SEÇMƏ

Fındıqçı: “Zaqataladakı ən iri zavod Mehriban Əliyevanındır”

Yayımlandı: 5 Oktyabr 2022 21:05

Azərbaycana fındıq tədarükünün böyük hissəsi Zaqataladan gəlir. Hər il mövsüm yetişəndə təsərrüfatçılar işə başlayır.

“Əziyyəti çoxdur, amma qiyməti yoxdur. 3 manata fındıq kilosu…”

 Yığımda təsərrüfatçılara fəhlə qrupları da kömək edir. Səhərin 6-da işə başlayan fəhlələrə bir fındığı belə gözdən qoymaq olmaz.

“Buraya 6 nəfər gəlmişik. Başqa yerə 15 nəfər göndərmişik, digər yerə 8 nəfər. Gecədən bizə zəng edib deyirlər ki, bu qədər adam gətirin” – işçi Nərminə İbrahimova danışır.

Onlar ağaclardan yerə səpdikləri məhsulu xəzan vaxtı yarpaqların arasından əllə seçirlər.

“Həvəs ola, gələsən bağa baxasan, sulayasan ki, yığıb-yığışdırandan sonra əldə pul qalacaq. Fındığın qiyməti olmayanda adam dönüb baxmaq da istəmir. Şəxsən mən bu il birinci dəfədir bağa gəlirəm. Yay fındığı yığılanda qiymət 1 manat 70 qəpik idi. O adama məhsulu indiyə qədər saxlamaq da sərf eləmir, ona görə satır, gedir. Həmin vaxt artıq bilirik ki, fındığın qiyməti sentyabrın axırına qədər aşağı olacaq” – fermer Tahir Hüseynov bildirir.

Bu il Zaqatalada zavodlar fındığın 1 kiloqramını ortalama 2 manat 80 qəpikdən alır. Ötən il isə bu qiymət 4 manat olub. 30 ildir fındıq təsərrüfatı ilə məşğul olan Fatma Abdullayeva deyir ki, fındıq bağlarının suvarılması, gübrələnməsi fermərin çiynindədir. Dövlətdən hansısa bir dəstək yoxdur. 

“İstəyərdik ki, fındığın qiyməti bizim əziyyətimizin öhdəsindən gəlsin. Mən özüm evdar qadınam. Marketlərdən alış-veriş edəndə görürük ki, pulumuzda bərəkət qalmayıb. Lazımi səviyyədə alış-veriş edə bilmirik və kənarda heç bir şey yığa bilmirik ki, pulumuzu başqa bir şeyə də istifadə edə bilək. Çox bahalıqdır. Bu bahalığın qarşısında fındığın qiymətinin belə aşağı olması heç əl vermir” – fermer Fatma Abdullazadə deyir.

Fermerlər düşünür ki, qiymətin aşağı enməsinə rayonda fəaliyyətə başlayan iri fındıq zavodu da təsir göstərə bilər. Bu il Zaqatalada fəaliyyətə başlayan yeni zavod “Agrorca” MMC-nin törəmə şirkəti olan “Aqrovest” MMC-yə məxsusdur. Yerli mediada bu dünyanın ikinci ən böyük fındıq zavodu kimi təqdim olunur. Bəs 20 min ton fındıq emalını hədəfləyən zavod kimə məxsusdur? 

“Agrorca” MMC şirkəti Paşa Holdinqlə eyni ünvanda – məşhur Neftçilər prospekti 153-də qeydiyyatdan keçib. Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva Paşa Holdinqdə ən böyük paya sahibdirlər.

Rayondakı digər bir zavod – Zaqatala fındıq emalı zavodunun sözçüsü isə deyir ki, bu il dünyada fındığa tələbat azdır. O, qiymətlərin aşağı olmasını buna bağlayır. 

Gözdən qaçırmayın:  İlham Əliyev: “Ermənistan danışıqlardan yayınsa, sülh olmayacaq”

İlboyu işləyib fındıq sezonu yetişəndə zəhmətlərinin bəhrəsini görmək istəyən təsərrüfatçılar builki maddi qazancdan ümidli deyillər. Buna rəğmən, fındıq iməciliyi zamanı bir arada xoş vaxt keçirmək onlara qalan mənəvi qazancdır.

“Biz 35 ildir ki, ailə qurmuşuq. Bu 35 ildə bir müəllimə kimi mənim yadıma gəlmir ki, fındıqdan aldığımız pulla gedib istirahət edə bilək. Hər il avqustun 1-i məzuniyyətə çıxıram. Məzuniyyətimi özüm bu vaxta salıram ki, bununla ailəmin problemlərini həll edə bilim. Mənim istirahətim burada keçir” – fermer Fatma Abdullazadə deyir.

Axşam saat 5-dir. Günlük fındıq yığımı yekunlaşıb. Fəhlələr zəhmət haqlarını almağa, təsərrüfatçılar da toplanan fındığı zavodlara satmağa tələsirlər. Çünkü məhsulun əllərində qalan hər gün daha da dəyəri itə bilər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button