SEÇMƏ

Ağsudakı sürüşmə zonalarında yaşayanlar evlərini tərk edib Bakıya üz tutur

Yayımlandı: 18 Noyabr 2022 16:38

Kalva kənd sakini deyir, yararsız vəziyyətə düşmüş evlərdə yaşamaq təhlükəlidir, dövlət yenisini tikmir

Son 10-12 ildə Ağsu rayonu ərazisində tez-tez baş verən torpaq sürüşmələri nəticəsində yüzlərlə ev qəzalı vəziyyətə düşüb. Belə kəndlərdən biri Kalva, evlərdən biri isə Aslan Qocayevin yaşadığı evdir. Onun sözlərinə görə, təbii fəlakətlər yaşadığı evin tədricən çökməsinə səbəb olub. Son iki ildə isə evdə ümumiyyətlə, yaşamaq mümkün deyil. İki ildir aidiyyəti qurumlara müraciət etsələr də, tədbir görülməyib.

“Evimiz həm zəlzələdən, həm də vaxtaşırı baş verən torpaq sürüşmələrindən zaman-zaman yararsız vəziyyətə düşüb. İki ildir ki, orada ümumiyyətlə, yaşamaq mümkün deyil. Əvvəl bizə demişdilər ki, eviniz qəzalı evlərin siyahısındadır. Sonra mən Bakıya gedib Fövqəladə Hallar Nazirliyindən dəqiqləşdirdim, məlum oldu ki, bizi aldadıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdim, gəldilər, baxış keçirdilər, ərazidə torpaq sürüşməsini sənədləşdirdilər və bildirdilər ki, burada yaşamaq insan həyatı üçün təhlükəlidir”.

Aslan Qocayevin sözlərinə görə, dəfələrlə müraciət etməsinə baxmayaraq, nə Fövqəladə Hallar Nazirliyindən, nə də icra hakimiyyətindən gəlib evə baxış keçiriblər:

“Bəzi ailələr köçürülüb, ancaq bizi və daha bir neçə qonşunu köçürməyiblər. Məcburiyyət qarşısında valideynlərimi də götürüb evdən çıxmışam, Bakıda yaşayırıq”.

Sürüşmə zonasında yerləşən evlərinin qəzalı vəziyyətdə olmasından, etinasızlıqdan bezən sakinlərin bəzisi Bakıya üz tutub. Kənddə yaşamağın mümkünsüzlüyündən gileylənirlər.

Kalvada təbii fəlakətlər nəticəsində evləri qəzalı vəziyyətə düşən başqa sakinlər də vaxtaşırı eyniməzmunlu şikayətlərlə Meydan TV-yə üz tuturlar. Məsələn, 2 il əvvəl kənd sakinləri deyirdi ki, kəndin icra nümayəndəsi fürsətcillik edərək dövlətin ayırdığı pullarla yalnız öz qohumlarına ehtiyac olmadığı halda təzə evlər tikdirir. Nəticədə evləri qəzalı vəziyyətdə olanlar çarəsiz qalıb Bakıya üz tuturlar.

Ağsu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Mənzil Məcəlləsinə uyğun olaraq, təbii fəlakət və mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalı, sığortaçı ilə sığortalanan arasında müqavilə bağlanmalıdır. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş zərərin ödənilməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun şəkildə həyata keçirilməlidir.

Aslan Qocayevsə deyir, kənddə heç bir fərdi ev sığorta olunmayıb. Çünki evlərin çoxunun Çıxarışı yoxdur. Əksər evlərsə dədə-baba adına olan köhnə tikililərdir.

Ağsuda təbii fəlakətlər nəticəsində yararsız vəziyyətə düşmüş evlərin təmiri, bərpası, yenilərinin tikintisi üçün dövlət büdcəsindən bir neçə dəfə pul vəsaiti ayrılıb.

Gözdən qaçırmayın:  Qəzalı yataqxanada məskunlaşan köçkünlər: “Hökumət bizi unudub”

Təxminən 12 il əvvəl Ağsu çayının sahilində yerləşən Sanqalan, Kalva, Suraxanı, Qırrar və Quzay kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində 80-ə yaxın ev və 4 inzibati bina qəzalı vəziyyətə düşmüşdü.

Mütəxəssislər Kalva və Sanqalan kəndlərində vətəndaşlara torpaq sahəsi ayrılacaq ərazilərin aktivliyini öyrənirdi. Bildirilirdi ki, müsbət rəy verilərsə, həmin kəndlərin ərazisində sakinlərə ev tikmək üçün torpaq sahələri ayrılacaq. Ancaq sonradan ailələrin bir qisminə torpaq sahəsi ayrılıb ev tikilsə də, böyük hissəsi evsiz qalıb. Daha sonralar baş verən torpaq sürüşmələri zərər çəkən evlərin sayını da artırıb. Məsələn, rayon ərazisində uçqunların baş verdiyi ərazidəki sürüşmələr sonuncu dəfə keçən il aktivləşib. Abasxanlı kəndinin yaxınlığından keçən Ağsu çay məcrasından çıxaraq sahilboyu yerləşən evlərə ciddi təhlükə yaradıb. Kəndin bir hissəsində, çayın sahilində avtomobil yolu bir neçə dəfə çöküb. Kənd qəbiristanlığındakı qəbirlər təhlükə altına düşüb. Ondan bir az əvvəlsə Ağsu-Xanbulaq yolu çöküb. İllərdir ki, Ağsu aşırımında da tez-tez sürüşmələr baş verir. Aşırımda 14 aktiv sürüşmə zonası var.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button