Loading...
Loading...
SEÇMƏ

Avropa İttifaqı Rusiya ilə viza rejimini dondurur

Yayımlandı: 15 Sentyabr 2022 16:24

Zaporojye, Xarkov və Xersonda verilən Rusiya pasportları da tanınmayacaq

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşları üçün Şengen vizası ilə bağlı “siyasi qərar” qəbul edib.

Aİ ölkələri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dondurmağa razılaşıblar.

Bu barədə ittifaqın xarici işlər komissarı Josep Borrel sentyabrın 14-də xarici işlər nazirlərinin Praqada keçirilən qeyri-rəsmi görüşündən sonra mətbuat konfransında bildirib.

J.Borrel bildirib ki, Aİ dövlətləri hazırda azad edilmiş Zaporojye, Xarkov və Xerson vilayətlərində verilən Rusiya pasportlarını da tanımayacaq. Beləliklə, ruslara verilən Şengen vizalarının sayı azalacaq və onların alınması prosesi daha da çətinləşəcək.

Bundan əlavə, Rusiyanın vətəndaşları çoxillik vizalar almayacaqlar və artıq verilmiş vizaları da itirə bilərlər.

Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin məhdudlaşdırılması məsələsində Aİ ölkələrini iki düşərgəyə ayırıb.

Baltikyanı ölkələr, Polşa və Finlandiya sərt tədbirlərin tərəfdarıdırlarsa, Almaniya, Portuqaliya və Fransa da daxil olmaqla, Avropa İttifaqının cənub və qərb ölkələri buna qarşı çıxıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əgər qərar qəbul edilərsə, Avropa sakinləri də Rusiyaya gələndə narahatlıqla üzləşəcəklər.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycanda “TikTok” sosial şəbəkəsinin yayımı dayandırılır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button