Xəbərlər

‘Gəncə məhbusları’nın yaxınları Bakıda aksiya keçirib

Bu gün, mayın 4-də özlərini “Gəncə məhbusları”nın yaxınları kimi təqdim edən 10-a yaxın qadın Bakıda Milli Məclis binasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Amma binanın yanında polis onların qarşısını kəsib. Aksiya iştirakçıları əllərində məhbus fotoşəkillərini tutublar. Onlar deyiblər ki, qohumları haqsız tutulub, istintaq obyektiv aparılmayıb. Aksiya iştirakçıları vurğulayıblar ki, şikayətlərini Milli Məclisin rəhbərliyinə çatdırmaq istəyirlər.

Onlar “Gəncə məhbuslarına azadlıq tələb edirik” kimi şüarlar da səsləndiriblər.

Aksiya iştirakçılarından bəziləri habelə vurğulayıblar ki, ötən il parlament seçkiləri ərəfəsində bəzi deputatlar onlara şikayətlərinin araşdırılacağı vədini veriblər, indi isə onları dinləyən yoxdur.

Polisin səyləri nəticəsində etiraz aksiyasının qarşısı alınıb. Onlar məcburi qaydada avtobuslara mindirilərək ərazıdən aparılıb.

Baş verənlərə, hələlik, Milli Məclis rəhbərliyi, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

“Gəncə məhbusları”nın yaxınları bundan əvvəl də dəfələrlə dövlət qurumlarının önünə toplaşaraq şikayətlərini çatdırıblar. Həmin vaxt bəzi dövlət qurumlarından onların şikayətlərinin obyektiv araşdırılacağı bildirilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri olub. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub. Gəncə hadisələrinə görə həbs olunanlar işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, rəsmi qurumlar bu iddiaları təkzib edib.

24 saat” “’Gəncə məhbusları’nın yaxınları Bakıda aksiya keçirib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button