SEÇMƏ

Aksiyada ölən iranlı qızın cəsədinin oğurlandığı bildirilir

Yayımlandı: 4 Oktyabr 2022 19:22

16 yaşlı Nika Şakaraminin Veysyan kəndində basdırıldığı iddia olunur

İranda əxlaq polisinin hicab qaydalarını pozmaq iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin ölümündən sonra kütləvi etiraz aksiyaları zamanı həyatını itirən 16 yaşlı Nika Şakaraminin meyitinin təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən oğurlandığı iddia olunub.

Bildirilib ki, təhlükəsizlik qüvvələri həyatını itirən yeniyetmənin nəşini oğurlayaraq Veysyan kəndində basdırıblar.

Nika 2022-ci il sentyabrın 20-də Tehranda keçirilən etiraz aksiyasından sonra itkin düşüb.

O, dostuna yazdığı son mesajda təhlükəsizlik qüvvələri tərəfindən izlənildiyini söyləyib.

Ailəsi uzun axtarışlardan sonra onun nəşini paytaxtın istintaq təcridxanasının morqunda tapıb.

“Meyitin kimliyini müəyyən etməyə gedəndə bizə onun üzünə baxmağa qoymadılar”, – Nikinin xalası Ataş Şakarami deyib.

Yeniyetmənin ailəsi onun cəsədini Xorramabad şəhərinə aparıblar.

Ailə Nika Şakaramini bazar ertəsi dəfn etməyi planlaşdırıbmış.

Mənbələrdən birinin verdiyi məlumata görə, təzyiq altında olan ailə dəfn mərasiminin keçirilməməsinə razılaşıb.

Lakin təhlükəsizlik qüvvələri Nikanın meyitini Xorramabaddan oğurlayıb və Veysyan kəndində basdırıblar.

İranda etirazlar 31 əyalətin hamısında 164 şəhərə yayılıb.

Təxminən 15 min etirazçı həbs edilib və saxlanılıb.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, hadisələr zamanı azı 83 nəfər həlak olub.

“Amnesty International” 52 nəfərin öldüyünü təsdiqləyir, İranın Fars Xəbər Agentliyi isə ölənlərin sayının təxminən 60 olduğunu bildirir.

22 yaşlı Məhsa Əmini sentyabrın 20-də əxlaq polisi tərəfindən həbs edildikdən sonra komaya düşüb.

O, üç gün sonra Kəsri xəstəxanasında ölüb.

Rəsmi məlumatda onun ürəktutmasından öldüyü bildirilir.

Amma Əmininin yaxınları hesab edirlər ki, o döyülərək öldürülüb.

Prezident İbrahim Rəisi M.Əminin ölümünün araşdırılacağını desə də, daxili işlər naziri Əhməd Vahidi əkinə, Əmininin döyülmədiyini israr edir.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan Fransadan təzminat tələb edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button