SEÇMƏ

Almaniyada yaşayan bloger azərbaycanlılar tərəfindən döyüldüyünü deyir

Yayımlandı: 21 Noyabr 2022 17:58

Orxan Ağayev hazırda həkim rəyi alır

Xaricdə yaşayan azərbaycanlı bloger Orxan Ağayevin Berlində yaşadığı mənzilin qarşısında hücuma məruz qaldığı bildirilir.

Ona 2 nəfər azərbaycanlının hücum edərək, xəsarət yetirdiyi deyilir.

O, Meydan TV ilə döyülmə anında çəkilmiş görüntüləri paylaşıb. Bildirib ki, hadisəni onun həyat yoldaşı lentə alıb.

Həmin videoda 2 nəfərin blogerə hücum etdiyi görünür.

Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı isə bildirir ki, Orxan Ağayevə hücum edənlər 3 nəfər olub. Onlardan ikisi ona xəsarət yetirib, biri isə kənardan müşahidə edib:

“Mənə bu barədə özü danışıb. Dedi ki, döyənlər ona heç nə deməyib, sonda müşahidə edən o birlərinə “getdik” əmri verib. Xatırladım ki, Orxan Ağayev əvəllər də hücuma məruz qalıb, döyülüb. Üstəlik, o, Baş Prokurorluq tərəfindən beynəlxalq axtarışa verilib. Ona qarşı kütləvi iğtişaşlara çağrış, dövlət çevrilişinə cəhd və digər ağır ittihamlarla cinayət işi qaldırılıb”.

Orxan Ağayevin vəziyyətinə gəlincə, hazırda xəstəxanadadır. Aldığı xəsarətlərlə bağlı həkim rəyi alır.

Daha öncə azərbaycanlı bloger Məhəmməd Mİrzəliyə də Fransada hücum olmuşdu. Daha sonra Fransa polisi saxladığı iki nəfəri Məhəmməd Mirzəliyə sui-qəsdə şübhəli bilmişdi.

Saxlanılanlardan biri azərbaycanlı, digərinin isə türk əsilli moldovalı olduğu açıqlanmışdı.

Ondan əvvəl isə Almaniyada yaşayan siyasi mühacir, “Azad söz” kanalının qurucusu Tural Sadıqlı açıqlama yayaraq həyatının təhlükədə olduğunu bildirmişdi.

Ölümlə hədələndiyini bildirən Tural Sadıqlı əlavə etmişdi ki, bu, birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə edilib:

“Həm özüm, həm də valideynlərim ölümlə təhdid edilib. Dəfələrlə mənə yazıblar ki, Mehriban Əliyeva və komandası haqqında danışma. Pulla da ələ almaq istəyiblər, deyiblər ki, sənə aylıq maliyyə ayıracağıq, prezident və ailəsinə toxunma”.

Meydan TV

Gözdən qaçırmayın:  Neftçilər: “Sənəddə göstərilir ki, guya biz oteldə karantində qalırıq”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button