2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həmrəy ola bilməyən ölkələrin “həmrəylik oyunu”

Azərbaycan bu oyunlardan nə qazandı?

“İslamiada” adlandırdıqları “Bakı–2017 IV(III) İslam oyunları” başa çatdı. Bu yarışmanın qalibi – ən çox qızıl medal qazanan onu keçirən ölkə – Azərbaycan oldu. Nə hikmətdirsə, İslam oyunlarının keçirilməsinə start veriləndən bu yarışmanın qalibi ona ev sahibliyi edən ölkə olur. Bunun İslamla, dinlə hansısa bağlılığının olub-olmadığını bilmirəm. Eyni zamanda küfr sayılacağından ehtiyatlanıb hər hansı şərh də vermək istəmirəm…

Saytların yığılması Saytlarin yigilmasi

 2005-lə 2013-ün arasında 4 illik “fərq”

İlk dəfə 55 ölkədən 6000 idmançının 15 idman növündə yarışdığı turnir 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib və ən çox qızıl qazanan ev sahibi Səudiyyə Ərəbistanı olub. Dörd ildən bir keçirilməsi planlaşdırıan İslam oyunları növbəti dəfə yalnız 8 ildən sonra İndoneziyada baş tutub. Buna qədər, yəni birincidən 5 il sonra İranda keçiriləsi oyunlar “ərəb”, yoxsa “fars” körfəzi sözlərində islam ölkələrinin razılığa gələ bilməməsi səbəbindən baş tutmayıb. Həmrəylik yarışı keçirmək istəyən İslam ölkələri bu sözü “ərəb-fars körfəzi” kimi də yazmaqla problemi çözə bilməyiblər. Beləliklə, 2013-cü ildə yarışlar İndoneziyada keçirilib. Bu dəfə iştirakçı sayı xeyli azalıb – 44 ölkədən 1769 idmançı 13 idman növündə yarışıb. İslam oyunlarının ənənəsinə uyğun olaraq ev sahibi – İndoneziya yarışlarda ən çox qızıl alan ölkə olaraq qalib sayılıb. Ancaq İslam oyunlarına dünyada ciddi maraq olmayıb. Görünür, İranın bu turniri keçirməkdən imtinası, eləcə də həmrəylik yarışı keçirən müsəlman ölkələrinin həmrəy ola bilməməsi öz təsirini göstərib və İndoneziyada keçirilən yarışlara bir çox dövlətlər qatılmayıb. Yeri gəlmişkən, islam ölkəsi olan Azərbaycanın torpaqları işğal altındadır, 25 ildir. Neçə islam ölkəsi bizimlə bir, həmrəy olduğunu bildirib?!.

Ən bahalı İslam oyunları

Beynəlxalq yarışlar keçirmək istəyilə alışıb-yanan Azərbaycan 2015-ci ildə İslam oyunlarını canlandırmaq fikrinə düşüb və müsəlman ölkələri ilə danışıqlara başlayıb. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Oyunların Təşkilat Komitəsi yaradılıb və 2015-ci il noyabrın 1-də İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Başdan-başa problemlər, üstəlik, müharibə meydanı olan bir sıra islam ölkələri yarışmaya qatılmağa maraq  göstərməsə də, Azərbaycan hakimiyyəti bütün xərcləri öz boynuna götürmək vədi verərək iştirakçı sayında rekord vurmaq niyyətində olduğunu bildirib. Yarışlardan qabaq bu barədə mətbuata gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. Nazir vurğulayıb ki, əsas məqsəd 57 İslam ölkəsinin hamısının Bakıdakı yarışda iştirakını təmin etməklə rekord vurmaqdır: “Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan yeddi ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu Oyunlara cəlb edək”.

Nazirin də dediyindən göründüyü kimi, məqsəd ilk yarışı keçirən Səudiyyə Ərəbistanını (55 ölkə) qabaqlayıb yalançı, mənasız rekord qırmaq olsa da, bu, baş tutmayıb. Azərbaycan çox çətinliklə 54 ölkəni yarışlara gətirə bilib,həm də bizim pullarımızın hesabına. Rekord qırmaq alınmayıb. Yarışların gedişi də göstərdi ki, əksər ölkələr peşəkarlar deyil, həvəskarlarla, Azərbaycana turist kimi gəlməyə razılaşan bəzi vətəndaşlarıyla turnirə qatılıb…

Aldım qoz, satdım qoz…

Kimsənin marağını çəkməyən bu oyunlarda 14 ölkə, ümumiyyətlə, medal almayıb. 3 ölkə hərəyə 1 medal, 7 ölkə hərəyə 2 medal, 4 ölkə hərəyə 3 medal, 3 ölkə hərəyə 4 medal qazanıb.

