Loading...
Loading...
SEÇMƏ

Diktatorun qəzəbinə gələn “əsgərlər”, “qəvi düşmən”lə üz-üzə, bir komandanın hekayəti…

Yadigar Sadıqlı

İosip Broz Tito 1941-1945-ci illərdə Yuqoslaviyada nəhəng partizan hərəkatının rəhbəri idi. Bu hərəkat alman işğalı altına düşən ölkələr arasında ən nəhəng müqavimət hərəkatı sayılır. Təsadüfi deyil ki, İkinci dünya müharibəsi başa çatandan sonra Tito Yusolaviyanın rəhbərinə çevrildi.

Qərb ölkələrində Titoya dünya kommunist hərəkatının Stalindən sonra ən önəmli fiquru kimi baxırdılar. Amma bu iki lider arasında münasibətlər heç də rəvan getmirdi. Stalin Şərqi Avropa ölkələrində hakimiyyətə gətirdiyi fiqurlarla diktə ilə danışmağa öyrəncəli idi. Tito isə elə birisi deyildi.

İosip Broz həm xaraktercə marionet fiqur deyildi, həm də haqlı olaraq hesab edirdi ki, digər kommunist liderlərdən fərqli olaraq, hakimiyyətə gəlməsinə görə Stalinə yox, özünə və tərəfdarlarına borcludur. O, buna uyğun da davranır, hər addımına görə Moskvadan icazə istəmirdi.

Nəticədə iki ölkə arasında münasibətlər get-gedə korlandı və 1948-ci ildə tamamilə pozuldu. Stalin güman edirdi ki, onun açıq tənqidindən sonra Yuqoslaviya kommunistləri Titonu devirəcəklər, amma elə olmadı. Yuqoslavların böyük əksəriyyəti öz liderlərinin arxasında durdu. Nəticədə SSRİ-Yuqoslaviya ziddiyyəti uzunmüddətli şəkil aldı. Üstəlik, Yuqoslaviya hər hansı bir kapitalist dövlətindən, hətta qarşı düşərgənin liderinə çevrilən ABŞ-dan belə daha düşmən ölkə kimi qavranılırdı. 

*** 

1952-ci ildə Helsinkidə keçirilən XV yay olimpiya oyunlarında SSRİ idmançıları ilk dəfə iştirak edirdilər. Onların arasında futbolçular da vardı. 

Müharibədən sonrakı sovet futbolunda ordu futbolçuları hegemonluq edirdilər. Bu illərdə SDKA (Sentralnıy Dom Krasnoy Armii), 1951-ci ildən isə SDSA (Sentralnıy Dom Sovetskoy Armii) adı ilə çıxış edən “hərbçilər” 1945-1951-ci illərdə keçirilən 7 çempionatda 5 dəfə qızıl, 2 dəfə gümüş medal qazanmış, 3 dəfə ölkə kubokuna yiyələnmişdilər. Buna görə də olimpiadaya göndərilən komandada ən çox onlar təmsil olunurdular – 5 nəfər. Qapıçı Nikanorov istisna olmaqla, digər 4 nəfər (Başaşkin, Nırkov, Petrov və Nikolayev) əsas heyətin oyunçuları idilər. Üstəlik, komandanın sükanı arxasında da SDSA-nın məşqçisi Boris Arkadyev idi. 

Əvvəldən pley-off sistemi ilə keçirilən turnirin ilk oyunda SSRİ başqa bir sosialist ölkəsi ilə, Bolqarıstanla qarşılaşdı. Qolsuz bitən əsas vaxtdan sonra əlavə vaxt təyin edildi və 95-ci dəqiqədə bolqarlar hesabı açdılar. Amma sovet komandasını elə ilk mərhələdə turniri tərk etməkdən Bobrov və Trofimovun 100 və 104-cü dəqiqələrdə vurduqları qollar xilas etdi – 2:1.

İkinci mərhələdə isə rəqib ilk oyunda Hindistanı 10:1 hesabı ilə darmadağın edən Yuqoslaviya komandası idi. Yuqoslavlar yetərincə güclü komanda sayılırdılar, dörd il əvvəlki Olimpiadanın gümüş medalçısı idilər. İki ölkə arasında münasibətlər baxımından bu oyun siyasi əhəmiyyəti daşıyırdı. Hər iki ölkənin, xüsusən də sovet tərəfinin nümayəndələri bu barədə futbolçulara dönə-dönə xəbərdarlıq etdilər.

