Loading...
Loading...
SEÇMƏ

Ermənistan, şimal, yoxsa cənub – Təhlükə haradan gəlir? 

Azərbaycan Türkiyə və İsraillə IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri çərçivəsində yeni silahların alınmasına dair müqavilələr imzalayacaq”.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Mədət Quliyev deyib.

Mədət Quliyev bildirib ki, Türkiyə, İsrail və Pakistan ilə əməkdaşlığın inkişafı Azərbaycanın hərbi-sənaye kompleksinin prioritet istiqamətidir.

“Bu gün dünyanın ən güclü silahları həm Türkiyədə, həm də İsraildə istehsal olunur. Türkiyə, İsrail və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq bizim prioritet istiqamətlərimizdir”, – Quliyev bildirib.

Beləliklə, söhbət təkcə daxili inkişafı gücləndirməkdən deyil, həm də Türkiyə və İsraildə yeni silahların alınmasından gedir. Belə çıxır ki, Azərbaycana nədənsə hələ də silahlanmaq lazımdır. Bu gün hətta ən məlumatsız insanlar da bilirlər ki, Cənubi Qafqazda hərbi-texniki mənada Azərbaycandan yaxşı təchiz edilmiş ölkə yoxdur. Belə olan halda ortaya sual çıxır: dövlətimizin xaricdən daha çox yeni silah almasına, arsenalını doldurmasına nə ehtiyacı var, bu nəyə lazımdır? Bunun Ermənistandan gələn bəzi potensial təhlükələrdən qaynaqlanması ehtimalı azdır. Belə olan halda, bu, şimaldan və cənubdan gələn mümkün təhlükələrə qarşı müdafiənin təmin edilməsi ilə bağlı ola bilərmi? Yoxsa bu gələcək satınalmaların arxasında başqa məqsədlər var?

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnformasiya və Analitika İdarəsinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazadə bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:

– İlk diqqət etdiyim məqam ondan ibarətdir ki, bu açıqlamanı Müdafiə Nazirliyinin nümayəndəsi deyil, Azərbaycanın hərbi-sənaye kompleksinə rəhbərlik edən Müdafiə Sənayesi naziri verib. İki növ alış var. Birincisi, silahın sadəcə alınıb istifadə edilməsi, vaxtaşırı onun üçün ehtiyat hissələrinin alınmasıdır. Amma elə müqavilələr də var ki, bu və ya digər növ silahla yanaşı, onun texnologiyaları da alınır. İndi biz Müdafiə Sənayesi nazirinin çıxışını araşdırdığımzdan, istisna etmirəm ki, gələcəkdə bu ölkələrlə müəyyən hərbi texnika modelləri üzrə Azərbaycanda ya birgə istehsal müəssisələri, ya da bəzi təmir müəssisələri yaradılacaq. Və birmənalı olaraq deyə bilərəm ki, bu silahların yerli analoqlarının hazırlanması üzərində işləyəcək konstruktor büroları olacaq. Hərbi-texniki sahədə belə əməkdaşlıq, prinsipcə, həm də hərbi sənaye kompleksinin inkişafıdır.

Mədət Quliyevin danışdığı əməkdaşlıq adi silah alışından daha geniş bir şeydir. Bu bir.

İkincisi, biz sadəcə silah alsaq belə, bu, Azərbaycana lazımdır. Çünki Ermənistanla bütün məsələlər tam həll olunmayıb. Azərbaycan ordusunda Rusiya silahının payı hələ də kifayət qədər böyükdür. Biz başa düşürük ki, bu silahlar get-gedə sıradan çıxacaq, onun təmiri, təminatı, satın alınması ilə bağlı məsələlər var. Rusiya isə sanksiyalar altındadır və sanksiyaların nə qədər davam edəcəyi məlum deyil. Yəni, ola bilər ki, Rusiya istehsalının əsas hissəsini təşkil edən artilleriya, zirehli texnika, aviasiya (demək olar ki, 80% Rusiya istehsalıdır) gec-tez elektronika, yüksək dəqiqlikli avadanlıqlar tələb edəcək. Biz isə sanksiyalar səbəbindən onları sadəcə olaraq Rusiyadan ala bilməyəcəyik.

Gözdən qaçırmayın:  Əvəz Zeynallının saxlanıldığı bildirilir

Bu o deməkdir ki, biz artıq indidən bütün bunların analoqlarını və əvəzedicilərini gələcəkdə heç vaxt problem yaşamayacağımız ölkələrdə axtarmalıyıq. Ən azından görünən perspektivdə işə başlamalıyıq. Ehtiyat hissələri və təmir dəstlərini asanlıqla əldə edə biləcəyimiz yerlər aramalıyıq.

Üçüncü aspekt hərbi tarixdir. Ukrayna nümunəsinə əsaslanaraq xatırladaq ki, SSRİ dağıldığı zaman bu respublika ən çox silah ehtiyatına malik idi. Məsələn, Ermənistan, Azərbaycan və Gürcüstan ərazisində bir Zaqafqaziya hərbi dairəsi var idisə, Ukrayna torpaqlarında üç hərbi dairə var idi. Və hər üçü Avropaya zərbə vurmaq məqsədi daşıyırdı. Bu, İkinci Strateji Eşelon adlanan yer idi. Müvafiq olaraq, Ukrayna tanklar, artilleriya, təyyarələrlə doldurulmuşdu. Üstəlik, Qərb Qüvvələr Qrupunun Şərqi Almaniyadan, Polşadan çıxarılması başlayanda ağır, zirehli texnikanın əsas hissəsi SSRİ sərhədini keçərək Ukraynada dayandı. Silah o qədər çox idi ki, Ukrayna bu silahları demək olar ki, bütün dünyaya satırdı. Həm Afrikaya, həm Asiya ölkələrinə, həm də Avropanın bəzi dövlətlərinə. Biz də, gürcülər də onlardan alırdıq. Nəticədə, 2014-cü ilə qədər onların sadəcə silahları qalmamışdı. O zaman yaranan silah çatışmazlığı bu gün – 8 il sonra da hiss olunur. Onların sadəcə olaraq tankları çatışmır. Vaxtiləsə, silah bolluğu idi.

Bu nə deməkdir? O deməkdir ki, silahların alınması və müəyyən silah ehtiyatlarının yaradılması həmişə faydalı ola bilər.

Şimaldan və cənubdan Azərbaycana qarşı mümkün təhlükələrə gəlincə, mən hələ də bu istiqamətlərdən ölkəmizə genişmiqyaslı hücumun başlayacağı bir vəziyyəti təsəvvür edə bilmirəm. Amma onu da bilirəm ki, bir il bundan əvvəl Rusiyanın Ukraynaya hücum edəcəyi heç kimin ağlına belə gəlməzdi. Açıq şəkildə deyilməsə də, bütün dövlətlərin hərbi doktrinası bütün qonşulardan potensial zərbə gözləmək lazım olduğunu nəzərdə tutur. Yəni başa düşməliyik ki, şərti olaraq həm Türkmənistanın ərazimizə desant atması, həm də Gürcüstandan hücum əmri nəzərə alınır. Bütün bu ərazilərdə müəyyən müdafiə tədbirləri həyata keçirilməlidir. Silahlar da müvafiq olaraq poliqonlarda və ya dövlət sərhədi boyu hərbi hissələrdə yerləşdirilməlidir. 

Rauf Orucov

24 saat” “Ermənistan, şimal, yoxsa cənub – Təhlükə haradan gəlir? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button