Xəbərlər

Bəşir Süleymanlı: Baş verənlər dövlətə qarşı etimadsızlıq yaradır

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycan hökumətinin İsrailin “NSO Group”undan “Pegasus” proqramı alaraq jurnalistləri, siyasi fəalları, vəkilləri və digər şəxslərin telefonlarını dinlədiyi barədə bəyanatı gündəmin müzakirə predmetidir.

Siyahıda adı olanlar arasında Vətəndaş Hüquqları İnstutunun rəhbəri Bəşir Süleymanlı da var.

–       Bəşir bəy, ümumiyyətlə, telefonunuzun dinlənildiyini ehtimal edirdinizmi?

–       Uzun illərdir vətəndaş cəmiyyəti, insan hüquqlarının müdafiəsi sahəsində çalışırıq və zaman-zaman da təzyiqlərə, təqiblərə məruz qalmışıq. Müxtəlif qurumlar tərəfindən fəaliyyətimiz təqib olunub, izlənmişik. Buna görə də belə təəssürat yaranırdı ki, fəaliyyətimiz nəzarət altındadır, o cümlədən, hərəkət trayektoriyamız, kimlərlə görüşürüksə, həmin adamlar da nəzarətdədir. Bu baxımdan telefonlarımızın da dinlənilməsini ehtimal edirdik. Təbii ki, əlimizdə dəqiq əsaslarımız olmadığından ehtimallarla yanaşırdıq bu məsələyə. Amma ehtimallarımız da doğru çıxırdı, təsdiqini tapırdı. Məsələn, illər öncə hansısa bölgəyə səfərlərimiz zamanı görüşdüyümüz adamların müxtəlif qurumlar tərəfindən sorğu-suala tutulması əsas verirdi deyək ki, fəaliyyətimiz nəzarət altındadır.

–       Telefonunuzun dinlənildiyi haqda məlumat alanda nə düşündünüz və kimlərə müraciət etdiniz?

–       Bir insan olaraq çox pis təsir etdi. Mən vətəndaş olduğum ölkənin hüquq-mühafizə orqanları, rəhbərliyi tərəfindən dinlənilirdim. Baxmayaraq ki, “Peqasus” proqramı terror cinayətində iştirakçı oalnlarla bağlı hazırlanıb və bu kimi adamlara qarşı istifadə üçün dövlətlərə satılıb. Bu proqramın insan hüquqlarının müdafiəsində çalışan birinə qarşı yönəlməsi pis təsir göstərdi. Bununla bağlı vəkillərlə, adları siyahıda olanlarla müəyyən məsləhətləşmələr apardıq və müvafiq olaraq hüquqi çərçivədə prosesi aparmağı düşünürük.     

–       Bəşir bəy, “Peqasus” proqramı ilə dinlənilənlərin siyahısında hökuməti dəstəkləyənlərin də adları yer alıb. Onların adı bu siyahıya şübhə yaradır, bu barədə nə deyə bilərsiniz?

–       Düşünmürəm, o məqam şübhə yaradıcı amildir. Dinləmə prosesini araşdırsaq, çoxvektorlu şəxsləri əhatə etdiyi məlum olar. Yalnız müxalifət, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər ola bilməz. O cümlədən, hökumətin ətrafında olan adamlar da zaman-zaman siyahıya düşə bilər. Siz ehtimal etmirsiniz ki, həmin proqram olmasa belə, digər təhlükəsizlik qurumları nazirlikləri, komitələri, idarəetmədə iştirak edənləri də dinləyir? Məncə, hətta daxildə də olsa, bu baş verir. Biz icra başçılarının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iş başında yaxalanması zamanı gördük ki, bu adamlar daim izlənilib. Lazım olan vaxtda da onlara qarşı istifadə ediblər.

–       Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycandan dinlənilərin sayının çox olduğunu deyib. Ancaq siyahının bir hissəsini açdılar, sizcə, adların tam açıqlanmasına ehtiyac varmı?

–       Mən artıq yəqin etmişəm ki, OCCRP təxminən bir qrupdan adlar açıqlayıb. Məsələn, jurnalistlərdən, vətəndaş cəmiyyəti nümayəndələrindən, hökumətə yaxın jurnalistlərdən. Bu, yenə də həmin şəxslərin əhatə dairəsini daha geniş olanıdır. Bundan çox olası deyil, təbii ki, daha çox insanın dinlənilməsi və adların çox olması hansısa bir prosesə səbəb ola bilər, insanlarda narahatlıq yaradar, o cümlədən, ölkələrə qarşı etimad itər. Əgər bir ölkənin rəhbəri vətəndaşları məhkəmə qərarı olmadan, yaxud cinayətdə iştirakçı olmadığı halda dinlətməyə məruz qoyursa, bu, yaxşı hal deyil və dövlətə qarşı etimadsızlıq yaradır.

–       Bu barədə xəbəri alandan sonra hansı təhlükəsizlik tədbirləri gördünüz?

–       Əvvəla, müxtəlif proqramları azaltmağa çalışdım, bəzilərini yenlədim. Ümumiyyətlə, telefon vasitəsilə şəxsi işlərimi aparmamağa çalışıram. Onsuz da bizim ictimai fəaliyyətimiz gizli deyil, açıqdır, nəhayət, qanunvericilikdə qadağan olunan işlərlə məşğul deyilik. Buna görə narahat deyiləm.

O cümlədən, jurnalistlər. Onlar da yazmaqdan başqa ayrı nə iş görür? Yazmaq, çəkib göstərmək, bunlar açıq fəaliyyətdir. Ona görə narahatlıq doğuran şəxsi həyata müdaxilədir, ailəsi, dostları və digər yaxınlarla olan münasibətlərin nəzarətdə saxlanılması diskamfort yaradır. Ən əsası bu, Konstitusiyanın 31-ci maddəsinin pozuntusudur, vətəndaşın şəxsi həyatına müdaxilədir. Bir daha deyirəm, biz gizli fəaliyyətlə məşğul deyilik ki, narahat olaq. Onsuz da indiyə qədərki fəaliyyətimiz açıq olub, bundan sonra da belə davam edəcək.

–       Məsələni hüquqi müstəviyə gətirəcəksinizmi?

–       Əlbəttə, vəkillərimizlə müzakirələr aparırıq. Müəyyən sənədlər əldə edildikdən sonra, hüquq-mühafizə orqanlarına məsələnin araşdırılması ilə bağlı şikayətimiz olacaq. Təbii ki, yerli məhkəmələrin şikayəti ədalətli araşdıracağına inanmıram, amma bu şikayəti Avropa İnsan Haqları Məhkəməsinə qədər aparmağı düşünürük.


24 saat” “Bəşir Süleymanlı: Baş verənlər dövlətə qarşı etimadsızlıq yaradır” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button