SEÇMƏ

Bölgədə sülh: Hamı razıdır, Rusiya yox!

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdə əldə olunmuş razılaşmanın icrası istiqamətində diplomatik səylər daha da gücləndirilib. 

Həmin görüşdən sonra Yelisey sarayının yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. “Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Missiya oktyabrda başlayacaq, maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”, – bəyanatda qeyd olunub.

Bu gün artıq Avropa İttifaqına üzv ölkələrin səfirləri Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Onun məqsədi etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir. Hazırda missiyanın icrası ilə bağlı detallar müzakirə olunur. Məsələn, Ermənistana nə qədər nümayəndə olacaq, hansı ölkələrdən və nə vaxt gələcəklər və s. “Buna baxmayaraq, missiyanın gələcəyi aydındır”, – Brüsseldəki diplomatik mənbə erməni mediasına bildirib.

ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 10-da İlham Əliyev və Nikol Paşiynanla apardığı telefon danışığında da müsbət irəliləyişlərin əldə olunması təqdir edilib. ABŞ Dövlət Departamentinin saytında dərc olunanan mətində yazılıb: 

“Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və liderlərinin bu yaxınlarda keçirilmiş danışıqları da daxil olmaqla davamlı sülh razılaşmasına doğru atdıqları pozitiv addımları dəyərləndirdiyini ifadə edib”.

Blinken oktyabrın 4-də Azərbaycanın 17 erməni hərbi əsrini geri qaytarmasından məmnunluğunu bildirməklə yanaşı Əliyevi sülh prosesinin davam etdirilməsi üçün əhəmiyyətli addımlar atılmasını davam etdirməyə çağırıb. Dövlət katibi sərhədin delimitasiyası, nəqliyyat qovşaqlarının açılması, itkinlərin identifikasiyası, məhbusların qaytarılması və başqa məsələlərdə Birləşmiş Ştatların dəstəyini bildirib.

Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib.

Həmin gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı olub. Tərəflər Praqa görüşündə əldə olunmuş razılaşmaların praktik icrası ilə bağlı müzakirələr aparıblar. 

Bu gün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan və Ermənistanın sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə etdiklərini deyib. Nazir əlavə edib ki, hazırda onların yerinə yetirilməsi qalır: 

“Beş əsas prinsip üzrə razılıq əldə olunub. Bura bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s daxildir. Yalnız bunları həyata keçirmək qalır”, – Çavuşoğlu vurğulayıb. Onun sözlərinə görə, Ankara və İrəvan arasında normallaşma prosesi ilə Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz. O, bu məsələnin Türkiyənin qırımızı xətti olduğunu vurğulayıb.

Göründüyü kimi, həm ABŞ, həm Avropa İttifaqı, həm də Türkiyə ən yüksək səviyyədə Azərbaycanla Ermənistan arasında gedən müzakirələrdə pozitiv məqamlardan bəhs edirlər. Söhbət hansı məqamlardan gedir, kompromis necə, hansı tərəfin güzəştləri hesabına əldə olunmaq üzrədir? Bəs Rusiyanın Qərbin bu fəallığını reaksiyası necə olacaq? 

Erməni mediasında bu gün yayılan məlumatda Azərbaycan hökuməti ilə Qarabağ ermənilərinin təmaslarına dair mexanizmlərin müzakirəsindən bəhs olunur. Yəni, Azərbaycan suverenliyik və ərazi bütövlüyü prinsiplərinə toxunulmadan Qarabağ erməniləri ilə danışmağa razılaşıb. Bu barədə Bakıdan hər hansı rəsmi açıqlama olmasa da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev dediklərini rəsmi mövqeyə yaxın hesab etmək olar. Şəfiyev bildirib ki, Azərbaycana Qarabağda ermənilərlə bağlı vəziyyəti həll etmək lazımdır: “Prezident İlham Əliyev onların ayrıca statusa malik olmayacağını, lakin Azərbaycan Respublikası Konstitusiyasının müddəaları çərçivəsində bütün hüquqlarının təmin ediləcəyini bildirib. Xarici diplomatlar və ekspertlər də mənə tez-tez sual verərək, bununla nəyi nəzərdə tutduğumuzu soruşurlar. Cavab verirəm ki, Azərbaycan Konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib. Məsələn, dillərini inkişaf etdirmək hüququ. Məlumdur ki, rus və gürcü dillərinin tədrisi Azərbaycan Respublikası büdcəsindən maliyyələşdirilir. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Teatrların, məktəblərin yaradılması və s. Təbii ki, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycan Respublikasının daxili işi kimi baxacağıq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, hər şey daxili dialoq çərçivəsində həll olunacaq. Bu dialoq isə əlbəttə ki, lazımdır”.

