2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Azərbaycanda cəmiyyət depressiyadadır”

Adil Qeybulla: “İntiharların səbəbi sosial problemlərdir”

24saat.org tanınmış cərrah, professor Adil Qeybulla ilə müsahibəni təqdim edir.

– Azərbaycanda son dövrlər intiharların sayı artıb və bu daha çox mediada yer alan informasiyalar da özünü büruzə verir. Siz intiharları daha çox hansı səbəblərə bağlayırsınız?

Saytların yığılması Saytlarin yigilmasi

– İntiharların konkret səbəbləri var. Bu insanların çıxış yolu tapmaması və son nəticədə özünə qəsd etməsi halıdır. Əslində özünə qəsd sözü ciddi affekt vəziyyət, ağır psixoloji durumdur. Həmin şəxs yaranan vəziyyətdən çıxış yolu tapmır. Əslində intiharlar bütün dünyada var, hətta inkişaf etmiş ölkələrdə də belə faktlara rast gəlinir. Amma belə kütləvi intiharlar adətən sosial faktorlarla daha çox bağlıdır. Bu gün insanlar az sosialdır. Yəni bir-birilə az ünsiyyətə girirlər. SSRİ dönəmində yaxın qohumlar bir-birinə tez-tez gedir, dərdləşir, fikirlərini bölüşürdü, insanlar dialoq içində idi. Amma indi belə şeylər yoxdur, sanki hər kəsin başı öz problemlərinə qatılıb. Yəni insanlar özlərinə qapanıb. Bir sözlə, cəmiyyətdə sosial tərəzi itib, əvəzində bir autizm yaranıb. Yaranan durumda çətin vəziyyətə düşən şəxslər, sinir sistemi zəif olan insanlar bəzən intiharlara əl atırlar. Səbəb daha çox bununla bağlıdır. Amma digər səbəblər də mövcuddur. Hər halda bu gün insanların bir-birinə münasibətinin bu cür dəyişməsi, insanlar arasında aqressiyanın artması, cəmiyyətdə sosial müdafiənin sıfıra enməsi durumunda bəzən ciddi problemlər yaranır və bu da intiharla nəticələnir. Azərbaycanda intiharlar təhlil edilərsə səbəblərin bu məqamlar olduğu bəlli olar.

Ancaq deputat Musa Quliyev deyir ki, intiharların kasıbçılıqla əlaqəsi yoxdur…

– Yox. Məncə, yanlış yanaşmadır. Təbii ki, həm də hakimiyyətin xoşuna gəlmək üçün deyilən fikirlərdir. Mən hesab edirəm ki, obyektiv olmaq lazımdır. Daha çox malalamaq deyil, vəziyyətdən çıxış yolunu aramalıyıq. Əgər bu yol tutulmasa biz bataqlığa doğru gedəcəyik.

– Son illər insanlar arasında ciddi aqressiya hiss edilir. Məsələn, ictimai nəqliyyatda insanlardan biri digərinin ayağını tapdalayanda və ya ona bilməyərəkdən toxunanda səs-küy qalxır. Sizcə, insanlar arasında bu gərginlik daha çox nə ilə bağlıdır?

– Hesab edirəm ki, bunun da səbəbi sosial faktorlardır. Sosial müdafiə yox, hamı panika içindədir. Diqqət edin, normal şüuru olan insan fikirləşir ki, övladı ağır xəstə olsa neyləyəcək. Və ya hansısa ciddi problemlə üz-üzə gələndə addımları nədən ibarət olacaq. Normal insanlar bunu düşünür, daima analiz edirlər. Xüsusilə, bu adamlar həm də cəmiyyətin problemləri ilə yüklənib. Bəzilərinin kredit borcu var, bəziləri digər problemlərlə üz-üzədir. Odur ki, insanlar arasında belə tendensiya mövcuddur. Üstəlik insanların rahatlığı yoxdur. Bütün bu məqamlar insanlarda toplanıb və son nəticədə onların bir-birinə qarşı qəzəbi formalaşdırır. Ən mühümü cəmiyyətdə mülkiyyətin, məhsulların, gəlirlərin ədalətsiz bölüşdürülməsinə qarşı insanlarda qəzəb var. Bu da sosial faktor kimi ifadə olunur. Son nəticədə münasibətlərdə aqressiya ortaya çıxır. Fikir verin, bıçaqlanmalar, döyülmələr, qətllər də haradasa bununla bağlıdır.

– İndiki münasibətlər sistemi, proses dərinləşdikcə bu hallarda artacaq?

– Təbii. Nə qədər ki, cəmiyyətdə sosial müdafiə elementləri aşağıdırsa, o qədər dələduzluq elementləri, sosial mənşəli cinayətlərin sayı artıq. Bu sosial qanunauyğunluqdur.

– Bəzi mütəxəssislər deyir ki, cəmiyyətdə depressiya var, müəyyən mütəxəssislər isə hesab edir ki, depressiya mövcud deyil, sadəcə biganə bir cəmiyyət formalaşıb və proseslərə laqeyd yanaşır. Siz bu haqda nə düşünürsünüz?

