Manşet

Allahşükür Paşazadə üçün ciddi başağrısı

İslam Universiteti ilə bağlı diplom qalmaqalı Bakı İslam Universiteti (BİU) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə üçün ciddi başağrısına çevrilə bilər.

“az24saat.org” bildirir ki, BİU-nun diplomalarının tanınmaması məzunların narazılığına səbəb olub. Artıq Təhsil Nazirliyi də bu məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, BİU-nun məzunlarının diplomlarının dövlət nümunəli təhsil sənədləri ilə əvəz edilməsi barədə müraciətlər mövcuddur.

Müraciətlərdə onlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi barədə xahiş olunur. Nazirlikdə bu müraciətlər araşdırılıb və yeni diplom blanklarının verilməsindən imtina edilib.

“Bununla bağlı məhkəməyə müraciət edilib, hazırda həmin mübahisələr müvafiq məhkəmələr tərəfindən araşdırılır. Bildiririk ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib və tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb. Məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. O cümlədən attestasiya komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-nə qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də, 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir”, – deyə nazirliyin açıqlamasında bildirilir.

BİU 1991-ci ildə Bakı QMİ-nin nəzdində fəaliyyət göstərən İslam Mədrəsisinin bazası əsasında yaradılıb. 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib. Həmin ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. 2018-ci ildə isə BİU-nun fəaliyyəti dayandırılıb. 2012-ci ilə qədər universitetin təxminən 1350 məzunu olub. İndiyə qədər isə BİU-nun 2000-ə yaxın məzununun olduğu bildirilir. Məzunların əksəriyyəti 2009-cu ilə qədər qəbul olunub. İndi onlar verilən diplomla işə düzələ bilmir.

Son vaxtlar Allahşükür Paşazadə ilə bağlı da neqativ xəbərlər yayılmaqdadır. Hətta onun köhnə qvardiya ilə əlaqələri barədə iddialar da səsləndirilir. Belə bir məqamda BİU ilə bağlı diplom qalmaqalı QMİ sədri üçün əlavə problemlərin yaradacağını söyləmək olar.

“24 saat”

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button