Loading...
Loading...
SEÇMƏ

Azərbaycanı əymək?

İnformasiya müharibəsi səviyyəsində rus xalqının beynini tarixi qisas xülyaları ilə doldurmağa başlayıblar

Rusiya rəhbərlərinin başı havalanıb. Ukraynaya qarşı başladıqları təcavüz və bunun müqabilində beynəlxalq qüvvələr tərəfindən gördükləri cəzasızlıq onlara dünyaya meydan sulamaq cəsarəti verir.

Artıq çağdaş Rusiyanı sabiq SSRİ sərhədləri daxilində bərpa etmək barədə danışmağa başlayıblar. Özü də harada, Dövlət Dumasında! Məlumdur ki, bu parlamentdə bir nəfər belə Kremldən icazəsiz kəlmə kəsə bilməz. Di gəl “tarixi rus torpaqları” barədə sərsəm söhbətlərə başlayıblar. Deməli, azı informasiya müharibəsi səviyyəsində rus xalqının beynini tarixi qisas xülyaları ilə doldurmağa başlayıblar.

Bu tarixi qisas mətləbində gerçək təhlükə varmı? Nəzərə alsaq ki, Rusiyanın Ukraynaya təcavüzü əməli olaraq ciddi cəza ilə qarşılaşmadı, Rusiyanın digər sabiq sovet respublikalarına da qarşı təcavüzü istisna edilə bilməz. Bu zaman çox ola bilsin ki, NATO Nizamnaməsinin kollektiv müdafiə barədə 5-ci bəndi də “təcili birgə məsləhətləşmələr” mərhələsini adlamasın. Belə olarsa, Azərbaycanın Türkiyəyə ifrat güvənməsinin də dəyəri itə bilər, zira ehtimal edilən hərbi qarşıdurmada tərəflərdən birinin nüvə silahına malik olması fakti unudulmamalıdır. Rusiya prezidentinin dünyanı nüvə silahı ilə hədələməsi cəmi bir ay bundan əvvəl baş vermişdi. Bu amili diqqətdən qaçırmayaraq qəbul etməliyik ki, rus təzyiqinə əsas müqaviməti Azərbaycan özü göstərməlidir.

“Şər deməsən xeyir gəlməz” məsəlinə uyğun olaraq Rusiya təzyiqinə Azərbaycanın müqavimət imkanları müzakirə mövzusu olmalıdır. Bu təzyiq, indiyə qədər olduğu kimi, bütün sahələrdə və bütün müstəvilərdə həyata keçiriləcək. Hərçənd ki, elə həmin bu sahələrdə və müstəvilərdə son onillikdə xeyli dəyişiklik baş vermişdir.

Yada salaq ki, 1990-cı illərdə Rusiyanın Azərbaycana ən güclü təsir aləti Qarabağda erməni silahlı qüvvələri idi. Azərbaycan Rusiyanın çəkdiyi cızıqdan bir addım kənara çıxanda həmin an erməni silahlıları əməliyyat əmri alırdılar və işə başlayırdılar. Ya kənd tutmaq və yandırmaq, ya cəbhəboyu güclü atəş açmaq ən təsirli vasitə idi. Hərbi cəhətdən aciz Azərbaycan tərəfi işarəni anlayıb Rusiyanın tələbini yerinə yetirirdi.

Eynilə də Ermənistan ipə-sapa yatmayanda Rusiya Azərbaycanın silahlı qüvvələrinin əlilə erməni tərəfinə ədəb dərsi keçirdi.

Bu mərhələ artıq keçmişdə qalıb. Azı Azərbaycan ordusu əvvəlki tərzdə Rusiya tərəfindən idarə olunmur. Hərçənd ki, general-polkovnik Nəcməddin Sadıqov hələ də gerçək hərbi xidmətdədir və özünə sadiq hərbiçi dəstəsi ilə sabiq HHM qoşunlarının qışlağının ərazisində guya ki, xidmətini davam etdirir. Belə qənaətə gəlmək olar ki, ordumuzdakı bir nömrəli rus xadimi tam və daimi nəzarət altındadır və lazım gələndə, zərərsizləşdiriləcək.

Hadisələr göstərir ki, hətta Ermənistan ordusu əvvəlki qədər Rusiyaya tabe olmur. Azı son siyasi gedişlərdə ordu bitərəf qalmağa üstünlük verdi.

Deməli, Rusiyanın Azərbaycana təsir etmək üçün erməni silahlı qüvvələrindən və Azərbaycan ordusuna yerləşdirdiyi casus şəbəkəsindən istifadə imkanları xeyli məhdudlaşıb.

Digər təsir amili iqtisadi sahəyə aid idi. Məsələn, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Rusiyaya verdiyi bir vədi – rus qoşunlarını Qarabağda yerləşdirmək vədini – yerinə yetirməkdən imtina etdikdə Rusiya Azərbaycana satdığı qazı kəsdi və çarəsiz camaat daraşdı meşələri qırmağa. Bu qəziyyə bir neçə il davam etdi və Ulu öndər halına təfavüt etmədən bildirdi ki, “hər ağac kəsiləndə sanki qolum kəsilir”. Tarix göstərdi ki, Ulu öndərin qollarının sayı Şivanın qollarının sayından qat-qat artıqmış və buna görə Rusiyanın Azərbaycana iqtisadi üsullarla təzyiq etmək cəhdi hətta o zaman səmərə vermədi. İndiki zamanda isə iqtisadi silahın səmərəsi sıfra yaxındır.

