2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Baş tutmayan intihar, 17 il sonrakı ölüm, casus təyyarənin sonu 

Yadigar Sadıqlı

Əvvəli burada: https://pressklub/bash-xeber/casus-teyyare-rehberin-qezebi-ve-meshur-sosiska-yalani/

…1960-cı il mayın 16-da Parisdə dörd dövlətin  – ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin sammiti keçiriləcəkdi. Ayzenhauerin bu sammitdə özünü daha arxayın hiss etməsi üçün SSRİ-nin qitələrarası ballistik raketlərinin sayı barədə ətraflı məlumata ehtiyacı vardı. Buna görə də sovet ərazisi üzərindən daha iki uçuşa icazə verdi.

İlk uçuş aprelin 9-da həyata keçirildi. Bob Eriksonun idarə etdiyi və Pakistanın Pişəvər şəhərinin yaxınlığındakı aviabazadan qalxan təyyarə SSRİ-nin bir sıra məxfi obyektlərinin üzərindən uçdu, sovet qırıcılarının vurmaq cəhdlərindən yayındı və İranın Zahedan şəhəri yaxınlığındakı bazada yerə endi.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci uçuş əslində aprelin 29-da olmalı idi, amma təyyarə üçün nəzərdə tutulan marşrutda hava buludlu olduğundan bir gün təxirə salındı. Ertəsi gün də buludlar dağılmadı. 

Mayın 1-də hava yaxşılaşdı və Frensis Qeri Pauersin idarə etdiyi U-2 səhər tezdən Peşəvərdən havaya qalxdı. Təyyarə sovet sərhədini Moskva vaxtı ilə 05:36-da, Tacikistanın Kirovabad (Pənc) qəsəbəsi yaxınlığında keçdi. O, bir neçə məxfi obyektlər, xüsusən də Baykonur və Plesetsk kosmodromları, nüvə silahının istehsal edildiyi Arzamas-16 (Sarov) şəhəri üzərində çəkilişlər aparmalı və şimala uçaraq, Norveçin Budö şəhəri yaxınlığındakı bazada enməli idi.

Uçuşun məcburən olsa da mayın 1-nə salınması səhv addım idi. SSRİ-də belə günlərdə hərbçilər gücləndirilmiş iş rejiminə keçirdilər. Digər tərəfdən, uçuşlar az olurdu. Buna görə də Düşənbə qarnizonunun radiolokasiya sistemi təyyarəni dərhal radarda tutdu və komandanlığa xəbər verdi. Məsələ qısa müddətdə yuxudan oyadılan Xruşşova qədər getdi və “nəyin bahasına olursa-olsun, vurun” əmri gəldi. 

Pauersi əvvəlcə uçuş tavanı 20 min metr olan Su-9 qırıcısı ilə vurmağa cəhd göstərildi, özü də taran şəklində. Çünki təsadüfən yaxınlıqda olan Su-9 qırıcısı təmir olunduğu zavoddan hərbi hissəyə qayıdırdı və heç bir silahı yox idi. Casus təyyarəsini taran etmək əmri alan kapitan İqor Mentyukov heç yüksəklik kostyumu geyinməmişdi. Bu da o demək idi ki, tarandan sonra sağ qalmaq şansı yox idi.

Amma 08:10-da havaya qalxan Mentyukov taran edə bilmədi. Yerdəki operator onu düzgün yönləndirmədi və daha yüksək sürətli Su-9 Amerika təyyarəsinin yanından keçdi. İkinci cəhd üçün isə yanacağı yetərli deyildi. Beləcə, Mentyukov aerodroma qayıtmalı oldu.

Su-9-un yerə enməsindən sonra, saat 08:43-də havaya iki MiQ-19 təyyarəsi (pilotlar – Sergey Safronov və Boris Ayvazyan) qaldırıldı. Amma onların da U-2-ni vura biləcəkləri ağlabatan deyildi, çünki MiQ-lərin uçuş tavanı 15600 metr idi. Belə olduqda ümid yalnız yeni, 1957-ci ilin dekabrında orduya qəbul edilən “S-75 Dvina” zenit-raket kompleksinə qaldı. 

Saat 08:53-də, U-2 artıq sovet ərazisinin içərilərində – Sverdlovsk (indi: Yekaterinburq) yaxınlığında uçarkən sovet zenit divizionlarından biri ona üç S-75 raketi ilə atəş açdı. Raketlərdən elə birincisi hədəfə dəydi. Xarakteristikasına uyğun olaraq hədəfin yanında partlayan raketin qəlpələri U-2-nin quyruğunu və yeganə mühərrikini zədələdi, təyyarə düşməyə başladı.

Amma sovet zenitçiləri hədəfin vurulduğunu bilmirdilər və yarım saat müddətində daha bir neçə raket atdılar. Onlardan biri Safronovun idarə etdiyi MiQ-ə dəydi və pilot həlak oldu. Ayvazyan isə sürətlə aşağı enərək, raketlərin atəş sahəsindən çıxa bildi.