Amma iyulun 20-də Tampere şəhərinin “Ratina” stadionunda keçirilən oyunda sovet futbolçuları yuqoslavların hücumlarına təxminən yarım saat davam gətirdilər. 29 və 33-cü dəqiqələrdə vurulan qollardan sonra hesab 2:0 cənub slavyanlarının xeyrinə idi. 44-cü dəqiqədə isə daha bir qol vuruldu və komandalar fasiləyə 3:0 hesabı ilə yollandılar. 

Əgər sovet futbolçularının vəziyyətin dəyişəcəyinə mikroskopik ümidləri vardısa, 46-cı dəqiqədə buraxdıqları dördüncü qoldan sonra o da yox oldu. Düzdür, 53-cü dəqiqədə Bobrov bir qol vurdu, amma 6 dəqiqə sonra fərq yenə dörd top idi – 5:1. 

Sonrakı 16 dəqiqə ərzində oyun qanunauyğun sonluğa doğru gedirdi. Hətta 75-ci dəqiqədə Trofimovun vurduğu qol da nə sovet futbolçularını ümidləndirdi, nə də yuqoslavları qorxutdu. Amma 79-cu dəqiqədə Bobrov daha bir qol vuranda vəziyyət xeyli dəyişdi. Hesab artıq 5:3 idi və oyunun bitməsinə hələ 11 dəqiqə qalırdı. Vəziyyət ağır idi, amma əvvəlki kimi ümidsiz deyildi.

Bundan sonra SSRİ futbolçularının ikinci nəfəsi açıldı. Onlar sürətli hücumlar edir, dalbadal təhlükəli vəziyyətlər yaradırdılar. Yuqoslavlar isə az əvvəl sovet futbolçularının düşdüyü vəziyyətdə idilər, topu özlərində saxlaya bilmir, kor-koranə uzaqlaşdırırdılar. Nəticədə Bobrov 87-ci dəqiqədə het-trik edərək, fərqi minimuma endirdi (SSRİ yığmasının tarixində ilk het-trik). 89-cu dəqiqədə isə Petrov baş zərbəsi ilə hesabı bərabərləşdirdi – 5:5. 

Əlavə vaxtda psixoloji üstünlük və bundan dolayı oyun üstünlüyü yenə sovetlərin tərəfində idi. Onlar iki dəfə real qol vəziyyəti yaratdılar, amma birində Beskovun zərbəsi dirəyə dəydi, digərində isə Nikolayevin zərbəsini qapıçı Beara dəf etdi. Nəticədə əlavə vaxtda hesab dəyişmədi. 

O zamankı mövcud qaydalar belə hallarda 11 metrlik zərbələr seriyasını nəzərdə tutmurdu. Buna görə də iki gün sonraya, iyulun 22-ə əlavə matç təyin edildi. 

İkinci matç da “Ratina”da keçirilirdi. Komandaların heyətində cəmi bir dəyişiklik vardı. Sovet komandasında hücumçu Maryutinin yerinə Çkuaseli oynayırdı. Yuqoslaviya isə iki gün əvvəlki heyətlə meydana çıxmışdı. 

Bu dəfə hesab 6-cı dəqiqədə açıldı və yenə Bobrov fərqləndi. Amma cəmi 13 dəqiqə sonra Mitiç hesabı bərabərləşdirdi. 29-cu dəqiqədə isə Başaşkinin əllə oynamasına SSRİ-nin qapısına penalti təyin olundu və Bobek yuqoslavları irəli çıxardı. Fasilədən sonra, 54-cü dəqiqədə yuqoslavların kapitanı Çaykovskinin zərbəsi Başaşkinə dəyərək istiqamətini dəyişdi və qapıya daxil oldu – 3:1. İlk iki oyundan fərqli olaraq, bu dəfə sovet futbolçuları dönüş yaratmaq üçün toparlana bilmədilər və oyun bu hesabla da bitdi. 

