2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ağdərədə tutulan əsgərlə bağlı nə etməli…

Avqustun 25-də Azərbaycanın işğal altında olan Ağdərə (Mardakert) şəhərində mənzillərdən birində Azərbaycan hərbçisi Cəmil Babayevin aşkarlandığı deyilir. Bu barədə xəbəri Qarabağda Azərbaycanın separatçı saydığı qurumun “baş prokurorluğu” yayıb. Hərbçinin elə həmin gün “milli təhlükəsizlik xidməti”nə təslim edildiyi bildirilir. “Artsaxın (Qarabağ) sərhədinin qanunsuz keçilməsi, sözügedən mənzilin azyaşlı sakinlərini öldürmək təhdidi və casusluq” ittihamları ilə cinayət işi açıldığı vurğulanır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə isə C.Babayev Gəncə hospitalının psixiatriya bölməsində müalicə alarkən onu özbaşına tərk edib: “Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”.

Həmçinin bildirilib ki, əsgər haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün bu açıqlamalarla bağlı əsgərin doğmalarından, hələlik, hər hansı açıqlama almaq mümkün olmayıb.

“Separatçı qurum mövcuddur və fəaliyyət göstərir”

Azərbaycan rəsmiləri, o cümlədən də Prezident İlham Əliyev dəfələrlə Qarabağ münaqişəsinin bitdiyini bildirmişdi. Bəs Azərbaycan əsgərini Azərbaycan ərazisində ona tabe olmayan qüvvələr həbs və mühakimə edirsə, münaqişənin həqiqətən bitdiyini söyləmək olarmı?

E.Məmmədov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov “Turan”a bildirib ki, Ağdərə də, Xocalı da, Xocavənd də, Xankəndi də Azərbaycan ərazisidir: “Ancaq çox təəssüf ki, bu gün o ərazilərdə təkcə Rusiya sülhməramlıları dayanmır. Bu gün o ərazilərdə 1991-ci ilin sentyabr ayından mövcud olan separatçı qurum hələ də mövcuddur və fəaliyyət göstərir”.

“Çox təəssüf ki, bu belədir”

Onun sözlərinə görə, eyni zamanda, hələ də Ermənistan dövlətinə məxsus silahlı birləşmələrinin müəyyən hissəsi Azərbaycan ərazilərində qalmaqda davam edir: “Çox təəssüf ki, bu belədir. Bu, faktdır və bunu gizlətmək də mümkün deyil. Rusiya sülhməramlıları öhdələrinə düşəni bu günə kimi etmədilər. 10 noyabr üçtərəfli bəyanata əsasən, onlar etməli idi bunu. Ancaq etmədilər. Əksinə, həmin o cinayətkar, separatçı quruma kimlər aiddirsə sülhməramlılarının gözü qarşısında fəaliyyətlərini davam etdirirlər”.

“Rusiya onların daha da möhkəmlənməsinə yardım edir”

Deputat qeyd edib ki, Azərbaycan vətəndaşını Azərbaycan ərazisində qanunsuz yaşayanların əsir götürməsi dözülməzdir: “Biz doqquz aydan çoxdur gözlədik ki, Rusiya sülhməramlıları separatçıları bizim ərazilərimizdən çıxartsın. Ancaq biz bunun tərsini görürük. Rusiya sülhməramlıları onların orada daha da möhkəmlənməsinə yardım edir”.

E.Məmmədova görə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müstəqil dövlət kimi öz qanunlarına istinad edərək qeyri-qanuni yaşayan və fəaliyyət göstərənləri ərazisindən çıxarmalıdır.

“Niyə indi o Rusiya sülhməramlıları…”

Təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, bu, ilk belə hal deyil: “Azərbaycan tərəfindən ilk belə hal olsa da, onlar tərəfindən sərhədi keçənlərlə bağlı həmişə deyiblər ki, hava şəraiti pis olduğundan yolu azıb Azərbaycan tərəfinə keçib. Rusiya sülhməramlıları danışıqlar aparırdılar və bir-iki sutkadan sonra onlar geri qaytarılıblar. Niyə indi o Rusiya sülhməramlıları danışıqlar aparmır ki, bizim əsgərimiz geri qaytarılsın?”.

İ.İsmayıl

İ.İsmayıl

Ekspert hesab edir ki, Rusiya sülhməramlıları təmas xəttini keçən Azərbaycan əsgərini 24 saat ərzində qaytarmalı idilər: “Əsgərimizə qarşı üç maddə ilə cinayət işi qaldırılıb. Hansı ölkənin maddələridir bu? Tanınmayan bir rejimin nə maddələri ola bilər? Məsələ Rusiya sülhməramlıları qarşısında çox sərt qoyulmalıdır ki, əsgər tezliklə geri qaytarılsın”.

Səslənən tənqidlərə Rusiyanın Azərbaycandakı səfirliyi və başqa aidiyyəti rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadlı rayonu daxil) nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button