SEÇMƏ

Gündəlik iş saatı: Reallıq qanunda yazılanların əksini deyir

“Rəhbərliyə etiraz edəndə də deyir, xoşun gəlir işlə, xoşun gəlmir, yaxşı yol”

“Hər gün 12 saat işləyirəm. Axşam saat 7-dən səhər saat 7-yə kimi. 500 manat əməkhaqqı alıram”. – bu sözləri köşk işçisi Rövşən Məmmədov (ad şərtidir) deyir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89 və 90-cı maddələrində müəyyənləşdirilmiş hallar istisna olmaqla çalışan şəxslərin gün ərzində ən çox 8 saat, həftədə isə 40 saatdan çox işlədilə bilməyəcəyi göstərilir. İşçinin göstərilən müddətdən artıq işlədilməsi üçün onun yazılı razılığı olmalıdır. Lakin bununla belə, qanunvericilik işçinin ən çox ard-arda 2 gün bu rejimdə işləməsinə icazə verir. Ancaq reallıqda…

 “Arada əlavə ödəniş də olur. İstirahət günümüz olmur, bütün günlər işdə oluruq. Qışda ümumiyyətlə istirahət vermirlər. Fevraldan sentyabra kimi ayda 2 gün istirahət verirlər. İş deyil bu, vallah”. – Məmmədov belə deyir.

Şirniyyat mağazalarından birində şef köməkçisi işləyən Sevda Qasımova da eyni problemi yaşayır. Kirayədə yaşayan Qasımova ehtiyacların qarşılamaq üçün buna dözməli olduğunu deyir:

“Məcbur olmasam, bir gün belə orada qalmazdım. Hər gün 12 saat işləyirik. Xüsusi istirahət günlərimiz yoxdur. Əgər hansısa gün nə isə işimiz varsa, əvvəlcədən müraciət edib icazə istəyirik. Bəzən verirlər, bəzən yox. Təxminən ayda 2 və ya 3 gün evdə oluruq”.
“Günboyu işdə o qədər yoruluram ki, artıq evə gələndə nə isə etmək üçün halım qalmır. İstəyirəm ki, gələn kimi yatım”, – Sevda Qasımova şikayətlənir.

Azərbaycanda işçilərin böyük əksəriyyəti qanunla müəyyən olunan iş saatından əlavə işləyirlər. Qanunvericiliyə görə, işçinin iş saatı və günləri onun əmək müqaviləsində göstərilməlidir. Göstərilən müddətdən artıq çalışarsa, həmin saatlar üçün ikiqat ödəniş almalıdır.
Statistikaya görə hazırda Azərbaycanda təxminən 5 milyon insan çalışır. Ancaq onlardan cəmi 1 milyon 700 mininin əmək müqaviləsi var. Bu isə həmin işçilərin istənilən hüquqlarının pozulmasına imkan yaradır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, hazırda bu məsələnin həlli üçün tətbiq edilən mexanizm uğursuzdur.

Qanun realizə oluna bilmir. Əmək Müfəttişliyinin 2015-ci ildən bəri biznes strukturlarına gedib yoxlamaq hüququ yoxdur, ancaq olanda da bu hallar var idi. Ona görə belə hallar çoxdur və qarşısını ala bilmirlər”.
Mütəxəssisin fikrincə, bu problemin həlli üçün qeyri-formal əmək bazarı minimuma endirilməlidir:
“Eyni zamanda qanun selektiv tətbiq olunmamalıdır, birinə göz yumurlar, birinə yox. Onlar indi deyir ki, bizə şikayət etsinlər araşdıraq. Araşdırmadan sonra da işəgötürən cərimələnir, cəriməni ödəyib yenə əvvəlki qaydada işinə davam edir. İndi ölkədə işləyənlərin əksəriyyətində heç əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi də yoxdursa, başqa hüquqlardan heç danışmağa dəyməz”.

