SEÇMƏ

Azərbaycan və Ermənistan delimitasiya prosesini sürətləndirmək istəyir

Yayımlandı: 4 Noyabr 2022 12:19

Hər iki ölkənin Baş nazirlərinin sədrliyi ilə iclas keçirilib

Azərbaycan və Ermənistan delimitasiya prosesini sürətləndirmək qərarı alıb.

Bu barədə iki ölkənin delimitasiya komissiyalarının iclasında açıqlanıb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

İclas iki ölkənin Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyilə keçirilib.

Bu, iki ökə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə üçüncü iclası olub.
İclasdan öncə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino nümayəndə heyətlərini salamlayıb, iki ölkə arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduqlarını söyləyib:

“Tərəflər, Azərbaycan və Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib. İclasda təşkilati və prosedur məsələlər nəzərdən keçirilib”.

XİN-in yaydığı məlumata görə, tərəflər habelə komissiyaların birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılaşıblar:

“Həmçinin komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib”.
Daha öncəki görüş avqustun 30-da Rusiya paytaxtı Moskva şəhərində olub.

Azərbaycan XİN bildirib ki, tərəflər onda təşkilati, prosedural məsələləri müzakirə edib. Eyni zamanda, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki ölkənin lideri arasında aparılan danışıqların nəticəsində bu il yaradılıb.

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya isə 2020-ci il noyabrın 10-da üçtərəfli (Azərbaycan, RusiyaErmənistan) razılaşmadan sonra həmin formatda aparılan danışıqların gedişində yaradılıb.

Bu il mayın 22-də Azərbaycan və Ermənistan liderləri – İlham Əliyevlə Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb.

Tərəflər sərhədlərin müəyyən edilməsi üçün komissiyanın işə başlaması üzrə razılığa gəlib.
Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Komissiyaların ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.
Tərəflər komissiyalar çərçivəsində delimitasiya, o cümlədən sərhəddə təhlükəsizliyin təminatıyla bağlı məsələlər üzrə işləməyə razılaşıblar.

Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1994-cü ilədək Ermənistan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal edib.

Azərbaycan isə 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Gözdən qaçırmayın:  Elnur Əliyev vəzifəsindən azad edildi

Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olub. Lakin ötən ilin dekabrından vasitəçiliyə Avropa İttifaqı da qoşulub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button