrağı qaldırıldı. Çox keçmədən Dağlıq Qarabağın Ermənistanla birləşməsinə həsr edilmiş “Arsax” medalı təsis edildi və Vilayətin suverenliyinin tanınması üçün bir sıra addımlar atıldı. Təsadüfi deyildi ki, məhz bunun nəticəsində Azərbaycanda vəziyyət böhran halını aldı, Moskva Azərbaycanda demokratik hərəkata divan tutmaq üçün zəmin hazırlamağa başladı.

Yanvarın 3-dən 6-na qədər Bakıda olan Moskva nümayəndələri Barannikov, Ludayuskas, Babkov və başqaları məxfi olaraq Gəncəyə gedir, SSRİ müdafiə naziri Yazov tərəfindən orada qəbul edilən, xüsusi tapşırıqlar alan və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının planı hazırlanır.

Azərbaycan rəhbərliyinin müstəqil siyasi xəttinin və dəqiq, sabit mövqeyinin olmaması Moskvanın respublikada həyata keçirmək istədiyi “siyasətin” reallaşmasına şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə cavab olaraq yanvarın 13-14-də Bakının bəzi yerlərində ermənilərin təqib olunması mərkəz tərəfindən bütün təfsilatına qədər düşünüldü, taktiki baxımdan hərtərəfli hazırlanan təxribatın həyata keçirilməsi üçün zəmin yaratdı.

15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilib. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00:00 radələrindən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul edib.

Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulub, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Xalq Cəbhəsinin bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə müqavimət göstərməyi məsləhət görürdü. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq, Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.

Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu.

Öldürülənlərin arasında 5 millətin nümayəndələri var idi. Hətta vəhşiliklərinin izini itirmək üçün meyitləri yandırıb, gizlədirdilər. Məhz buna görə, respublikada yüzlərlə adam itmiş hesab olunur. “Qanlı Yanvar”ın indiyənədək özündə saxladığı sirlər çoxdur. Bakıya yeridilmiş qoşun kontengentinə (bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı)  “döyüş tapşırığı”nı yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.

Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə ünsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olmasınlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “pantürkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keçiriblər, ona görə də, onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq, şəhərə hücum edən əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra, 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdir.

Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da, yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Azərbaycan xalqının demokratiya əzmini qırmaq cəhdi
dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzər neft donanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq, gülləboran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq, bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20:30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi surətdə zədələnmişdi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qalmışlar.

Azərbaycan Ali Sovetində olan sənədlərdən məlum olur ki, Yanvar faciəsindən dərhal sonra, yəni yanvarın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 160 deputatın müraciətinə əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılmış və orada bir sıra sənədlər qəbul edilmişdir: “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında” Ali Sovetin qərarına Bakıya qoşun yeridilməsi “Azərbaycan SSR-nin suveren hüquqlarının açıq-aşkar tapdalanması”, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Sovetin Rəyasət Heyətinin 1990-cı il yanvar fərmanı “təcavüz aktı”, “Azərbaycan xalqına qarşı cinayət” kimi qiymətləndirilmişdir. Qərarda həmin fərmanın icrası “DQMV və Ermənistanla qonşu rayonların sərhəd zolaqları istisna edilməklə hər yerdə dayandırılmış”, “Bakı şəhərindən və respublikanın rayonlarından qoşun hissələri və bölmələrinin çıxarılması tələb edilmişdi”. 1990-cı il fevralın 11-də Yanvar faciəsini təhqiq edən deputat-istintaq komissiyasının respublika Ali Sovetinin Rəyasət heyətinin iclasında bəyənilmiş bəyanatı verildi. Bəyanatda yanvarın 20-də baş vermiş hadisələrin təhqiq edilməsi üçün SSRİ Ali Sovetinin deputat komissiyasının yaradılması, hadisədə günahkar şəxslərin məsuliyyəti məsələsinə baxılması SSRİ Ali Soveti Rəyasət heyətinin 1990-cı il 15 yanvar tarixli fərmanında nəzərdə tutulmayan Azərbaycan SSR şəhərlərində və rayonlarında 19 yanvar fərmanının qüvvəsinin dayandırılması, ittifaq orqanlarından respublikaya dəymiş zərərin ödənilməsi haqqında müvafiq qərar qəbul olunması tələb olunurdu. Lakin bu tələblər keçmiş Sovet İttifaqı rəhbərliyi tərəfindən yerinə yetirilməmiş, qoşunlar respublikada saxlanmışdır.

20 yanvar faciəsi və erməni yalanları

1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı Bakı küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Maraqlısı budur ki, “20 yanvar” faciəsi azərbaycanlılara qarşı törədiləsə də, yalan informasiya sahəsində “ixtisaslaşmış” erməni “mediabazlar”ı “soyqırım” azarına tutulmuş və yaxud yoluxdurulmuş sadə erməniləri aldatmaqla kifayətlənmir, eyni zamanda, dünya ictimaiyyətində özlərinin psevdofaciələrinə mərhəmət hissi oyatmağa və ondan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onların bütün bu cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır. Bu yaxınlarda ermənilər dünya mediasında saxta siyahı hazırlayıb paylaşırlar ki, guya 20 yanvar hadisələrinin əsas mahiyyəti rus qoşunlarının “erməniləri xilas etməsi” olub. Bir faktı qeyd edək ki, 20 yanvar faciəsinə yaxın bir gündə, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir qrup üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib. Amerikalı senatorların müraciətində son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə, son hadisələr nəticəsində 4000-ə qədər erməni qaçqın vəziyyətinə düşüb.

