2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan metan tullantılarının azaldılmasına dair öhdəlik götürməyib

Qlazqoda keçirilən iqlim üzrə COP26 sammitində iqtisadiyyatı dünya ÜDM-nin 70%-ni təşkil edən və payına dünya üzrə metan tullantılarının təxminən yarısı düşən 105 ölkə 2030-cu ilədək öz metan tullantılarını 2020-ci il səviyyəsilə müqayisədə ən azı 30% azaltmaq barədə öhdəlik götürüb. Metan üzrə qlobal öhdəliyin yerinə yetirilməsi 2050-ci ilə qədər istiliyi Selsi üzrə minimum 0,2 dərəcəyə endirəcək ki, bu da qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün əsas olacaq.

Lakin ABŞ-Aİ təşəbbüsünü dəstəkləyən ölkələr sırasında Çin, Rusiya və Hindistan yoxdur. Beynəlxalq rəylərə görə, bu ölkələr metan tullantıları üzrə liderlik edirlər. Bu siyahıda Azərbaycan  (Gürcüstan və Ermənistan var) və Türkmənistan da (onun metan tullantıları üzrə göstəriciləri MDB-də Rusiyadan sonra ikincidir) yoxdur.

İnsan fəaliyyəti, xüsusilə də üç sektor – energetika, kənd təsərrüfatı və tullantıların emalı üzrə fəaliyyət nəticəsində dünya üzrə istixana qazlarının tullantılarının 17%-i metanın payına düşür.

Saytların yığılması Saytlarin yigilmasi

Bu qaz ona görə təhlükəlidir ki, atmosferdə CO2-dən daha asan toplanır və onu 80 dəfə daha sürətlə qızdırır. Bununla yanaşı, o, karbon dioksid kimi uzun ömürlü deyil, 10-12 ildən sonra dağılır.

Payına dünya üzrə metan emissiyasının üçdə birindən çoxu düşən energetika sektorunda tullantılar neft və qazın hasilatı, emalı və bölüşdürülməsi, həmçinin kömürün hasilatı zamanı baş verir.

Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatlarına əsasən, 2020-ci ildə dünya neft-qaz sahəsi atmosferə minimum 70 mln. ton metan atıb. BEA-nın hesablamalarına görə, bir ton metan 30 ton karbon dioksidə bərabərdir.

Azərbaycanda vəziyyət 

2020-ci ildə Azərbaycanda ümumi CO2 tullantıları 34 mln. ton (istixana qazlarının ümumi tullantılarının 60%-dən çoxu) təşkil edib. Metan ikinci yerdədir (ölkədə istixana qazlarının ümumi tullantılarının 31-32%-ə qədəri, üstəlik 85%-ə yaxın neft-qaz sektorundadır).

SOCAR-ın eksperti ASTNA-ya bildirib ki, dövlət şirkəti sənaye təşkilatları və QHT-lər koalisiyası- MethaneGuidingPrinciples (MGP) çərçivəsində metan tullantılarının azaldılması üzrə məsləhətləşmələr aparır.

Bu koalisiya Azərbaycana aşağıdakıları tövsiyə edib:

– neft- qaz emalı üçün yeni və müasir, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiq etmək (Avro-5-ə çıxmaq);

– qaz kəmərlərini və qazpaylayıcı sistemləri modernləşdirmək;

– neft və qaz hasilatı zamanı atmosferə atılan tullantıları daha çox və daha effektiv tutmaq;

– neft-qaz emalı zamanı və paylayıcı şəbəkələrdə qaz sızmalarının qarşısını almaq.

Azərbaycanın aqrosektoruna gəlincə, burada metan tullantıları heyvandarlıq fəaliyyətindən, aqrotullantıların yandırılması, düyü istehsalı və s. zamanı meydana gəlir.

Kənd təsərrüfatında metan tullantılarının azaldılması üzrə MGP-nin dünya üzrə ümumi tövsiyələrindən mal-qaranın yemlənməsində effektiv formalara keçid (2030-cu ilə qədər qlobal metan tullantılarını 20% azalda bilər), düyü sahələrinin dövri aerasiyasının tətbiqini (alternativ nəmləndirmə və becərmənin qurudulması kimi tanınır) göstərmək olar.

Koalisiyada hesab edirlər ki, hasilat mərhələsində qazın nəqli və paylanması, çıxarılması və istifadəsi zamanı qaz sızmasının qarşısının alınması, eləcə də kömür hasilatı zamanı deqazasiya hesabına kömür hasilatından və neft-qaz sektorundan tullantıları 65%-dən çox azaltmaq olar.

