SEÇMƏ

Avropa İttifaqının çətiri altında aparılan siyasət 

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Praqada keçirilən dördtərəfli görüşdə əldə olunmuş razılaşmalardan biri Azərbaycan- Ermənistan dövlət sərhədinə mülki missiyanın göndərilməsi ilə bağlı idi.

Yekun bəyanatda qeyd olunmuşdu ki, bu aydan başlayaraq maksimum iki ay müddətinə gerçəkləşəcək missiyanın məqsədi tərəflər arasında inam yaratmaqdır. Habelə, missiya Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiya üçün hesabatlar hazırlayacaq. Rəsmi Bakı müşahidəçilərin Ermənistan ərazisində yerləşdirilməsinə etiraz etməyib, eyni zamanda bildirib ki, bu missiya ilə yalnız Azərbaycana aid məsələlərdə əməkdaşlıq edəcək.

Bu razılaşmadan cəmi bir neçə gün sonra (11 oktyabr) Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Ermənistana Azərbaycanla sərhəd boyunca yerləşdiriləcək mülki missiyanın göndərilməsi barədə qərar verdilər. Avropa İttifaqının mülki işlər və təhlükəsizlik komitəsinin qapalı iclasında qəbul edilən qərarda müşahidə missiyasına 50 nəfərin daxil olduğu qeyd olunub. Oktyabrın 13-də Aİ müşahidəçilərinin ilk qrupu artıq İrəvana gedib və ölkə rəhbərliyi ilə görüşlər keçirib.

Gözlənildiyi kimi, Rusiya bu razılaşmadan kəskin narazılığını bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 11-də keçirdiyi brifinqdə bu barədə deyib: “Biz bunu Avropa İttifaqının istənilən vasitə ilə Azərbaycan və Ermənistan arasında tənzimləməyə soxulmaq, bizim ölkəmizin vasitəçilik səylərini sıxışdırmaq cəhdi kimi qiymətləndiririk”. Zaxarova vurğulayıb ki, Bakı və Yerevan arasında barışığın, regionda möhkəm sülh və uzunmüddətli sabitliyin yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam icra olunmasıdır.

Bu bəyanatdan cəmi bir gün sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla Astanada görüşündə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Azərbaycanla sərhədinə müşahidəçilər göndərməyə hazırdır. Lavrov da Qarabağ müharibəsindən sonra Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların sürətli icrasına çağırıb.

Lavrov əlavə edib ki, KTMT-nin faktaraşdırıcı missiyasının Ermənistana göndərilməsi üçün qurumun Kollektiv Təhlükəsizlik Şurasının qərarı olmalıdır, şuranın hazırkı sədri isə Ermənistandır. Mirzoyan isə ölkəsinin KTMT missiyasının yerləşdirilməsini alqışladığını söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin bu missiya ilə bağlı mövqeyi maraqlı notlarla zəngindir. Dövlət Başçısı Astanada MDB ölkələri liderlərinin zirvə görüşündə bildirib ki, oktyabrın 6-da Praqada bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub: “Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi”.

Azərbaycan Prezidentinin vurğulamasına görə, buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək.

İlham Əliyevin bu açıqlamasında Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə yönəlik mesajlar vardı. Əvvəla, dövlət başçısı xüsusi vurğu ilə deyib ki, mülki müşahidə missiyasının Azərbaycana da göndərilməsi cəhdləri vardı, amma onun tərəfindən qətiyyətlə rədd olunub. Amma bu təşəbbüs Nikol Paşinyan tərəfindən irəli sürülüb və Aİ tərəfindən yekdilliklə dəstəklənib.

İkincisi, İlham Əliyev Aİ missiyasının Rusiyanın başçılıq etdiyi KTMT-nin məsuliyyət zonasında yerləşəcəyini vurğulaması da Ermənistanın regionda oyun qaydalarını pozduğuna işarədir. Yəni KTMT-nin üzvü olan ölkədə Avropa İttifaqının missiyasının işləyəcəyi Moskva tərəfindən xüsusi qiymətləndirilməli məsələdir.