Gözdən qaçırmayın:  Qusarda oteldə yanğın olub, 4 nəfər həyatını itirib
Sahib Məmmədov, Foto: axar.az

“Əvvəllər müqaviləsiz işləyirdik. Bu yaxınlarda mağazanı buna görə cərimələdilər. Ondan sonra hamımızla müqavilə bağlandı. Ancaq bu da heç nəyi dəyişmədi. Köhnə hamam, köhnə tas…”, – Sevda Qasımova təəssüflənir.

“Rəhbərliyə etiraz edəndə də deyir, xoşun gəlir işlə, xoşun gəlmir, yaxşı yol. İşçidən çox işçi var. Sən olmayacaqsan, başqası olacaq, gətirib qoyacam, işlədəcək.
Nəsə işim olanda da gedə bilmirəm. Ancaq gedirəm evə yatıram, durub gəlirəm işə. Nə bayram, nə toy, nə yas… Yeni ildə də burada olduq”,- Rövşən Məmmədov əlavə edir.

Deputat, Milli Məclisin İnsan hüquqları üzrə komitəsinin üzvü Fazil Mustafa bu sahədə reallıqla qanunvercilik arasında ziddiyyət olduğunu deyir:

 “Bunlar hamısı qanunaziddir. Müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs işçini 8 saatdan artıq işlədə və istirahət günlərinə toxuna bilməz. Bu, tam qanunsuzluqdur. Belə hal yaşandıqda Əmək Müffətişliyi bunu ciddi nəzarətə götürüb müəssisəyə cərimə yazır. Eyni zamanda vətəndaşın şikayəti əsasında müəssisəyə həm inzibati, həm də cinayət məsuliyyəti yarana bilər”.

“Əmək Müfəttişliyinin yoxlama səlahiyyətləri götürülüb, ancaq şikayətləri araşdırırlar. Düzdü, bəzən işçilər qorxurlar ki, şikayət etsələr işdən çıxarılacaqlar. Amma bütün hallarda fəal olub hüquqlarını qorumalıdırlar”, – deputat deyib.

Fazil Mustafa onu da deyib ki, Əmək Müffətişliyinin səlahiyyətlərini artıranda qanunsuz müdaxilələr də çox olur:

“Xüsusilə, tikintilərdə və başqa yerlərdə. Məmurdu, sui-istifadə edə bilər”.

Deputat həmçinin bu məsələnin qərb ölkələrində artıq həllinin tapdığını vurğulayır:

Avropa ölkələrində bu məsələ problem deyil. Bizdə bu məsələ hələ də problemdir. Ona görə ki, nəzarət mexanizmi zəifdir. Avropada dövlətin nəzarəti güclüdür. Bunun üçün doğru mexanizmi tapmaq lazımdır ki, artıq işlətməsinlər”.

Deputat Fazil MustafaDeputat Fazil Mustafa
Foto: Meydan TV

Dövlət Əmək Müffətişliyindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Azərbaycanla qonşu ölkələrin qanunverciliyində iş saatları müxtəlif göstəricilərlə tənzimlənir. Rusiyada və Gürcüstanda həftəlik iş saatı ən çox 40 saat müəyyənləşdirilir. Gündəlik iş saatına isə müəssisə və işçi özü qərar verir. Ermənistanda qanunvericilik Azərbaycandakı ilə eynidir: həftəlik 40, gündəlik 8 saat. İranda gündəlik 8, həftəlik 44, Türkiyədə müvafiq olaraq 11 və 45 saatdır.

Qərbdə isə vəziyyət fərqlidir. Burada insanlar adətən həftəlik 35 saat çalışırlar. Avropa ölkələri artıq 4 günlük iş rejiminə keçməyə hazırlaşırlar. Bəzi ölkələr isə həftəlik 4 gün iş rejiminə iş saatlarını artırmaqla keçid ediblər. Hollandiyada həftəlik iş saatı 27 saatdır. Avropada bu göstəricinin ən yüksək olduğu ölkə Portuqaliyadır – həftədə 48 saat.

Azərbaycanda ötən ilin əvvəllərində 4 günlük iş rejimi məsələsi ictimaiyyətin gündəmində olsa da, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi bu barədə hər hansı layihənin nəzərdə tutulmadığını bildirmişdi.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button