Loading...
Loading...
SEÇMƏ

Azərbaycan ordusunun yeni itkiləri (yenilənib)

Yayımlandı: 14 Sentyabr 2022 14:52

Atışmada həlak olan 3 hərbçinin adı nazirliyin siyahısında yoxdur

Qusar rayonu Mucuq kənd sakini, XTQ snayperi Şair Camal oğlu Heydərov da 12 sentyabrda atəşkəsin pozulması nəticəsində həyatını itirib.

Bu barədə Qusar Rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan Meydan TV-yə bildiriblər.Yaxınları isə onlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən xəbər verildiyini deyiblər.

Şair Camal oğlu Heydərovun 1998-ci ildə doğulduğu qeyd olunub.


Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması nəticəsində Ağstafanın Böyük Kəsik kənd sakini, hərbçi Seyfəddin Mahmud oğlu Muradov həyatını itirib.

Bu barədə Ağstafa Rayon İcra Hakimiyyətinin Böyük Kəsik kənd icra nümayəndəsi Nadir Mikayılov Meydan TV-yə deyib.

Nadir Mikayılov bildirib ki, Seyfəddin Muradov ailəli idi, onun 2 övladı var.

Digər bir itki isə Tovuz rayonunda qeydə alınıb.

Tovuz Rayon İcra Hakimiyyətinin Alakol kənd icra nümayəndəsi Ceyhun Quliyev Meydan TV-yə deyib ki, rayonun Alakol kənd sakini, hərbçi Ülvi Məzahir oğlu Mahmudzadə də sentyabrın 12-də atışmada həyatını itirib.

Ceyhun Quliyevin sözlərinə görə, 1991-ci il təvəllüdlü Ülvi Mahmudzadənin 2 övladı var.

Seyfəddin Muradov və Ülvi Mahmudzadənin adı Müdafiə Nazirliyinin sentyabrın 14-də yaydığı siyahıda adı yoxdur.

Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Blinken, Makron və Ərdoğan Əliyevə zəng edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button