2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fazil Mustafa: “Ağlı başında olan adam niyə Zeynəb Xanlarovanın efirə çıxmasına narahatlıqla baxmalıdır?”

[

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Xalq artisti Zeynəb Xanlarovanın uzun müddət sonra Yeni il gecəsi AZTV-nin efirində səhnəyə çıxdığına görə tənqid olunmasına münasibət bildirib. 

 

Saytların yığılması Saytlarin yigilmasi

Komitə sədri Pravda.az-a açıqlmasında deyib ki, Zeynəb Xanlarovanın 87 yaşında, yaxud Flora Kərimovanın 83 yaşında səhnəyə çıxması bizi ancaq sevindirməlidir:

 

“Xatırlayırsınızsa, Mirzə Babayev ahıl yaşında insanlara o qədər gözəl, pozitiv enerji verirdi ki, əvəzi heç nə ilə doldurula bilməyən sənət nümunəsi idi. Əvvəllər ağ-qara televizor var idi, ola bilsin, kimsə hansısa formada televiziyaya çıxa bilmirdi. Axı indi heç kimin qarşısı kəsilmir. İnsanların bir nostalgiyası, duyğusu var. Zeynəb Xanlarova hansısa yeni, gənc müğənniyə maneə ola biləcək formada televiziyaya çıxmır ki.

AZTV-dən başqa onlarla televiziya var. Hər kəs ayrı-ayrı televizyalarda efirə çıxa bilir. Burada nə qəbahət, nə yanlış var? Əksinə, sevinməliyik ki, bu yaşda insanlar, xüsusilə sənət adamı öz iradəsini göstərir, həm də tamaşaçılara əvvəllər aşıladığı sevinci, sevgini yenidən qaytarır.

Flora Kərimovanın da hər bir nəğməsi bu gün hamı üçün gözəl bir duyğu, nostalgiyadır. Bunu izləməkdən gözəl nə ola bilər? Bu kimi məsələlərdə, sözün açığı, bayağı qiymətləndirməni qəbul etmək mümkün deyil. Ağlı başında olan adam niyə Zeynəb Xanlarovanın efirə çıxmasına narahatlıqla baxmalıdır?

Türkiyədə Ajda Pekkan, yaxud Emel Sayın haradasa səhnəyə çıxır, performans göstərirsə, ola bilsin, 20-30 il öncəki səsin qüdrətini nümayiş etdirə bilmir, amma onların səhnəyə çıxmaları həm də tamaşaçının vəfasını göstərən yanaşmadır. Zeynəb Xanlarovanın 87 yaşında bu cür performansla səhnəyə, tamaşaçı qarşısına çıxmasını çox müsbət qiymətləndirirəm. Eyni zamanda digər yüksək səviyyəli sənətkarlarımızın bu addımı atmalarını bir tamaşaçı olaraq keçmişə qayıdış, yenidən o zövqü yaşamaq baxımından faydalı hesab edirəm.

O vaxt tənqid edilərdi ki, Zeynəb Xanlarova ekran qarşısını kəsərdi, hansısa istedadlı gəncin çıxış etməsinə imkan verməzdi. Onlarla televeziya var və Zeynəb Xanlarovanın heç kimə də maneəçiliyi yoxdur. Maneə yoxdursa, insanların bu dərəcədə mənfi reaksiya vermələrini anlamaq olmur.

Təbii ki, Zeynəb Xanlarovanın efirə çıxmasını anlayışla, müsbət addım kimi qiymətləndirən insanlar da az deyil. Onlar da öz mövqelərini göstərirlər.

Ümumilikdə, bu məsələyə etiraz ortaya qoymaq anlaşılan deyil. Bütün hallarda Azərbaycan mədəniyyətinin, sənətinin Zeynəb Xanlarova, Flora Kərimova səhifəsinin həmişə canlı olmasına sevinirəm.

Fani dünyadır, 3-5 il sonra kimsə yaşayar, yaşamaz. Amma bu günün şərtlərində əgər onların səhnəyə çıxmaları kiməsə hansısa şəkildə mənfi emosiya aşılamırsa, niyə uyğun olmayan şəkildə qiymətləndirməyə rəvac veririk?”

 

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button