Manşet

Azərbaycan Dövlət Nəşriyyatının binası MİA-ya verilə bilər

Çap mətbuatı sıradan çıxarılandan sonra ölkənin ən iri nəşriyyat-poliqrafiya kompleksi olan Azərbaycan Dövlət Nəşriyyatı adına uyğun fəaliyyət göstərmir.

“24 saat” xəbər verir ki, indi 1974-cü ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr) azman binası müxtəlif kommersiya qurumlarına icarəyə verilib. Əldə etdiyimiz məlumata görə, bu fakt hakimiyyətin də diqqətindən kənarda qalmayıb. İddia olunur ki, hakimiyyət kluarlarında “Azərbaycan” Nəşriyyatının gələcək taleyi ilə bağlı qızğın müzakirələr gedir.

Yalnız mətbəənin saxlanılması ilə binanın hansısa nazirliyin tabeliyinə verilməsi, yaxud özəlləşdirilməsini təklif edənlər var. Lakin binanın Media İnkişaf Agentliyinə verilməsinə çalışanlar da az deyil. Bu yaxınlarda bir neçə media orqanında, o cümlədən də AzTV-də tənqidi materialların yayımlanması bununla bağlıdır. Həmin materiallarda “Azərbaycan” Nəşriyyatının binasının lazımsız tikli kimi qalması, mediaya heç bir töhvə verməməsi xüsusi vurğulanırdı ki, bu da təsadüfi deyildi. Məlumata görə, binanın Media İnkişafı Agentliyinə verilməsinə çalışanlar həm də media orqanlarının orada cəmləşməsini istəyir. Bu həm nəzarət baxımından, həm də hakimiyyətin nəzarətində olan media orqanlarının ofis probleminin çözülməsi baxımından daha əlverişlidir.

İddialara görə, yaxın vaxtlarda Azərbaycan Dövlət Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov vəzifəsindən istefa verəcək. Bir neçə gün əvvəl onun istefası barədə məlumatın yayılması da bu iddiaların əsassız olmadığını göstərir.

Azərbaycan Dövlət Nəşriyyatı BMM-i də özü ilə təslim edir

 

Bəzi məlumatlara görə, Azərbaycan Dövlət Nəşriyyatı Media İnkişaf Agentliyinə veriləcəyi təqdirdə avtomatik olaraq Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yerləşdiyi bina da bu qurumun balansına keçiriləcək. Xatırladaq ki, həmin binanı 2006-2007-ci illərdə Prezidentin sabiq köməkçisi Əli Həsənov tikdirib və şəxsi mülkiyyəti kimi istifadə edib. Əli Həsənov vəzifəsindən azad edildikdən sonra bu məsələ gündəmə gətirilmişdi. O zaman Ağabəy Əsgərovun reaksiyası belə olmuşdu: “Məgər nəşriyyatın binası mənim dədəmin, babamındır ki, kiməsə verim? O vaxtı dövlət tərəfindən elə məsələhət olub və nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Yenə deyirəm ki, onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur”.

24saat.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button