Medallar uğrunda mübarizə əsasən 3 ölkə – Azərbaycan, Türkiyə və İran arasında gedib. Azərbaycan 75-i qızıl olmaqla cəmi 162, Türkiyə 71-i qızıl olmaqla cəmi 195, İran isə 39-u qızıl olmaqla cəmi 98 medal qazanıb.

Ən çox idmançıyla(188) yarışlara qatılan ölkələrdən olan Səudiyyə Ərəbistanı cəmi 11 medal qazanıb. Görünür, onlar yarışlardan çox “ovçuluğa”… meyil salıblar. Türkmənistandan 160  idmançı gəlsə də, onlar vur-tut 13 medal qazanıb. Pakistan 125 idmançı gətirsə də, cəmi 12 medal apara bilib. Ən yaxşı göstərici isə Bəhreyndədir. Bu ölkə yarışlara 15 idmançıyla qatılsa da, 21 medal qazanıb. İranın da göstəriciləri ən yaxşılardandır – 100 idmançı 98 medal.

Yarışlar nə ölkədə, nə də onun sərhədlərindən kənarda elə bir maraq doğurmayıb. Hakimiyyətin bütün resurslarını işə salmasına, büdcə təşkilatlarında çalışanlara, tələbələrə bilet paylamasına baxmayaraq tribunalarda çox az sayda tamaşaçı olub. Dünyada bir nömrəli sayılan futbol yarışlarında belə stadionda azarkeşlər, demək olar, görünməyib. “Qarabağ” komandasının bəzi görüşlərində Respublika stadionu tam dolsa da, Azərbaycan yığmasının qalib olduğu bu turnirdə tribunalar, demək olar, boş qalıb. Bu yarışlar Azərbaycanın futbol çempionatının, tutaq ki, Zirə-Sumqayıt görüşü qədər də tamaşaçı marağı qazanmayıb.

Daim “idman dövləti” sayılmasıyla öyünən hakimiyyət rəsmiləri İslam oyunlarında nədənsə yerli idmançılara elə də güvənməyib. Ölkəmiz qızıl medalları əsasən legionerlərin, həm də müsəlman olmayan idmançıların sayəsində qazanıb. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, ölkədə idmana böyük qayğı göstərilir, regionlar da daxil olmaqla Azərbaycanda 60-a yaxın idman kompleksi var. Bəs nədən dövləd büdcəsindən milyonlara başa gələn bu idman kompleksləri adam arasına, yəni nüfuzlu beynəlxalq turnirlərə çıxası 60 idmançı yetişdirə bilməyib? Futbolu başa düşdük, oynaya bilmirik, baxmayaraq ki, turnirin qızılını almışıq, bəs qaçmağa nə deyirsiz? Aksiyalarda polis-vətəndaş “yarışmasında” elə qaçanlar görmüşəm, onların hər biri istənilən turnirdə ən yüksək yerə iddia edə bilər…

İslam oyunlarında qadınlardan ibarət basketbol yığmamız qızıl alıb. Heyətdə nə bir azərbaycanlı, nə bir müsəlman var – MOLLENHAUER Alexandra, DENISKINA Tatyana, ULYANOVA Dina, WALKER Marcedes Marie. Bu top zəhrimarı səbətə atan müsəlman yoxdurmu?

Qızıl alan voleybol yığmamızın 14 oyunçusundan cəmi 2 nəfəri azərbaycanlıdır. Həndbol yığmamızda da 14-dən biri azərbaycanlıdır. Suya tullanma yarışlarında medal alan 8 idmançımızın hamısı legionerdir, heç biri də müsəlman deyil. Stolüstü tennisə elə yerdən idmançılar gətiriblər ki, adam onların adını nə yaza, nə də oxuya bilir.  Məsələn, NING Zhing, WANG Miao, WANG Chenxi, YANG Xinyu, YU Xinhang, CHEN Xingtai, NING Zhing, WANG Miao. Bunları yazdım ki, bəlkə kimdəsə “kitayski” adları oxumaq və doğru-düzgün səsləndirmək həvəsi yarandı. Necə də olmasa ölkəmizə medallar qazandırıblar. Yeri gəlmişkən, bu idmançıların dördü gümüş, dördü bürünc medal qazanıb. Bu isə o deməkdir ki, gümüş alanlar ümumilikdə 300 min manat, bürünc alanlarsa 180 min manat qazanıblar, məşqçiləri ilə birlikdə. Yəqin məşqçiləri də özlərindən olar.