– Sözsüz ki, depressiya var və bunun da səbəbi yuxarıda sadaladığımız sosial problemlərdir. Optimizm üçün də əsas yoxdur. İnsan necə süni optimist ola bilər? Depressiya bayaq sadaladığımız faktorlardan şərtlənən əhval-ruhiyyədir. Bizim sinir sistemimizdə stimullaşdırıcı faktorlarının azalması depressiyanın əsasında dayanır.

– İcbari tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunub, hətta təsdiq də edilib. Az qala qanunun qəbuluna 20 il yaxınlaşır, amma qanun hələ də işləmir. İndi deyirlər ki, 2017-ci ildə bəzi regionlarda icbari tibbi sığortanı layihə kimi həyata keçirib növbəti ildə tam bu sistemə keçid olacaq. Bu nə dərəcədə realdır?

– Diqqət edin, ən gözəl qanunların kağız üzərində olması heç nəyi həll etmir. İngiltərə kimi maliyyə baxımından fantastik və sosial ölkənin konstitusiyası yoxdur. Amma baxın görün bu ölkə qanunlar əsasında neçə çalışır. Yəni ən gözəl qanunların yazılması hər şey deyil. Qanunların icrası, onun xalqın mənafeyinə yönəlməsi əsas şərtdir. Bu da siyasi iradədən asılıdır. Bizdə icbari tibbi sığorta indiyə qədər formal xarakter daşıyır. Yəni insanlar və əhali bundan mənfəət götürə bilmir.

– Qanunun tətbiqi üçün nə lazımdır ki, hökumət onu etməkdə çətinlik çəkir?

– Bunun təsdiqinə ehtiyac yoxdur, qanunun həyata keçirilmə mexanizmləri müəyyən edilməlidir. Məsələn, indi mən yeni qiymətlərə diqqət edirəm. Hazırda yeni qiymətlər icbari tibbi sığortanın reallığını sual altına qoyur. Əvvəla, icbari tibbi sığorta məsələsində ilk olaraq kontingent müəyyən edilməlidir.

– Azərbaycanda icbari tibbi sığorta kontingenti necə müəyyən edilməli, burada kimlər olmalıdır?

– Mənim fikrimcə, birinci məsələ tam ehtiyacı olan insanların müəyyən edilməsidir. Bunlar kimdir? Tək uşaqlı analar, heç bir yerdə işləməyən şəxslər, tələbələr. Hansılar ki, bunlar birbaşa dövlət tərəfindən himayə edilir və dövlət büdcəsindən maliyyələşir. Bu ən böyük kateqoriyadır. Bu gün səhiyyə ayrılan büdcə və ya sosial sığorta üçün cəlb edilən vəsaitlər əhalinin bu hissəsinin yetərincə tibbi sığortadan bəhrələnməsinə imkan verirmi? İkinci kateqoriya işsizlər olmalıdır. İşsizlər dünyanın hər yerində əmək birjalarında qeydiyyat olur və birjalar tərəfindən maliyyələşir. Bizdə bu mexanizm və institutlar yoxdur. Bu kateqoriya əhalinin sığortalanması da dövlətin üzərinə düşür. Üçüncü kateqoriyaya aid şəxslər dövlət və özəl sahələrdə işləyənlərdir və öz əmək haqlarından sığortalanır. Dördüncü kateqoriyaya iri gəlirlərə malik olan biznes adamları, dövlət məmurlarıdır. Onlar xüsusi qayda da sığortalanır. Beləcə əhalinin bütün kateqoriyası sığortalanmış olur. İcbari tibbi sığortasının kontingenti müəyyən olduqdan sonra onun fəaliyyət dairəsi də müəyyən edilməlidir. Yəni ilk növbədə doğuş və təxirəsalınmaz tibbi yardımı sığortalaya bilərik. Yəni avtoqəzaya düşən, qanaxması olan, təcili cərrahiyyə əməliyyatına ehtiyacı olan sahələri. İlk növbədə təcili tibbi yardıma ehtiyacı olanları və doğuşu sığortalamaq lazımdır. Məncə, bu çox vacib məsələdir.

Sizcə, yaxın 2-3 ildə bunu gerçəkləşdirmək mümkündürmü?

– Adi proseduraları həyata keçirmək üçün ayrılan vəsait yetərincə deyil. Söhbət ondan gedir ki, əməliyyatların böyük əksəriyyətində xeyli cərrahiyyə avadanlıqları lazım olur. Çünki bəziləri sərfiyyat avadanlığıdır və bir dəfə istifadədən sonra atılır. Bu xeyli xərcdir və xaricdən alındığı üçün vəsait tələb edir. Odur ki, effektiv fəaliyyət üçün sığorta vəsaitlərinin hələlik yetərli olduğunu düşünmürəm. Buna görə, effektiv icbari tibbi sığortanın tətbiqi yaxın illərdə real olmayacaq.

Nemət Orucov

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button