Bu məktubun yazılma tarixi və müraciət bir fikrə gəlməyə əsas verir: “Moskva Amerikanın təkidi ilə Bakıya qoşun yeridərək ermənilərin qısasını alıb! Faciənin əsas günahkarları tək Moskva deyil. Vaşinqton da eyni dərəcədə günahkardır”.

Bu işin icra olunması Amerikada erməni lobbisi və Moskvada oturan ermənipərəst vəzifələrin sayəsində olub. Bu qisas əməliyyatı olub və Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilib.

“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında yazılır: “Hücumdan öncə əsgərlərə deyilib: “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar””.

Bu isə tərpənən hədəfi vurmaq anlamına gəlir ki, heç bir şəxsə güzəşt olmayacağı izahını verir. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə, 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Və bu qırğının daha bir məqsədi- işğal faktoru medianın diqqətindən qaçır.

“20 Yanvar” faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının düşmən Ermənistan ilə sərhədlərində baş verən hadisələr, 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndlərinin yanvarın 19-da səhər təxminən saat 11:00 radələrindən etibarən daha intensiv hücumlara məruz qalması, Şərur rayonunun Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunması kimi faktları da unutmaq lazım deyil.

Hadisədən dərhal sonra isə ermənipərəst medialar yalan fotolar və məlumatlarla diqqəti başqa istiqamətə yönəltməyə çalışıb. Fikir verin, erməni mediası nə yazır: “Azərbaycanlı oğlanlar erməni qızını gecə saat 2-də gəzdiyi zaman, əlləridən tutub, zorla zibil qutusuna atıb, od vurub yandırdılar” – çox qəribə məntiqdir. Gecə saat 2-də erməni qızı küçədə gəzir və onu tutub yandırırlar. Və əgər yandırılan hər hansısa bir erməni qızı varsa da, niyə onun adı yoxdur?! Xəyali bir erməni qızı! Bax bu, bir daha sübut edir ki, erməni xəstəliyi onların bütün gözünü kor edib, öz gördükləri işi bizim üzərimizə atırlar.

Hələ bu azmış kimi, Ermənistanda yalançı ölülərin anım gününü keçirirlər. 20 yanvar 2015-ci ildə erməni nazir Tiqran Sərkisyan utanmaz-utanmaz bəyanat verib. Bəyanatda həmin gecə “ölən” ermənilərin xatirəsini yaşatmağı erməni xalqı qarşısında vəzifə kimi qoyur.

20 yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməyib.

20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 1949-cu il Cenevrə Konvensiyalarının, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Lakin kütləvi insan itkisi ilə nəticələnən hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayət olan bu qanlı faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.

“Faciənin günahkarları kimdir?” sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Bir faktı qeyd edək ki, 1990-cı ildən 4 il keçəndən sonra Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir.

Lakin bizim əsas hədəfimiz beynəlxalq hüquq normalarına uyğun 20 Yanvara SSRİ-nin o zamankı rəhbərliyinin təcavüz faktına qiymət verilməsidir.

Bakıya qoşun yeridilməsi və fövqəladə vəziyyət haqqında yanvarın 19-da imzalanan və faktiki olaraq cinayət baş verəndən sonra, 20-si səhər rəsmən elan edilən fərman həm SSRİ Konstitusiyasının (maddə 119), həm də Azərbaycan SSR-in Konstitusiyasının (maddə 71), habelə 1966-cı ildə qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (maddə 1), digər beynəlxalq konvensiyaların kobud şəkildə pozulması idi. Azərbaycan SSRİ tərkibində müttəfiq respublika kimi beynəlxalq hüququn subyekti idi və 20 yanvar hadisələri ilə onun suverenliyinə təcavüz edilmişdi.

Hüquqi baxımdan, bu hadisələr BMT Baş Assambleyasının 1974-cü il tarixli Təcavüzün tərifi haqqında Qətnaməsinin 7-ci və 3-cü maddəsi konteksində silahlı təcavüzdür.

Başqa sözlə desək, bu təcavüz aktı SSRİ-nin müvafiq strukturlarının və silahlı qüvvvələrinin öz müqəddəratını təyin edib, milli dövlətçiliyindən məhrum edilmiş və öz dövlətçiliyini bərpa etməyə çalışan bir xalqa özünün “self-determination” hüququnu realizə etməyə zorakı vasitələrlə mane olmasında ifadə olunub.

Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş 20 Yanvar hadisəsi öz qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi. Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi.

1990-cı il yanvarın 22-də baş verənləri araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılmışdı. Qara Yanvar hadisələrinin təhqiqatı ilə məşğul olan bu komissiyanın fəaliyyəti dövründə 2500-dən çox insan dindirildi, ekspertiza keçirildi və hadisənin detalları barədə materiallar toplanıldı. İki il fəaliyyət göstərəndən sonra – 1992-ci ilin yanvarında qurum fəaliyyətini dayandırdı.

1992-ci ilin 19 yanvarında qəbul edilmiş “1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub.

Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib. Cinayəti təzədən araşdırmaq üçün heç bir şey etmək mümkün deyil. 20 yanvarla bağlı cinayət işlərini Moskvadan almaq mümkün olmur. Bu cinayət işlərini Azərbaycana vermirlər.

Təbii ki, beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktını Azərbaycan xalqına qarşı törətdiyinə görə və ya törədilməsində bu və ya digər dərəcədə iştirak etdiyinə görə bütün təqsirli fiziki şəxslər cinayət məsuliyyətinə, bu silahlı təcavüz aktını törətmiş SRRİ dövlətinin hüquqi varisi olan Rusiya Federasiyası isə bir dövlət kimi siyasi və maddi məsuliyyətə cəlb olunmalıdır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Zaur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button