Loading...
Loading...
Dünya

Donbas ‘cəhənnəmə’ dönüb

Ukraynalıların olduğu mindən çox avtomobilin Zaporijya şəhərində Ukraynanın nəzarətində olan əraziyə keçməsinə imkan verilmir.

Son 24 saat ərzində Rusiya bombardmanı nəticəsində Ukraynanın şərqi Luqansk vilayətində azı 13 dinc sakin öldürülüb. Bu haqda yerli hakim orqanlar məlumat yayıb. Moskvanın Ukraynanın şərqində intensiv hücumları nəhəng dağıntılara, insan iztirablarına səbəb olur.

Britaniya kəşfiyyatı Moskvanın Mariupol liman şəhərini ələ keçirəndən sonra Donbasdakı hücumu gücləndirəcəyini ehtimal edir. Azovstal polad zavoduna sığınmış ukraynalı döyüşçülərin çoxu bu həftə ölkənin şərqində separatçıların nəzarətində olan ərazilərə təxliyə olunub. Rusiya onların təslim olduğunu deyir.

Sievierodonesk şəhərində 12 nəfər öldürülüb. Vilayət qubernatoru Sergey Qayqay bu haqda mayın 20-də məlumat yayıb. Bu şəhər, eləcə də Lisiçansk Rusiya qüvvələrinin hücuma keçdiyi ərazidə yerləşir.

“Donbas tamamilə dağıdılıb”

Prezident Volodimir Zelenski ötən gecə çıxışında deyib ki, Rusiya Ukraynanın Donbas regionunu “tamamilə dağıdıb”. O, Rusiya qüvvələrini mümkün qədər çox ukraynalı öldürmək və çox ziyan vurmaqda ittiham edib, bir daha Rusiyanın soyqırımı törətdiyini vurğulayıb.

“Orada cəhənnəm yaranıb, bu, şişirtmə deyil”,Zelenski söyləyib.

“Odessa vilayətinə, Ukraynanın mərkəzindəki şəhərlərə daimi zərbələr endirilir. Donbas tamamilə dağıdılıb”,prezident bildirib.

Zelenski Kiyevdən şimalda yerləşən Çerniqov vilayətində Desna kəndinin mayın 19-da Rusiya raketləri ilə vurulduğunu, xeyli sayda ölən olduğunu deyib. Desna Belarusla sərhədin 70 km-də yerləşir.

Britaniya hərbi kəşfiyyatının mayın 20-də səhər yaydığı məlumata görə, Mariupoldakı Azovstal polad zavodunda 1700-dək döyüşçü təslim olub.

“Ancaq zavodda bilinməyən sayda Ukrayna qüvvələri qalmaqdadır”, – Müdafiə Nazirliyinin hər gün yaydığı kəşfiyyat məlumatında deyilir.

Moskva bir gün öncə zavoddakı 1730 ukraynalı döyüşçünün təslim olduğunu bildirmişdi.

Qüvvələr Donbasa gedir

Britaniya kəşfiyyatı Mariupolu ələ keçirmiş Rusiyanın Donbas sənaye regionunda əməliyyatları gücləndirəcəyini deyir. Amma bu çox vaxt ala bilər, belə ki, Mariupolda Ukraynanın sərt müqaviməti ilə üzləşmiş qüvvələr yenidən təchiz olunmalı, yenilənməlidir.

Ancaq kəşfiyyatın qənaətinə görə, nəticələr göstərmək üçün təzyiq altında olan rusiyalı komandirlər qüvvələri müvafiq hazırlıq görmədən yerləşdirə, bununla da “əlavə itki” riski yarada bilərlər.

Ukraynalıların olduğu mindən çox avtomobilin isə Zaporijya şəhərində Ukraynanın nəzarətində olan əraziyə keçməsinə imkan verilmir.

Regional hərbi administrasiya mayın 20-də bildirib ki, evakuasiya olunmağa çalışan avtomobillər artıq dörd gündür Vasilivka şəhərində Rusiya nəzarət məntəqəsindən keçə bilmir. Maşınlarda qadınların və uşaqların olduğu, onların ərzaq və su üçün pulu qalmadığı deyilir.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button