Dünya

Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək

ABŞ Prezidenti Co Bayden Çinin artan iddialarına qarşı müqavimət göstərmək məqsədilə əməkdaşlığı gücləndirmək istəyən “Quad” ölkələrinin — Avstraliya, Hindistan, Yaponiya və ABŞ — liderləri ilə ilk zirvə toplantısına ev sahibliyi edəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki açıqlamasında sammitin sentyabrın 24 -də Vaşinqtonda, Ağ Evdə keçiriləcəyini bildirib.

Avstraliyanın Baş naziri Skott Morrison, Hindistan Baş naziri Narendra Modi və Yaponiyanın Baş naziri Yoçihide Suqanın ABŞ-a səfəri Baydenin sentyabrın 21-də BMT-nin Baş Assambleyasının iclasında çıxış edəcəyi dövrə təsadüf edir.

Mart ayında keçirilən virtual görüş zamanı “Quad” liderləri COVID-19 peyvəndi, iqlim dəyişikliyi və Pekinin iddiaları qarşısında azad və açıq bir Hind-Sakit Okean regionu məsələləri ilə bağlı sıx əməkdaşlıq edəcəklərini vəd edib.

“Quad liderlərini evində qəbul etmək Bayden-Harris administrasiyasının Hind-Sakit Okeanı məsələsində iştirakı da daxil olmaqla, 21-ci əsrin problemlərinə cavab vermək üçün yeni və çoxtərəfli sahələrlə məşğul olmağın prioritetini nümayiş etdirir” – deyə, Psaki bildirib.

Baydenin Hind-Sakit Okean regionu üzrə koordinatoru Kurt Kampbell iyul ayında deyib ki, çoxdan planlaşdırılan üz-üzə görüş zamanı peyvənd diplomatiyası və infrastrukturu ilə bağlı “həlledici” öhdəliklərin götürülməsi ehtimal olunur.

Öz ölkəsində böyük infrastruktur xərcləri çəkən Bayden, mart ayında Britaniyanın Baş naziri Boris Consona demokratik ölkələrin Çinin Şərqi Asiyadan Avropaya qədər layihələri əhatə edən kütləvi Kəmər və Yol Təşəbbüsü ilə rəqabət aparmaq üçün ortaq bir infrastruktur planına malik olmasını təklif etdiyini bildirib.

Psaki Quad liderlərinin əsasən “əlaqələrin dərinləşməsi və COVID-19-la mübarizə, iqlim dəyişikliyi böhranı, yeni texnologiyalar və kiber-məkanda ortaq çalışmaq, eləcə də azad və açıq Hind-Sakit Okeanı regionunu təşviq etmək kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək” məsələlərini müzakirə edəcəklərini deyib.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button