SOCAR-da istisna etmirlər ki, qaz hasilatının və ixracının artırılması zamanı (ölkənin ümumi ixracında 20%-dən çoxdur, qarşıdakı bir neçə ildə 30% – ə çata bilər) Azərbaycan MDB-də qaz hasil edən digər ölkələrdə, məsələn, Rusiya və Türkmənistanda olduğu kimi, metan tullantılarının artması ilə üzləşə bilər. Lakin Azərbaycan bu təhdidlərin aradan qaldırılması üçün yeni texnologiyalar tətbiq etmək istəyindərir.

SOCAR nümayəndəsi Azərbaycanın metan tullantılarının azaldılması ilə bağlı üzərinə öhdəlik götürməməsi faktını şərh etməyib.

Lakin böyük ehtimalla güman etmək olar ki, bu cür öhdəliklərin qəbulu Azərbaycanın qaz hasilatının və ixracının artırılması üzrə strategiyasını gerçəkləşdirməsinə mane olacaq.

Çin və Rusiyada metan tullantıları

Çin antropogen metan tullantıları (kömür sənayesinin, heyvandarlığın və düyü istehsalının inkişafı səbəbindən) ilə dünyanın ən böyük ölkəsidir, COP26 sammitində öhdəliyə qoşulmayıb. Noyabrın 3-də mətbuat konfransında Çin XİN rəsmi nümayəndəsi Van Venbin deyib ki, Çin 2025-30-cu illərə  qədər ölkənin iqtisadi və sosial inkişafı üzrə 14-cü planda nəzərdə tutulduğu kimi, metan da daxil olmaqla, karbon dioksiddən fərqli istixana qazlarına nəzarət səylərini aktivləşdirəcək. Amma o, təfərüatları dəqiqləşdirməyib. Lakin diqqət yenə də CO2 emissiyasının azaldılmasına yönəldiləcək.

Pekin Universitetindən alimlərin 2021-ci ildə apardıqları araşdırmaya görə, Çində antropogen metan tullantıları 2000-ci illərdə 40%  artıb və qlobal antropogen tullantıların 16%- nə çatıb. Çin Sinxua Universitetinin Ətraf Mühit və Energetika İnstitutunun direktor müavini Ten Fey hesab edir ki, zəif baza məlumatları, Çin iqtisadiyyatının və ev təsərrüfatlarının inkişafının spesifik xüsusiyyətləri səbəbindən 2030-cu ilədək metan tullantılarının 30% azaldılmasının çətinliyi Çinin bu vədə qoşulmamasının əsas səbəbləriydi.

Dünyada kömürlə işləyən bütün enerji obyektlərinin yarısı Çin və Hindistanda yerləşir. Ümumilikdə, dünyada kömürlə işləyən 2600-dən çox stansiya var.

Qlazqoda yalnız 77 ölkə mərhələli şəkildə bu cür elektrik stansiyalarından imtina etməyi (dünya elektrik enerjisinin 35% – dən çoxunu istehsal edir) öhdəsinə götürüb.

Aydındır ki, daha kasıb ölkələr kömürdən asılılığa son qoymaq üçün ödəniş kimi maliyyə yardımından ötrü inkişaf etmiş ölkələrə müraciət edəcəklər (dünyanın inkişaf etmiş ölkələrinin ideyası artıq 2020-ci ilədək iqlim məsələlərinin maliyyələşdirilməsinə 100 milyard dolların ayrılmasını əhatə edib, lakin tam reallaşdırılmayıb).

AİB, Citi və HSBC  daxil olmaqla, banklar və digər maliyyə qurumlarının aktivləşəyi, maliyyə mexanizmlərini elan edəcəyi gözlənilir ki, bunlar ölkələrin kömürdən imtina etməsinə kömək edəcək.

Qlazqoda ABŞ və Aİ metan üzrə öhdəlik götürmüş ölkələrə maliyyə və texniki dəstəyin əhəmiyyətli dərəcədə genişləndiyini qururla elan ediblər. Bundan öncə qlobal xeyriyyə təşkilatları dünyada metan tullantılarının azaldılması strategiyasının həyata keçirilməsinə dair layihələrin maliyyələşdirilməsinə 328 milyon dollar ayırıblar. Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Yaşıl İqlim Fondu Beynəlxalq Energetika kimi bu istiqamətdə fəaliyyət göstərməyi öhdələrinə götürüblər.

Hindistan ticarətə, ölkənin geniş kənd təsərrüfatı sektoruna və heyvandarlığın inkişafına təsir səbəbindən meşələrin kəsilməsinin dayandırılması və metan tullantılarının azaldılmasına üzrə COP26 öhdəliyini imzalamayıb.

