Loading...
Loading...
SEÇMƏ

Bakıda yolu bağlayan yük maşınının sürücüsünün məhkəməsi başladı

Yayımlandı: 23 Avqust 2022 15:23

Rəmiş Cəfərov atasıyla birlikdə mühakimə olunur

Bu ilin fevralında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə sənədlərini verməməsinə etiraz olaraq, yük avtomobillərinin sürücülərinin Bakıda – Heydər Əliyev prospektində yolu bağlamasıyla əlaqədar məhkəmə prosesi başlayıb. Etiraz aksiyası keçirən “R Group Azerbaijan” yükdaşıma şirkətinin sürücülərindən üçünə o zaman inzibati qaydada 30 sutka həbs cəzası verilsə də, şirkətin rəhbəri Rəmiş Cəfərov haqqında cinayət işi başlanmışdı. Altı aydır həbsdə olan Rəmiş Cəfərov indi məhkəmə qarşısına çıxarılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) maddələrilə ittiham irəli sürülüb.

Rəmiş Cəfərov məhkəmə qarşısında tək deyil. O, atası Zəkrəm Cəfərovla birlikdə mühakimə olunur. Lakin atası həbsdə deyil. İstintaq dövründə onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Rəmiş Cəfərov həbs olunduğu gün atası jurnalistlərə açıqlama verərək, “qara maskalılar”ın evinə hücum etməsi, oğlunu döyə-döyə aparmaları haqda danışmışdı.

Ata və oğul Cəfərovların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmənin hazırlıq iclasında məlum olub ki, Zəkrəm Cəfərovun hüquqlarını müdafiə edəcək vəkili yoxdur. Qanun isə şəxsin vəkili olmadan mühakimə olunmasını qadağan edir. Bu üzdən Cəfərovların işi üzrə məhkəmə iclası avqustun 26-na qədər təxirə salınıb.

Sürücü Rəmiş Cəfərov

Fevralın 17-də səhər saatlarında dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən onlara icazə sənədlərinin verilməməsinə etiraz edib.

Cinayət işinin materiallarında Rəmiş Cəfərovun yolu bağlamaqla ictimai qaydanı pozduğu, həmçinin onun atasıyla birlikdə bir neçə nəfərə malların daşınması məsələsində ziyan vurduğu, yükü ələ keçirdiyi iddia olunur.

Lakin onlar özlərini təqsirli bilmir, etiraz aksiyasına görə cəzalandırıldıqlarını deyirlər.

Etiraz aksiyasından sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomibil Nəqliyyatı Xidməti TIR sürücülərinin aksiyası ilə bağlı açıqlama yayaraq Rəmiş Cəfərovun özünü ittiham edib:

“İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib. Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəlllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. Məlumat üçün bildirək ki, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurur.

Yalnız bir daşıyıcı-Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub. Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozub”.

Gözdən qaçırmayın:  Rusiya Yaponiyanı sanksiyalara görə günahlandırıb

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Cəfərovların evinə “qara maskalılar”ın hücum etməsi, Rəmiş Cəfərova qarşı zor tətbiq olunması haqda iddiaları təkzib edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button