2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bax, bu səbəbdən Söyüdlü böhranı həll olunmur

AXCP sədri Əli Kərimli

Bir anlıq təsəvvür edək ki, hakimiyyət Söyüdlü camaatı ilə qarşıdurmanı dayandırır və xalqla dil tapmağa çalışır. Kəndin içindən və ətrafından polis postları yığışdırılır. Şərlənərək həbs olunmuş kənd sakinləri azad edilir. Yaşlı analara əl qaldıran polislər cəzalandırılır. Qızıl mədənlərindəki zəhərli istehsalat dayandırılır. Mədən sahiblərinə deyilir ki, bir az xərc çəkib müasir avadanlıq alarsız, qızıl istehsalının təbiətə vurduğu və vuracağı zərəri aradan qaldırarsız, sonra istehsalata başlayarsız. Söyüdlü kəndi ətrafında yaradılmış süni sianidli gölün qurudulması və ətraf mühitin təmizlənməsi də qızıl mədənlərini işlədən şirkətin üzərinə qoyulur. Sianidin təsirilə səhhəti korlanmış kənd sakinlərinin müalicəsi dövlət səviyyəsində təmin edilir. Bilirəm hakimiyyətin bütün bunları edəcəyini siz təsəvvür belə edə bilmirsiz. Hərçənd, bu sadaladığım işlər istənilən normal, seçkili hakimiyyəti olan ölkədə hökumətin görməli olduğu ən zəruri işlərdir. Ancaq biz Azərbaycan hakimiyyətinin belə insani addımlar atacağını təsəvvür belə edə bilmirik. Buna baxmayaraq, yenə də xəyal gücümüzü bir az məcbur edək və nəhayət, təsəvvür edək ki, hakimiyyət bu addımları həqiqətən atır. İndi də ardını təsəvvür etməyə çalışaq. Bu addımların atılmasının ölkə üçün, hakimiyyət üçün hansı nəticələr doğura biləcəyini düşünək.

Saytların yığılması Saytlarin yigilmasi

Hakimiyyət həqiqətən də Söyüdlü camaatı ilə insancasına, sivil davranıb, yuxarıda sadaladığım addımları atsa, ilk növbədə Söyüdlü camaatı içində də, elə bütövlükdə xalq içində də hakimiyyətə münasibət az da olsa, müsbətə doğru dəyişər. Söyüdlü sakinlərinin bir çoxu təzyiqsiz, filansız da hakimiyyətdən razılıq edər, İlham Əliyevə bu ədalətli münasibətə görə təşəkkür edər. Bütövlükdə ölkə miqyasında da bir çox insanın hakimiyyətə münasibəti yaxşılığa doğru dəyişər. İnsanlarda az da olsa, ümid yaranar ki, hakimiyyət başbilənləri insafını tam itirməyibmiş.

Gördüyünüz kimi, Söyüdlü camaatı ilə qarşıdurmanı dayandırmaq, onların tələblərini yerinə yetirmək əslində siyasi baxımdan hakimiyyətin xeyrinə olar, onun reytinqini qaldırar. Bəs o zaman nəyə görə belə hərəkət edib, xalqın az da olsa, rəğbətini qazanmağa çalışmırlar? Bax burada rejimin mahiyyəti üzə çıxır.

Rejim üçün xalqın ona rəğbətindənsə, qorxması daha vacibdir. Rejim Söyüdlü böhranını yuxarıda təsvir etdiyim sivil yolla həll etsə, reytinqini artırar, ancaq xalqın hakimiyyətdən qorxusu da azalar. Rejim üçün ən mühüm vəzifə, prioritet odur ki, xalq ondan qorxsun. Sevmir, sevməsin. Dəstəkləmir, dəstəkləməsin. Ancaq mütləq qorxsun və qorxusundan itaət etsin. Xalqın nifrətini və qorxusunu qazanmağı sevgisini, dəstəyini qazanmaqdan daha vacib bilən hakimiyyət təbii ki, xalqın hakimiyyəti ola bilməz. Ona görə də rejim Söyüdlü ilə də, bütün Azərbaycanla da işğal edilmiş ərazi kimi davranır. Xalqlar da işğalçılardan və işğalçı kimi davrananlardan yalnız milli birlik, elliklə mübarizə ilə xilas ola bilər. Biz də milli birlik yaratmalıyıq. İlk növbədə Söyüdlüyə azadlıq və ədalət üçün birləşməli və bu tələbi hamılıqla müdafiə etməliyik.

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button