24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Həbsdə olan redaktor 1 saylı koloniyada təzyiqlərə məruz qalır

Bakı/10.01.22 Xeberman.com saytının təsisçisi və redaktoru Polad Aslanov beşinci gündür ki,  1 saylı koloniyanın tibb məntəqəsində aclıq edir. Bu barədə onun xanımı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, bazar ertəsi onun ailəsilə telefon danışığı günüdür, lakin Polada ailəsilə əlaqə saxlamağa icazə verilmir.

O, koloniyadan qeyri-rəsmi kanallarla xəbər tutub ki, həyat yoldaşının siqaretini və içməli suyunu götürüblər. Bütün bunlar onu aclıqdan çəkindirmək üçün edilib.

Aslanova həyat yoldaşının hüquqlarının pozulması və ona təzyiqlə əlaqədar Ombudsman Aparatına və Penitensiar Xidmət rəhbərliyinə müraciət edib.

“Penitensiar Xidmətdən vəd ediblər ki, günün sonuna qədər Polada zəng etmək imkanı veriləcək, amma bu, edilməyib. Mən ona görə çox narahatam”, –  Aslanova deyib.

O xatırladıb ki, Polad Ali Məhkəmə tərəfindən onun kassasiya şikayətinə baxılmasının uzadılmasına etiraz olaraq aclığa başlayıb. Bundan öncə koloniya administrasiyası onu şikayətlərdən imtina etməyə məcbur etməyə çalışıb. Xanımın sözlərinə görə, Poladın yanına sərxoş məhbusları yerləşdiriblər, onlar da münaqişə yaradıblar. Dindar adam üçün sərxoş və aqressiv kamera yoldaşlarının olması faktiki olaraq işgəncədir.

Penitensiar xidmət 1 saylı koloniyada Polad Aslanova təzyiqlər barədə məlumatları şərh verməyib.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” təşkilatı və digər hüquq- müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.—06B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button