Loading...
Loading...
ÖLKƏSosial

Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, həbsdə olan general Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunması tələb edilir.

MTN işində zərərçəkmiş şəxslər martın 2-də məhkəmədə bu tələblə çıxış ediblər.

Zərərçəkmişlərdən Hüseyn Səfərov deyir ki, şəxsən ondan alınan pulların leqallaşdırılmasında Şıxəliyevin ailə üzvləri də iştirak edib. Onlar biliblər ki, həmin vəsaitlər maaş hesabına əldə edilmir. Ona görə də indi buna görə cavab verməlidilər.

“Bu adamlar cinayət yoluyla əldə olunan əmlakların leqallaşdırılmasında, izlərin itirilməsində birbaşa iştirak ediblər”, – zərərçəkən Səfərov belə deyib.

O, Şıxəliyevlər ailəsinin digər üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsi haqda yazlı vəsatətini məhkəməyə təqdim edib. Amma Bakı Hərbi Məhkəməsinin hakimləri onu müzakirəyə çıxarmayıb.

“Hər qutunun içinə 1 milyon dollar pul yerləşdirdim”

Məhkəmədə Azərbaycan Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovdan MTN-də 8 milyon dollar alınması məsələsi də araşdırılıb. İbrahim Zeynalov zərərçəkmiş qismində tanınsa da, özü yataq xəstəsi olduğuna görə məhkəmədə oğlu İlqar Zeynalov iştirak edir.

Oğlunun sözlərinə görə, atasının buraxılmasından ötrü MTN-də Yasin Məmmədov ondan 10 milyon istəyib, sonradan 8 milyon dollara düşüb. Bütün qohum-əqrəbada olan evləri, maşınları, obyektləri, qızıl-zinət əşyalarını satıb, pulu toplayıblar. Zeynalov deyir ki, bu pulu bir neçə günə MTN-ə daşıyıblar:

“8 milyon dolları hazır elədim, Yasin Məmmədova xəbər verdim. Yasin dedi ki, “get, televizor, ya da DVD aparatlarının qutularını tap, pulu yığ, götür gəl, MTN-in arxa qapısına”. Tapşırdı ki, pulu hissələrə ayırıb, qutulara yığım, 3 gün ərzində hissə-hisə aparıb çatdırım. Müxtəlif mağazalardan 8 nazik ekran televizor qutuları tapdım. Hər qutunun içinə 1 milyon dollar pul yerləşdirdim”.

Onun dediyinə görə, 8 milyon dolları çatdırandan sonra atasını buraxıblar. Bir müddət keçib, atası haqqında cinayət işi məhkəməyə göndərilib. Məhkəmə isə İbrahim Zeynalova şərti cəza verilməsi barədə hökm çıxarıb.

“Mənim o pul söhbətindən xəbərim olmuşdu?”

Təqsirləndirilən şəxslər, o cümlədən general Şıxəliyev 8 milyon dollar alınması haqda Zeynalovun dediklərini təkzib etməyib. Əksinə, o, tabeliyində çalışmış, hazırda isə onunla birlikdə təqsirləndirilən şəxs qismində məhkəmə önündə dayanmış Yasin Məmmədova belə bir sual ünvanlayıb:

“Yasin, səni and verirəm Allaha, o pul kimə çatmışdı? Mənim o pul söhbətindən xəbərim olmuşdu?”

Məmmədov cavabında bildirib ki, alınan pullar deputat Ziyad Səmədzadəyə çatıb.

Şəriklik

Hakim zərərçəkmişin oğlu ilə dəqiqləşdirib ki, Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyəti var? Onun cavabından məlum olub ki, İbrahim Zeynalovun Ziyad Səmədzadə ilə şərikliyi olub:

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

“Ziyad Səmədzadənin atamla işbirliyi vardı, onun vasitəsilə bankdan 3.5 milyon manat kredit götürmüşdü. Bu pula görə araları dəymişdi. Bundan sonra atamı tutdular, başımıza oyun açdılar, bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bugün rayonda vaqonda yaşayırıq…”

Zeynalov əlavə edib ki, sabiq MTN-çilər 8 milyonla kifayətlənməyib, 4 hektar torpaqlarını da əllərindən alıblar.

General Şıxəliyev və MTN-də onun tabeliyində işləmiş daha üç nəfərin – İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovun işi üzrə məhkəmə prosesi davam edir. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir. Bu işdə 32 nəfər zərərçəkmiş qismində tanınıb.

24 saat” “
Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button