Beləliklə, SSRİ komandası turnirdə iştirakını dayandırdı. Yuqoslavlar isə Danimarkanı (5:3) və Qərbi Almaniyanı (3:1) udaraq, finala çıxdılar. Burada Macarıstanın əfsanəvi “qızıl komanda”sına 0:2 uduzaraq, dörd il əvvəl olduğu kimi gümüş medalla kifayətləndi. 

*** 

1952-ci ilin futbol üzrə SSRİ çempionatı iyulun əvvəllərində, olimpiada turniri hələ başlamamış start götürmüşdü. Amma yığma komandaya futbolçular göndərən komandaların oyunları təxirə salınırdı. Həmin futbolçular qayıdanda komandalar çempionatda iştirak etməyə başladılar. 

SDSA da olimpiadadan sonra üç oyun keçirdi və üç qələbə qazandı. Komanda Moskva və Tbilisi dinamoçularını (1:0 və 3:2), Kuybışevin “Krılya Sovetov”unu 4:2 hesabı ilə məğlub etdi. Avqustun 18-də Kiyev “Dinamo”su ilə qarşılaşacaqdı, amma elə həmin gün  komandanın ləğv olunması barədə əmr verildi.

Sovet lideri İosif Stalin əslində idman həvəskarı deyildi və idman onu sırf siyasi baxımdan maraqlandırırdı. Buna görə də futbolçuların Olimpiadada çıxışı, “qəvi düşmən” Yuqoslaviyaya məğlubiyyət kəskin narazılığa səbəb oldu. Amma bu narazılığın niyə ayrı-ayrı oyunçulara və məşqçilərə deyil, turnirə gedən 20 futbolçudan beşinin təmsil etdiyi komandaya yönəlməsinin məntiqi aydın deyil. 

1945-1962-ci illərdə Ümumittifaq bədən tərbiyəsi və idman komitəsinin sədri olmuş Nikolay Romanov xatirələrində yazır ki, Siyasi büro üzvü, 1952-ci ildə Stalindən sonra dövlətin ikinci adamı sayılan Georgi Malenkov onu çağırmış və SDSA-nı buraxmağı tapşırmışdı. 

Romanovun imzaladığı 793 saylı sərəncamda Olimpiadada uğursuz çıxışa, sovet idmanının nüfuzuna vurduğu zərbəyə görə SDSA komandası çempionatdan çıxarılır və buraxılır; məşqçi Boris Arkadyev “əməkdar idman ustası” adından məhrum edilir; komitənin növbəti iclasında ayrı-ayrı futbolçuların məsuliyyətsiz davranışı müzakirəyə çıxarılacaqdı. Üç həftə sonra verilən 808 saylı əmrə görə Başaşkin, Beskov, Krijevski, Nikolayev və Petrov “idman ustası” adından məhrum edildilər.

Beləcə, son illərdə beş dəfə ölkə çempionu olmuş komanda bir qərarla ləğv edildi.

*** 

Xoşbəxtlikdən SDSA cəmi iki il sonra bərpa edildi. Stalinin ölümündən sonra müdafiə naziri Bulqanin komandanın bərpası barədə sərəncam verdi və SDSA 1954-cü ildən başlayaraq, SSRİ çempionatda iştirakını davam etdirdi. 1960-cı ildən də indiki adını (SSKA) aldı. Amma əvvəlki şöhrətini bərpa edə bilmədi və SSRİ dağılana qədər yalnız iki dəfə çempion (1970 və 1991-ci illər) və iki dəfə ölkə kubokunun sahibi (1955 və 1991-ci illər) oldu.

Stalinin ölümündən sonra Boris Arkadyevin və beş futbolçunun fəxri adları da geri qaytarıldı. 

SSRİ və Yuqoslaviya komandaları 1956-cı il Olimpiadasının və 1960-cı il  Avropa çempionatının final oyununda üz-üzə gəldilər. Hər iki halda SSRİ qalib gəldi (1:0 və 2:1), olimpiya və Avropa çempionu oldu. Amma iki ölkə arasında münasibətlər yumşaldığından bu dəfə əvvəlki siyasi ajiotaj yox idi…

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button