Vurulan Lockheed-U2 təyyarəsinin bir parçası

Müəyyən çətinliklər üzündən Pauers yalnız 10 min metr hündürlükdə katapult etdi. O, Kosulino kəndi yaxınlığında yerə düşdü və yerli sakinlər tərəfindən saxlanıldı. Pilotda sağ ələ keçməmək üçün zəhərli iynə var idi, amma bundan istifadə etmədi. O, təyyarəni tərk etməzdən əvvəl təlimata görə casus avadanlığını da məhv etməli idi, ancaq bunu da etmədi. 

Lockheed – U2-nin qalıqları

Təyyarənin vurulması barədə dərhal Moskvaya xəbər verildi və tribunadakı Xruşşovun əhvalı düzəldi. O, vəcdə gələrək, nümayişçiləri “Yaşasın sovet ordusu” hayqırtısı ilə salamladı.

*** 

Sovet rəhbərliyi dörd il ərzində zorən dözdüyü həqarətin acığını çıxmaq üçün fürsət qazandı. Təyyarəni vurduqlarını bildirməyərək, amerikalıları intizarda saxladılar, onların nə deməsini gözlədilər. ABŞ tərəfinin mayın 3-də yaydığı məlumatda bildirilirdi ki, SSRİ-Türkiyə sərhədində, atmosferin yüksək qatlarında meteoroloji tədqiqat aparan təyyarə itkin düşüb, ehtimal ki, pilot oksigen çatışmazlığı üzündən huşunu itirib və avtopilotda olan təyyarə sovet ərazisinə keçib.

Nikita Xruşşov isə mayın 5-də sovet ərazisinə daxil olan təyyarənin vurulduğunu açıqladı, amma pilot barədə yenə də bir söz demədi. Amerikalılar pilotun öldüyünə və casus avadanlığının məhv edildiyinə bir az da əmin oldular və elə həmin gün meteoroloji tədqiqatlar barədə yalanı bir daha təkrar etdilər.

Mayın 7-də isə Xruşşov son zərbəni vurdu: “Mən birinci dəfə bu barədə danışanda pilotun sağ və salamat olmasını qəsdən demədim. İndi görün, amerikalılar nə qədər cəfəngiyyat danışıblar”. Bunun ardınca təyyarədən çəkilən şəkillər sübut kimi ortaya qoyuldu. Çarəsiz qalan amerikalılar hər şeyi etiraf etməli oldular.

*** 

Mayın 16-da dörd dövlət rəhbərinin Paris sammiti işinə başladı. Fransa prezidenti Şarl de Qolldan birinci söz istəyən Nikita Xruşşov ölkəsinin sərhədlərinin amerikalılar tərəfindən pozulmasından danışmağa başladı. Getdikcə səsini qaldıran sovet liderinə de Qoll “bu otağın yaxşı akustikası var” deyərək, mədəni şəkildə səsini aşağı salmasını istədi. 

Amma Xruşşov sakitləşmək bilmirdi. O, ABŞ prezidentinin üzr istəməsini tələb edirdi, bunun da baş verməsi ehtimalı yox idi. Vəziyyəti yumşaltmağa və ev sahibi olduğu sammiti xilas etməyə çalışan de Qoll SSRİ-nin bir gün əvvəl buraxdığı Sputnik-4 peykinin də bir neçə dəfə Fransanın üzərindən keçdiyini xatırlatdı.

Bununla belə, Xruşşov dediyindən dönmədi. O, ertəsi gün bildirdi ki, əgər Ayzenhauer üzr istəməsə, daha sammitdə iştirak etməyəcək. ABŞ prezidentinin isə belə bir fikri yox idi və sammit işinə başlamamış yekunlaşdı. 

*** 

Qeri Pauers avqustun 19-da SSRİ Ali məhkəməsini Hərbi kollegiyası tərəfindən 10 il azadlıqdan məhrum edildi. O, cəzasının ilk 3 ilini həbsxanada çəkməli idi və “Vladimir sentralı” kimi tanınan məşhur qazamata göndərildi. Amma cəmi ilyarım sonra, 1962-ci il fevralın 10-da Şərqi və Qərbi Berlinin arasında yerləşən Qlinik körpüsündə ABŞ-da həbs olunan sovet kəşfiyyatçısı Rudolf Abellə dəyişdirildi. 

Pilot Amerikada çox da isti qarşılanmadı. Onu casus avadanlığını məhv etməməkdə, eləcə də intihar etməyib ifadə verməkdə qınayırdılar. Amma rəsmən heç bir ittiham irəli sürülmədi. Ömrünün son illərində “KNBC Channel 4” telekanalında helikopter pilotu işləyirdi.

1977-ci il avqustun 1-də Santa Barbara ətrafında meşə yanğınlarının çəkilişindən qayıdarkən Pauersin idarə etdiyi helikopterin benzini qurtardı. Pilot onu avtorotasiya ilə boş sahəyə endirərkən son anda aşağıda oynayan uşaqları gördü və helikopterı kənara apardı. Nəticədə qəza baş verdi, Pauers və kanalın operatoru həlak oldular…

24 saat” “Baş tutmayan intihar, 17 il sonrakı ölüm, casus təyyarənin sonu ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button