Rusiya Federasiyası təkcə meşələrin qorunması barədə bəyannaməyə qoşulub. Rusiya prezidenti Vladimir Putin bunu görüş iştirakçılarına videomüraciətində elan edib. O deyib ki, Rusiya (dünyanın meşə massivlərinin beşdə biri onun ərazisində yerləşir) 2060-cı ilə qədər karbonsuz  iqtisadiyyata keçməyə çalışır, o cümlədən karbon qazını udan və oksigen buraxan meşələrin potensialına arxalanır.

Metan tullantılarına gəlincə, Rusiyanın Qərbdə ən məşhur “Qazprom” konserni belə problemin olduğunu gizlətmir, amma “mavi yanacaq”da maraqlı  olan Aİ ölkələri enerji təhlükəsizliyindən söhbət düşəndə, faktiki olaraq buna göz yumurlar.

Rusiyanın “Qazprom” şirkətinin qiymətləndirmələrinə görə, 2020-ci ildə bu konsernin obyektlərindən istixana qazlarının tullantısı 100,97 mln. t CO2 (azalma 2019-cu ilədək 11% ) təşkil edib, həmin tullantılarda metanın həcmi isə 25,52 mln. ton karbon qazının istixana effektinə ekvivalent olub.

Lakin Rusiyanın əsasən Rusiya qazından asılı olan Avropa üçün (ildə təxminən 200 mlrd. kubmetrə yaxın ixrac) sanballı əks-arqumentləri var.

Onlardan biri “Şimal Axını-2” qaz kəmərinin tez bir zamanda təqdir edilməsidir, çünki “texnologiya baxımından qaz kəmərləri nə qədər yeni olsa, metan tullantıları və qaz nəqli üçün xüsusi xərclər bir o qədər az olar”.

Bu yaxınlarda Putin Rusiya qazının Avropaya tranziti zamanı Ukraynanın qaz- nəqliyyat sisteminin köhnə olmasına diqqəti çəkib.

“Bloomberg” ekspertlərinin fikrincə, metan tullantılarının azaldılması həm də “Qazprom”un “yaşıl” layihələrindən sanksiyaların qaldırılması üçün siyasi arqumentdir.

Söhbət ilk növbədə, “Qazprom”un əhəmiyyətli hissəsini idxal etdiyi qaz nəqli infrastrukturunun yeniləşməsindən gedir.

Qlazqo iqlim sammitindən öncə Rusiya prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ekoloji layihələrdən sanksiyaların götürülməsi məsələsini qaldıracağını istisna etməyib.

Maraqlıdır ki, Avropa peykləri mütəmadi olaraq “Qazprom”un obyektlərində metan tullantılarını qeydə alırlar. Belə ki, 2019-cu ildən 25 oktyabr 2021-ci ilədək Fransanın “Kayrros” geoanalitika şirkəti ən qədim boru kəmərlərindən biri,  “Dostluq” boru kəmərinin 60 kilometrlik hissəsində 44 qaz tullantısı, həmçinin “Şimal şəfəqi” və “Yamal-Avropa” boru kəmərlərinin yaxınlığında 33 sızma qeydə alıb.

Qlazqoda avropalı komissarlar  metan tullantılarının monitorinqi üzrə beynəlxalq rəsədxananın yaradılacağını bildiriblər.

Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bu həftə deyib: “Mövcud müşahidə sistemləri bütün dünyada metan tullantılarının harada və hansı həcmdə baş verdiyini dəqiq və tez müəyyənləşdirməyə imkan vermir. Daha dəqiq məlumatlar əldə olunduqda, ölkələr çevik və məqsədyönlü tədbirlər görə biləcəklər. Aİ-də artıq biz metan tullantılarının azaldılması üzrə yeni qanunvericilik təklif edəcəyik. O, sızmaların mütləq aşkarlanmasına və operativ təmirə, həmçinin ventilyasiyanın məhdudlaşdırılması və məşəllərdə metanın yandırılmasına aiddir”.

BEA ekspertlərinin fikrincə, Rusiya neft-qaz sənayesinin payına çoxmilyonlu metan tullantıları (ildə təxminən 20 milyon ton və daha çox) düşür ki, bu da dünyada ən yüksək göstəricidir. Birləşmiş Ştatlar kiçik fərqlə ikinci yeri tutub, üçüncü yerdə isə belə məlumatları bölüşməyən Türkmənistan (dünyada qaz hasilatçısı ölkələri beşliyinə daxildir) göstərilib.

BEA-nın hesablamalarına görə, yanacaq hasilatı zamanı baş verən qlobal metan tullantılarının təxminən dörddə üçünün qarşısını artıq mövcud olan texnologiyalardan istifadə etməklə almaq olar. Tərəfdarlar bildirirlər ki, bu tədbirlərin çoxu, o cümlədən kompressor stansiyalarının və boru kəməri klapanlarının müasirləşdirilməsi uzunmüddətli perspektivdə özünü doğruldacaq, çünki atmosferə atılmayacaq qazı satmaq mümkün olacaq.

