Loading...
Loading...
Sosial

Azərbaycanda hər 20 ev tualetinin birində su xətti yoxdur

Azərbaycanda mənzil sayı əhalinin sayı ilə müqayisədə azdır və bu, tez-tez müzakirəyə çıxarılır. Rəsmi rəqəmlərə görə, hər min vətəndaşa 213 mənzil düşür. Gəlişmiş ölkələrə baxanda, 213 rəqəmi elə də ürəkaçan deyil. Elə ölkələrdə bu rəqəm 500 mənzil civarındadır. Bu bir yana, əksər keçmiş sovet ölkələri də həmin göstəriciyə görə Azərbaycanı qabaqlayır. Azərbaycanda adambaşına yaşayış sahəsi də nisbətən azdır. Rəsmi rəqəmlərə görə, ölkədə, orta hesabla, bir nəfər sakinə düşən yaşayış sahəsi 15.6 kvadratmetrdir. Hazırda ölkədə 2 milyon 147 min mənzil var. Bu mənzillərdən 3.6 faizi birotaqlı, 25 faizi ikiotaqlı, 40.8 faizi üçotaqlı, təxminən 30 faizi də dörd və daha çox otaqlıdır.

Dövlət Statistika Komitəsi (DSK) bugünlərdə ev təsərrüfatlarını təhlil edib. Araşdırmada istər mənzillərin sayı, istərsə oradakı şəraitə dair bilgilər əksini tapıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, ölkədəki ev təsərrüfatlarının 3.2 faizində adambaşına düşən yaşayış sahəsi hətta 5 kvadratmetrdən də azdır. Bu göstəricini ölkəiçi bölgələrlə tutuşdurduqda adambaşına yaşayış sahəsinin 5 kvadratmetrdən də az düşdüyü ev təsərrüfatı payının Dağlıq Şirvan iqtisadi rayonunda ən yüksək olduğu üzə çıxır (toplam ailə sayının 6.7 faizi). Bu, ölkə üzrə orta göstəricidən iki dəfədən də çoxdur.

Quba-Xaçmaz (5.7 faiz) və Mil-Muğan (4.7 faiz) bölgələrində də adambaşına yaşayış sahəsinin 5 kvadratmetrdən az olduğu ailə sayı nisbətən yüksəkdir. Rəsmi rəqəmlər bölgələr arasında ən yaxşı durumun Naxçıvan Muxtar Respublikasında olduğunu üzə çıxarır. Orada evlərin cəmi 0.4 faizində adambaşına yaşayış sahəsi 5 kvadratmetrdən azdır. Lənkəran-Astara bölgəsindəki göstəricini də nisbətən yaxşı saymaq olar – 2 faiz. Bakı şəhərində uyğun göstərici 2.5 faizdir.

DSK öz araşdırmasında damından su sızan, rütubətli, nəmli, divar və döşəməsində, təməl və pəncərə şüşəsində çatlar olan evlərin sayını da göstərib. Belə durumlu ev payının ən yüksək olduğu bölgə Qazax-Tovuz iqtisadi rayonudur (6.6 faiz). Həmin iqtisadi rayonun tərkibinə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları daxildir. Sözügedən göstəriciyə görə Dağlıq Şirvan bölgəsi ikinci yerdədir. Bu bölgədə hər 100 evdən altısında sadalanan problemlərə rast gəlinib. Damından su sızan, rütubətli, nəmli, divar və döşəməsində, təməl və pəncərə şüşəsində çatlar olan ev sayının ən az olduğu bölgə Mil-Muğan iqtisadi rayonudur (1.8 faiz). Ölkə üzrə uyğun göstərici ortalama 3.7 faiz olub.

Dövlət Statistika Komitəsinin araşdırmasında mənzillərdə tualetlərin suyla təminat durumuna da yer ayrılıb. Rəsmi rəqəmlərə görə, ölkədəki ev təsərrüfatlarının 5 faizinin suyla təmin edilmiş tualeti yoxdur. Bu rəqəm şəhər yerlərində 1.9; kəndlərdə 9 faizdir. Həmin göstəricinin ən yüksək həddi Şəki-Zaqatala iqtisadi rayonundadır (10 faiz).

DSK araşdırmasına görə, ölkə üzrə hər 100 mənzildən ikisində vanna və ya duş yoxdur. Ən yüksək göstərici Mil-Muğan bölgəsində qeydə alınıb – 4.2 faiz. Ən aşağı göstəricilərsə Naxçıvan Muxtar Respublikasında və Lənkəran-Astara bölgəsindədir – 0.6 faiz. Statistika Komitəsinin digər hesablamasına görə, ölkədəki mənzillərin 3 faizi gündüz vaxtı qaranlıq olur, onlara gün işığı az düşür.

24 saat” “
Azərbaycanda hər 20 ev tualetinin birində su xətti yoxdur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button