Gözdən qaçırmayın:  “Uşaqlar su çuxurlarına düşür, əl-ayaları sınır”

Nəhayət, ən kəsərli silah Azərbaycanı daxildən qarışdırmaq idi. Qarabağ münaqişəsi başlayan gündən Qarabağ, demokratiya və müstəqillik şüarları ilə cahil kütlənin beynini doldurmaq, güruhu ayağa qaldırmaq və Rusiyaya kifayət qədər itaət etməyən ölkə rəhbərinə qarşı “inqilab” təşkil etmək Kremlin ən səmərəli silahı idi. Mütəllibov 1992-ci ildə Kollektiv Müdafiə Təşkilatına üzv olmaqdan imtina edir? Həmin andaca Xocalı qətliamı təşkil edilir və AXC bu söz anlamayan Mütəllibovu devirir. Devirir və cahil kütlə küçədən birbaşa dövlət idarələrinin rəhbər kabinetlərinə dolur. Dolur və anlamır ki, Cənubi Qafqazın ağası hələ də Rusiyadır. Anlamır və dövlət gəmisinin sükanını Ankaraya doğru çevirməyə çalışır. Müvafiq düymə basılır və eyni zamanda həm Gəncə üsyanı başlayır, həm də erməni hərbi hissələri hücuma keçir. Nəticədə Rusiya ilə dil tapmağı bacaran DTK generalı hakimiyyətə gəlir.

Gəlir və öz oyununu aparır. Ta ki, hakimiyyəti oğluna ötürür. Oğul 10 il Kremlin dəyərli göstərişlərini icra edir. 2013-cü ildə Kreml İlham Əliyevin qarşısında əvvəlcədən razılaşdırılmamış tələb qoyur. İlham Əliyev bu tələbi yerinə yetirmək istəmir. Onda Kreml yenə daxili dağıdıcı qüvvələri işə salmaqla hədələyir. İlham Əliyev hədəyə etina etmir. Onda sınanmış siyasi texnologiya işə salınır, Moskvada zəngin etnik azərbaycanlıların “Milyarderlər klubu” təsis edilir, Bakıda bir-birinin ətini didməyə amadə olan ənənəvi müxalifət “birləşərək” Milli Şura təsis edir və cəmiyyətin hörmət etdiyi Rüstəm İbrahimbəyovun namizədlik məsələsi ortaya atılır. Məsələnin mahiyyətini anlamış İlham Əliyev Putinin tələbini yerinə yetirir, əvəzində Putin İbrahimbəyovun rus pasportunu ləğv etmir, Bakıya gəlib İlham müəllimlə birgə yadigar şəkil çəkdirir.

Bütün bu təsir texnologiyaları indiyə kimi cağbacağ işləyirdi və səmərəsini verirdi. Fəqət zəmanə dəyişib, çox sular axıb dənizə qovuşub. Bayaq ərz etdim ki, iqtisadi təzyiq silahı korşalıb, işləmir. Dağıdıcı müxalifət həm hörmətdən bilmərrə düşüb, həm də noxtası keçib Prezident Aparatının əlinə. Ermənistan silahlı qüvvələri 44-günlük müharibədə darmadağın olub və dəxi işə yaramır.

Rusiyaya nə qalır? Qalır Ukrayna variantı. Yəni heç bir səbəb göstərmədən sadəcə hücum etmək, Bakını və Gəncəni raketlərlə vurmaq, dəniz tərəfdən Bakını top atəşinə tutmaq. Mümkündür? Əlbəttə mümkündür, Kremlə dünyada heç kəs “gözün üstə qaşın var” deməyəcək. Lakin burada bir əmma var.

Azərbaycan da Ukrayna variantını seçə bilər. Yəni döyüşməyə başlayar, dağıntı və itkilərə rəğmən rus əsgər və zabitlərini öldürməyə, qırmağa və əks-hücuma keçməyə girişər. Bu zaman rus ordusunun ənənəvi silah sahəsində üstünlüyü sıfra yaxınlaşar, ordunun döyüş hazırlığı və şəxsi heyətin mənəvi-ruhi ovqatı ön səfə çıxar.

Məncə, Silahlı Qüvvələrimizin döyüş hazırlığı bundan sonra məhz bu ehtimalın nəzərə alınması ilə həyata keçməlidir. Müdafiə xətləri, istehkamlar, könüllülər, silah anbarları və aramsız hərbi təlimlər ehtimal edilən və gözlənilən təhlükənin dəf edilməsinə yönəlməlidir.

Bədbinlik üçün heç bir əsas yoxdur. Çox güman Ukrayna elə bizsiz bu sərsəm xülyaları puça çıxara biləcək. Lakin müdrik atalarımız demişkən, “ehtiyat igidin yaraşığıdır”.

Bədbinlik üçün heç bir əsas yoxdur. Çox güman Ukrayna elə bizsiz bu sərsəm xülyaları puça çıxara biləcək. Lakin müdrik atalarımız demişkən, “ehtiyat igidin yaraşığıdır”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button