“Rusiyanın boru kəmərləri tullantılarını qeydə almaq mümkündür”,- “Innova Partners” analitika şirkətinin təsisçisi Stiven Qayger (30 ildir Rusiyanın enerji sistemləri ilə çalışır) hesab edir. “Ancaq buna görə kim ödəyəcək? Rusiya hökuməti öz gücü ilə sərt iqlim siyasəti yürütmək istəyəcəkmi, yoxsa yükü son istehlakçılarla, yəni Avropada qaz alıcıları ilə bölüşmək qərarına gələcək? Avropa indi aqressiv iqlim siyasəti yürütsə də, ona sosial problemlərdən qaçmaq üçün qazın qiymət artımının qarşısını almaq lazımdır”.

Əlbəttə, “Qazprom” istixana qazlarının tullantılarının azaldılması üzrə rəqiblərindən, əsasən Exxon Mobil və Royal Dutch Shell-dən geri qalmaq riski ilə üzləşir, lakin o, bu tullantılara müstəqil nəzarət etməklə bağlı planlarını açıqlayıb.

Belə ki, konsern 6 peykin yaradılması prosesində (birincisi 2024-cü ildə orbitə çıxarıla bilər) Rusiya Kosmik Agentliyilə əməkdaşlıq edəcək.

Rusiya istəyir ki, istixana qazları tullantılarının həcminin kosmosdan qiymətləndirilməsi üçün dünyada vahid sistem qəbul edilsin və artıq o, Birləşmiş Ştatlara monitorinq üçün birgə platforma yaratmağı təklif edib.

Lakin problem təkcə sızmaların qarşısının alınması və atmosferə atılan metanın miqdarının azaldılmasından ibarət deyil.

Unutmaq lazım deyil ki, “Qazprom” dünyanın ən böyük boru kəmərləri şəbəkəsini idarə edir (əgər bütün bu boruları bir-birinin ardınca çəksək, əldə edilmiş uzunluq Yer kürəsini 4 dəfədən çox dolaşmağa kifayət edər).

Bütün bu borular üzrə qaz verilərkən metan atmosferə atıla bilər və infrastrukturun planlı texniki xidməti zamanı metal və avadanlığın aşınması (1960-cı illərin sonlarından 1980-ci illərin əvvəllərinədək tikilmiş qaz kəmərlərinə aiddir) səbəbindən təsadüfi sızmalar istisna edilmir.

“Bloomberg” ekspertləri hesab edirlər ki, nə qədər ki Avropa istehlak etdiyi qazın miqdarını real və əhəmiyyətli dərəcədə azaltmayacaq, istixana qazları tullantıları ilə bağlı Rusiyaya əlavə təzyiq heç bir nəticə verməyəcək.

2020-ci ildə Avropada lazım olan bütün qazın, demək olar ki, üçdə birini “Qazprom” tədarük edib və qitə öz hasilat həcmini azaldana qədər qısamüddətli perspektivdə Rusiya şirkətinin rolu yalnız güclənəcək.

“Aİ özü-özünü küncə sıxışdırıb, çünki  təmiz energetikaya yetərincə pul yatırmır. Bu, ona təbii qazdan asılılığı azaltmağa imkan verərdi”, – Oksford Enerji Araşdırmaları İnstitutunun fəxri elmi işçisi Conatan Stern hesab edir. Aİ-nin bir neçə onillik ərzində hər il təmiz energetikaya onlarla milyard avro xərcləməsi lazımdır, lakin mən bu pulların xərcləndiyini görmürəm. Mən şübhə edirəm ki, təbii qaza tələbatın azalması prioritet olacaq. Bu səbəbdən hesab edirəm ki, Rusiyanın qaz ixracının həcmi cari onilliyin sonuna qədər təxminən indiki kimi qalacaq”.

Reallıqda bu o deməkdir ki, Rusiya bundan sonra da öz üzərinə metan tullantıları ilə bağlı öhdəlik götürməyə bilər. Ola bilsin ki, bu cür “davranış” Aİ və ABŞ-ın Avropaya “mavi yanacaq”ın mühüm alternativ tədarükçüsü kimi təqdim etdikləri Azərbaycan üçün də keçərli ola bilər, baxmayaraq, onun tədarük həcmi “Qazprom”dan 20 dəfə azdır.

Metan tullantılarının azaldılması üzrə Aİ-ABŞ təşəbbüsünün əhəmiyyətinə heç kim şübhə etmir, lakin dünyanın enerji təhlükəsizliyi üçün bütün fəsadlar nəzərə alınmayıb.

Evgraşina Lada

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button