SEÇMƏ

Gültəkin Hacıbəyliyə xüsusi ittiham qaydasında cinayət işi açıblar

Yayımlandı: 30 Noyabr 2022 11:39

“Xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-da Brüsseldən qayıdarkən gecə 03.30-da Bakı hava limanında saxlanılıb.

Bu barədə Gültəkin Hacıyeva özü Meydan TV-yə danışıb.

Nəsimi Rayon Polis İdarəsinə aparılan Hacıbəyli daha sonra sərbəst buraxılıb.

“Məni hava limanında iki saatdan çox saxlayıblar. Dedilər ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə ittiham olunuram. Ardınca məni Nəsimi Rayon Polis İdarəsinə apardılar”, – deyə o bildirib.

Keçmiş deputatın sözlərinə görə, ölkədə olmadığı, xəbərdar edilmədiyi, SMS xəbərdarlığı almadığı halda ona xüsusi ittiham qaydasında cinayət işi açıblar.

O, Meydan TV-yə deyib ki, şikayət edən şəxs isə Leyla Arif adlı bir vətəndaşdır:

“Təsəvvür edin ki, “Facebook”da Leyla Arif adlı bir nəfərin statusunun altında yazdığım şərhə görə mənə cinayət işi açıblar. Həmin status da bir neçə gündən sonra silinib, yəni olmayan şərhə görə iş açılır. İkincisi, xəbərim olmadan mənə vəkil də tutublar ki, işi icraata götürüb axtarışa versinlər”.

“Məni özlərinin ən zəif, mənim ən güclü yerimdən vurmaq qərarına gəliblər. Çox sağ olsunlar, gerçəkdən də buna görə onlara minnətdaram”, – deyə Hacıbəyli əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Gültəkin Hacıbəyli araşdırma aparılması üçün aidiyyəti üzrə polis idarəsinə dəvət olunub.

Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə Goranboy rayonundan millət vəkili seçilmişdi.

O, bundan öncə də keçmiş həyat yoldaşının qohumları tərəfindən məhkəməyə verilmiş, böyük məbləğdə təzminat ödəməyə məcbur edilmişdi. Sözügedən işlərlə bağlı şikayətləri hazırda Avropa Məhkəməsinin icraatındadır.

Meydan TV

Gözdən qaçırmayın:  Hərbi ekspert: “ABŞ Azərbaycana Xəzərdə çox böyük dəstək verə bilər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button