SEÇMƏ

Fermer: “Mal-qaranı kəndimizdəki örüş yerinə buraxmırlar”

Yayımlandı: 30 Oktyabr 2022 22:33

Əfqan Məhərrəmov deyir ki, kəndə məxsus örüş yeri bir neçə qohum tərəfindən zəbt edilib

“Biz dədə-babadan heyvandarlıq təsərrüfatı ilə məşğul olmuşuq. Qışlaq dövründə Hacıqabul rayonundakı qışlaq ərazilərində, yay aylarında isə şimal zonasında olan yaylaqlardan istifadə etməklə dolanırıq. İndi mal-qaranı kəndimizdəki örüş yerlərinə buraxmırlar”.

Bunu Meydan TV-yə müraciətində Qobustan rayonu Təklə kəndində yaşayan fermer Əfqan Məhərrəmov bildirib. Şikayətçi deyib ki, 400 baş xırdabuynuzlu heyvanı yaylaqdan Təklə kəndinə gətirib. Heyvanları kəndin “Acıdərə” adlandırılan 100 hektar örüş sahəsinə buraxmırlar.

“Kəndə məxsus örüş ərazisini zəbt ediblər, yaxın qohum olan həmin şəxslər digərlərini əraziyə buraxmırlar. Qoyunlar sahədə olarkən heyvanları otaran çoban Rövşən Abdullayevi döyüblər. Çoban lal-kar olduğundan günahsızlığını başa sala bilməyib. O, aldığı xəsarətlərə görə hazırda müalicə alır”,-fermer deyib.

Şkayətçi bildirib ki, həmin şəxslər onun telefonuna təhqirdolu hədələr göndərirlər:

“Mən və mal-qara sahibi olan digər kəndlilər dəfələrlə yerli bələdiyyə sədri və kənd icra nümayəndəliyinin yanına gedib şikayət etmişik. Amma ümumilikdə 60 ailənin müraciətinə baxılmır. Qarşı tərəf isə deyir ki, örüş yerlərini pul verib alıblar”.

Əfqan Məhərrəmov bildirib ki, çobanın döyülməsi ilə bağlı polisə şikayət edib. Həmçinin digər dövlət qurumlarına, Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Qobustan Rayon İcra Hakimiyyətinin Təklə kənd üzrə nümayəndəsi Hüseynağa Hüseynov Meydan TV-yə bildirib ki, örüş sahəsi kənd əhalisinin mülkiyyətindədir və bütün fermerlər həmin sahədən istifadə edə bilərlər.

Bakı-Şamaxı yolunun üstündə Aydərə adlanan ərazi var. Orada bir kənd sakininin təxminən bir hektar sahəni əhatə edən ferması var. O fermer də köçəridir, yayda heyvanları yaylağa aparır, qışda da fermaya gətirir. Həmin fermer deyib ki, fermada qadın, uşaq var, ona görə də kənar şəxslər yaxınlığa gəlməsinlər. Amma digərlərinin də tam hüququ var ki, heyvanlarını örüş sahəsinə buraxsın”,-icra nümayəndəsi deyib.

Onun sözlərinə görə, şikayətlərdən sonra qarşı tərəflə danışıb:

“Ona da başa saldım, yalnız xahiş edə bilər ki heyvanları fermaya yaxın əraziyə buraxmasınlar. Amma heç kimə qadağa qoya, tələb edə bilməz. Çobanın döyülməsi ilə bağlı polisə şikayət edilib. Tərəflər arasında anlaşmazlıq olub, yəqin ki, həll ediləcək. Amma örüş sahəsi satılmayıb, fermerlər ora buraxılır”.

Meydan TV

Gözdən qaçırmayın:  “Yazdığım pozuntuları araşdırmaq əvəzinə özümü cəzalandırdılar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button