Cahangir Hacıyev “siyasi məhbus” söhbətinə aydınlıq gətirdi: “Sifarişlə yazırlar…” - 24 saat xəbərlər
Now Reading:
Cahangir Hacıyev “siyasi məhbus” söhbətinə aydınlıq gətirdi: “Sifarişlə yazırlar…”
Full Article 3 minutes read

Cahangir Hacıyev “siyasi məhbus” söhbətinə aydınlıq gətirdi: “Sifarişlə yazırlar…”

“Müəyyən qüvvələr Beynəlxalq Bankla bağlı həqiqətlərin üzə çıxmasında maraqlı deyil”

Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il həbs cəzası almış Cahangir Hacıyev mayın 8-də vəkilləri vasitəsilə bəyanat yayıb. Bəyanatda Cahangir Hacıyev özünün və müdafiəçilərinin onun “siyasi məhbus” elan olunması üçün ciddi cəhdlər göstərməsi haqda müxtəlif saytlarda yayılan xəbərlərə etiraz edir. Bildirir ki, həmin yazılar sifarişlə yazılır və cəfəngiyyatdan başqa bir şey deyil.

“Heç bir ciddi oxucu auditoriyası olmayan bu qəbildən olan saytlar maliyyə aldıqları adamların sifarişini yerinə yetirirlər. Mənim guya siyasi məhbus kimi tanınmaq üçün canfəşanlıq etməyim haqda yazılanlar yalan olmaqla yanaşı, həm də savadsızlığın göstəricisidir. Mən Cahangir Hacıyev olaraq, siyasi məhbus kimi tanınmaq istiqamətində heç bir addım atmamışam. Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət etməyib”, – deyə Cahangir Hacıyev bəyanatda bildirir.

Onun sözlərinə görə, özü və yaxınları, eləcə də vəkilləri bu istiqamətdə heç bir addım atmasalar da, şəxsin siyasi məhbus sayılması üçün kriteriyalardan biri olan məhkəmə ədalətsizliyinə məruz qalır: “Avropa Şurasının müəyyənləşdirdiyi meyarlara görə, şəxsin işinə baxılarkən prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir. Mənimlə bağlı istər Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses, istərsə də hazırda Bakı Apellyasiya Məhkəməsində davam edən məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə açıq-aşkar şəkildə həqiqətlərin üzə çıxmasının qarşısını almağa çalışır”.

Vəkillərinin Bakı Apellyasiya Məhkəməsində qaldırdığı 12 vəsatətin heç birinin təmin olunmamasından narazılıq edən Cahangir Hacıyevin sözlərinə görə, məhkəmə qanunvericiliyin ən adi tələblərinə də əməl eləmir: “Qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı. Əgər vəsatətlər təmin olunsa, bir xeyli həqiqətlər ortaya çıxar. Amma məhkəmə bu vəsatətlərin, hətta müzakirəyə çıxarılmasına, vəkillərimin çıxışına da imkan vermir. 12 vəsatəti heç bir müzakirə olmadan, bircə kəlmə ilə təmin olunmadığını elan edir”.

Həmin vəsatətlərdən biri Elite Construction”ın səhmlərinin alınması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsi haqda olub. Cahangir Hacıyevin sözlərinə görə, ona “Mekon” MMC və “Unioil” MMC ilə bağlı təminən 10 milyonluq mənimsəmə ittihamı verilib. Amma əllərində rəsmi sənədlər var ki, həmin vəsait “Elite Construction”ın səhmlərinin alınmasına sərf olunub.

C.Hacıyev bəyanatda vurğulayır ki, müəyyən qüvvələr Beynəlxalq Bankla bağlı həqiqətlərin üzə çıxmasında maraqlı deyil. Məhkəmə də həqiqətləri gizlədilməsində onlara kömək edir: “Beynəlxalq Bankla bağlı həqiqətlərin açılmasına əngəl yaratmaq, dövlət başçısının göstərişinə qarşı çıxmaqdır. Çünki Prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib. Belə görünür ki, məhkəmə də bu yolu tutub. Birinci instansiya məhkəməsinin çıxardığı qanunsuz və əsassız hökmü tələsik təsdiqləyib, məsələni bitirmək istəyirlər”.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Ona mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Beynəlxalq Bankın sabiq rəhbərinə 15 il həbs cəzası verilib.

Azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.