Gözdən qaçırmayın:  Evin həbsxanasında 8 nəfərin öldüyü bildirilir

Digər maraqlı məqam Rusiya Xarici işlər nazirinin erməni həmkarından KTMT müşahidəçilərinin də Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi barədə qərar verməyi tələb etməsidir. Ararat Mirzoyan sözdə bunu alqışlayıb, amma bir həftə ötməsinə baxmayaraq İrəvan tərəfindən hələ də real addımlar atılmayıb. Halbuki, Ermənistanın ilk addımı KTMT-nin iclasını çağıraraq bu barədə təşkilata müraciət edib, onun qərarını almaqdan ibarət olmalıdır.

Şübhəsiz ki, Ermənistanın Avropa İttifaqından sərhədə mülki müşahidəçilər göndərməsini xahiş etməsi Azərbaycanın təzyiqlərini neytrallaşdırmaq məqsədi güdür. Paşinyan 10 noyabr bəyanatının icrasını sürətləndirmək üçün Bakının vaxtaşırı işə saldığı mexanizmləri bloklaşdırmağa, öhdəliklərin icrasını Ermənistan üçün əlverişli geosiyasi şəraitin yaranacağı dövrə qədər uzatmağa çalışır. İrəvanda hesab edirlər ki, Azərbaycanla sərhəddə iş aparacaq Aİ missiyası Bakı üçün çəkindirici vasitədir. Habelə 13-14 sentyabr döyüşlərinin nəticəsində dəyişən təmas xətlərini işğal faktı kimi sənədləşdirilməsi də bu missiyanın hazırlayacağı hesabatda əks olunacaq.

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib. Bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu bəyanatdan görünür ki, Ermənistan həm də Aİ missiyasının bölgədə olmasından istifadə edib döyüşlər zamanı dağıdılmış mövqelərini və hərbi infrastrukturunu bərpa etməyə çalışır. Bu məsələ Paşinyan üçün son dərəcə vacibdir, çünki müxalifət və media Baş naziri ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olmadığına görə sərt təzyiq altında saxlayır.

Bu gün onun Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan rəhbərliyinin qıcıqla qarşıladığı bəyanatını təkrar etməsi də təsadüfi sayıla bilməz. Paşinyan bildirib ki, Ermənistan hökuməti Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət buraxılış məntəqəsi qurmağı təklif edir. Baş nazirin dediyi məntəqələrin Geğarkunik (Göyçə), Ararat (Ağrı) və Sünik (Zəngəzur) vilayətlərində qurulması təklif olunur. Qeyd olunub ki, yeni gömrük məntəqələrində digər məntəqələrdəki şərtlər qüvvədə olacaq, fərq qoyulmayacaq, məntəqələr Ermənistanın və Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.

Azərbaycan XİN isə Twitter hesabında yazıb ki, Ermənistan “Zəngəzur dəhlizi ilə avtomobil – dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. Nazirlik qeyd edir ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Beləliklə, Aİ müşahidəçilərin Ermənistana gəlməsi ərəfəsində İrəvan Bakı ilə danışıqlarda mövqelərini kifayət qədər sərtləşdirib. Həmçinin KTMT müşahidəçiləri ilə bağlı təklifə reaksiya verməməklə Rusiya ilə də açıq konfrontasiyaya getməkdən çəkinmir. Bu, regionda yeni gərginlik mənbəyidir və növbəti hərbi toqquşmalar üçün əsas səbəblərdən biri ola bilər.

Aİ missiyasının gələcəyinin necə olacağı da düşündürücü məsələdir. Çünki razılaşmada qeyd olunan 2 aylıq müddətin, 50 nəfərlik say tərkibinin artırılması istisna deyil. Rəsmi Bakı bu barədə narahatlığını Aİ rəsmilərinə çatdırıb. Bəzi ekspertlər qeyd edirlər ki, regionda yeni hərbi toqquşmalar baş verərsə, Aİ mülki missiyasını hərbçilər əvəz edə bilər. Bu halda Brüssel regionda Rusiya və Azərbaycanla açıq toqquşma riskini nəzərə almalıdır.

Turqut

24 saat” “Avropa İttifaqının çətiri altında aparılan siyasət ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button