2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan kinoteatrlarında dublyaj problemi

Yayımlandı: 17 Fevral 2023 13:23

Son dəyişiklik: 17 Fevral 2023 16:08

Ekspert Fransa kino təcrübəsindən istifadəni təklif edir

Saytların yığılması Saytlarin yigilmasi

Dublyaj aktyoru Kamal Yaşar bu günlərdə dublyaj sahəsindəki problemlərlə bağlı çıxışından sonra mövzu yenidən aktuallaşıb.

Aktyor dublyajın mövcud çatışmazlıqlardan, qanun pozuntularından danışıb.

O, telekanallarda fəaliyyət göstərən dublyaj studiyalarının probleminə toxunub.

Bu məqamda Azərbaycanda fəaliyyət göstərən kinoteatrları da unutmaq olmaz.

“Azərbaycan Respublikasının Dövlət dili haqqında” Qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq olunmasını nəzərə alaraq keçmiş Mədəniyyət və Turizm Nazirliyi hələ 2011-ci ildə ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirməli olduğu haqda qərar vermişdi.

Prezidentin 27 yanvar 2016-cı il tarixli fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2 min manat miqdarında cərimə nəzərdə tutulur.

Müvafiq qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda isə xarici filmlərin Azərbaycan dilinə tərcüməsi, həmçinin subtitrləşdirmə üsulu (alt yazı) ilə dublyajına dair bənd var və işin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub.

Bakıda bir neçə dövlət və özəl kinoteatr, sinema klublar fəaliyyət göstərir.

Həmin kinoteatrlarda nümayiş edilən xarici filmlər Azərbaycan dilinə dublyaj olunmur. Adətən, rus, türk və ingilis dilində səsləndirilir, Azərbaycan dilində isə alt yazı ilə verilir.

Bu da tamaşaçılarda ciddi narazlıq yaradır. İradlar da odur ki, alt yazı ilə filmi anlamaq olmur, səsli verilsə, daha yaxşı olardı. Üstəlik, daha ciddi məsələ, filmlərin tərcüməsində ciddi qüsurlara yol verilir. Fikirlərdə uyğunsuzluq olur, sözlər düzgün tərcümə edilmir.

Kinoteatrların sözçüləri də dəfələrlə bu haqda mətbuata danışıblar.

Deyiblər ki, dublyaj kinoteatrın üzərinə düşən vəzifə deyil, onlar yalnız hazır kontenti nümayiş etdirməyə cavabdehdirlər.

Sadə dillə desək, market çörək istehsal etmir, onu satır…

Bunun üçün əvvəllər dublyaj edən studiyalar vardı, indi isə o studiyalar yoxdur, varsa da kinoteatrlarla əməkdaşlıq etmirlər.

Cavabdeh isə Mədəniyyət Nazirliyidir. Nazirlik isə bu məsələ ilə əlaqədar susur.

Mədəniyyət və kino sahəsi üzrə ekspert Fikrin Bektaşi Meydan TV-yə deyir ki, kinoteatrlarda yayımlanan bütün filmlərin yalnız Azərbaycan dilində dublyaj olunaraq səsləndirilməsi bu sahənin inkişafına mane ola bilər:

“Azərbaycanda mədəniyyət sahəsində, həmçinin kinoteatrlarda yayımlanan filmlərdə proteksionizm tədbirləri yoxdur, amma televiziyada var. Azərbaycan milli mədəniyyətinin qorunması və dilinin inkişafından söhbət gedirsə, bunu bir neçə yolla həll etmək olar. Bunu ya kəskin formada qadağan edə, ölkədə yayımlanan filmlərin yalnız Azərbaycan dilində nümayiş olunması tələbini qoya bilərik. Bu, bir tərəfdən yaxşı olsa da, eyni zamanda, bu sahənin inkişafı nöqteyi-nəzərindən bir az təhlükəlidir”.

Prodüser Fikrin Bektaşi. Mənbə: 1news.az

Ekspert hesab edir ki, burada Fransa kino təcrübəsindən yararlanmaq olar:

“Fransada milli, Avropa və xarici filmlərin hərəsinin kinoteatr şəbəkəsinə çıxışı ilə əlaqədar müəyyən bir məhdudiyyəti var. Bu, Fransa Milli film mərkəzi tərəfindən tənzimlənir. Əgər Fransada hər hansı əcnəbi film orijinalda nümayiş olunursa, ona xüsusi rüsum tətbiq edilir. Dublyaj səsli və ya subtitrlərlə yayımlanırsa, başqa bir rüsum tətbiq olunur. Nəticədə də milli filmlərlə əcnəbi filmlərin arasında olan biletlərin qiymət fərqi məhz xüsusi rüsumlar hesabına formalaşır”.

Fikrin Bektaşi deyir ki, həmin rüsumlar da ölkədə yerli filmlərin istehsalına dəstək məqsədilə Fransa Milli film mərkəzinə yönəldilir:

“Bu, çox yaxşı bir təcrübədir. Mən bununla bağlı təkliflər hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etmişdim. Azərbaycan kinoteatrlarında yayımlanan filmlərin bilet qiymətləri arasında heç bir fərq yoxdur. Yerli və xarici filmlər eyni qiymətə satılır. Xüsusi rüsumlar tətbiq olunarsa, bu sahə də inkişaf edər. Həm də müəyyən həddə milli dilimizi, mədəniyyətimizi də qorumuş olarıq”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button