Gözdən qaçırmayın:  Apteklərdən yod “yoxa çıxır”

Təhlili Mərkəzinin direktoru vurğulayıb ki, Azərbaycan Qarabağın müstəqilliyi və sair bu kimi radikal ideyaları davam etdirən Qarabağ erməniləri ilə danışmayacağı birmənalı şəkildə aydındır: “Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq”.

Bu açıqlamadan belə məlum olur ki, rəsmi Bakı Qarabağ erməniləri ilə danışa bilər, amma hazırkı separatçı cinayətkar rejimin təmsilçiləri onların arasında olmayacaq. ABŞ və Avropa İttifaqının bu barədə mövqeyi məlum deyil. Ermənistan rəhbərliyi də ortaya Arayik Arutyunyanın qanuni təmsilçi kimi tanınması ilə bağlı israrçı mövqe qoymayıb.  

Amma Xankəndindəki qondarma rejim təmsilçiləri heç bir halda Azərbaycan rəhbərliyi ilə təmaslara getməyəcəklərini bəyan ediblər. Bundan başqa, Rusiya ilə onların sıxlaşan koordinasiyalı fəaliyyəti də diqqətdən qaçmır. Bu kontekstdə Qarabağ ermənilərinin bölgənin Rusiyaya birləşdirilməsi kimi təkliflərin ortaya atılması təsadüfi görünmür. Bu barədə ermənipərəst açıqlamaları ilə məşhur olan Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini Konstantin Zatulin erməni jurnalistin “Qarabağ Rusiyaya birləşdirilə bilərmi” sualını da cavablandırıb:

“Təbii ki, Qarabağ erməniləri çətin vəziyyətdədir və istənilən varianta hazırdırlar, lakin Rusiya indiki vəziyyətdə Qarabağı ilhaq edə bilməz. Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik, çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma deməkdir. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdə çıxış etsin”.

Zatulin daha sonra deyib: “Biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində öz rolumuzun fərqindəyik. Ancaq mənə elə gəlir ki, Ermənistan ilk növbədə, öz daxilində məsələləri həll etməlidir. Son vaxtlar Pelosinin səfəri və müxtəlif görüşlərlə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik. Başa düşürük ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, İrəvan Rusiya ilə sıx əlaqəni saxlayacaq qədər ağıllı olacaq”.

Rusiya rəsmisinin dediklərindən belə nəticə çıxır ki, Moskva Qarabağ erməniləri ilə bağlı öz oyununu oynayacaq. Ermənistan rəhbərliyinin problemin həlli ilə bağlı Qərblə sıx əməkdaşlığı isə onları bərk qıcıqlandırır. 

Bu mesaj dolayısı ilə Azərbaycana da ünvanlanıb və bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsinə kəskin münasibət bildirib: 

“Biz buna Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına növbəti dəfə bütün vasitələrlə mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq”.

Beləliklə, tərəflər Praqa razılaşmasının icrası ilə bağlı iradə nümayiş etdirirlər. Amma Azərbaycan-Ermənistan münaqişəsinin həllində 10 noyabr bəyanatı ilə rəsmi tərəfə çevrilmiş Rusiya ciddi narazıdır. Moskva Qərblə tam konfrontasiya şəraitindədir, Ermənistan da artıq bu cəbhədə görünür. Bakı isə ənənəvi mövqeni saxlamağa çalışsa da hiss olunur ki, Qərbin təzyiqləri getdikcə artır və bir mərhələdə Rusiyanın prosesdən tam təcrid olunması qaçılmazdır. O zaman Xankəndində nələr baş verəcək, Qərbin və Ermənistanın reaksiyası necə olacaq, Azərbaycan nə edəcək, bunlar məlum deyil. Bir sözlə, böyük qarşıdurmalar hələ qabaqdadır…

Turqut

24 saat” “Bölgədə sülh: Hamı razıdır, Rusiya yox!” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button