İslam oyunlarında medal alan idmançıların 103-ü (onlardan bəziləri bir neçə medal qazanıb) başqa ölkələrin yetirmələri – legionerlərdir, həm də milliləşdirilmiş. Çox da əziyyət çəkməyiblər, soyadlarını dəyişməklə onları özümüzünküləşdiriblər. Məsələn, Alyona Həsənova, Yelizaveta Səmədova,
Valeriya Məmmədova,  Kristina Yaqubova və s.
Beləliklə, Azərbaycanı təmsil edən idmançıları yerli və gəlmələrə, alınmalara bölsək, qızıl medalda legionerlər irəlidədir. Onlar fərdi və komanda yarışlarında 74 qızıl, 21 gümüş, 16 bürünc medal alıblar. Yerli idmançılar yalnız qızılların sayında onlardan geri qalıb. Azərbaycanlı idmançılar 71 qızıl, 40 gümüş, 32 bürünc medal alıb.

Gözlənildiyi kimi, bu oyunlardan Azərbaycan ziyanla çıxıb. Xatırladaq ki, İslam oyunlarının maliyyələşdirilməsi üçün büdcədən 317 mln. 300 min manat ayrıldığı bildirilmişdi. Açılış və bağlanış mərasimlərinə isə büdcədən 20 milyon dollar ayrılıb. Oyunlardan sonra keçirilən mətbuat konfransında nazir Azad Rəhimov deyib ki, satışa çıxarılan 500 min biletdən 360 mini satılıb: “Təxminən 2,5-3 milyon manatlıq bilet satılıb. Ümumilikdə Azərbaycana 59 ölkədən tamaşaçı gəlib”. Bəs turist axını var, tamaşaçı marağı yüksəkdir deyib AzTV-lərdə apardığınız təbliğat nəydi? Satılan bletlərin əksəriyyəti  büdcə təşkilatlarında çalışanlara zorla sırınıb, ya da hər idarə və müəssisəyə kvota qoyulub, büdcə pulları hesabdan-hesaba köçürülüb. Ancaq yenə də, bilet pulsuz olsa belə, adamlar yarışları boykot edib. Sevinməyə, bayram eləməyə, azarkeş olmağa daxildə stimul gərək. Çətin dolanışıq, ağır güzəran onların hamısını xalqın əlindən alıb…

Deməli, açılış və bağlanış mərasimlərinə 20 milyon dollar xərc çəkib onlara baxmağa gələn tamaşaçılara satılan biletdən 2,5-3 milyon manat “qazanc” götürmək yalnız Azərbaycandakı rejimin ağlına gələ bilər. Üstəlik, böyük pullar hesabına kənardan idmançı gətirib onların sayəsində medal qazanmaq və bu medallara görə büdcədən həmin idmançılara milyonlar xərcləmək…

Daha bir xatırlatma. İlk İslam Oyunlarının keçirilməsinə Səudiyyə Ərəbistanı 13 milyon dollar xərcləyib. Bu oyunları keçirən ikinci ölkə İndoneziya isə yarışın təşkilinə 20 milyon dollar xərc çəkdiyini açıqlayıb.

Sarı xətt biznesi

Azərbaycanda İslam oyunları keçirilən ərəfədə – mayın 5-dən 23-dək paytaxt yollarında bəzi yerlərdə maşınların hərəkəti sarı zolaqla məhdudlaşdırılıb. Yalnız xüsusi icazə nişanı olan maşınlar sarı zolaqda hərəkət edə bilib. Qaydaları pozub bu zolağa çıxan sürücülər isə 40 manat məbləğində cərimələnib. Maraqlıdır ki, İslam oyunları günlərində paytaxt yollarında sarı zolağa çıxmağa icazəsi olan xeyli sayda maşın hərəkət edib. Adının çəkilməsini istəməyən sürücülərdən biri bu fərqlənmə nişanını 800-2000 manat aralığında qiymətə əldə etməyin mümkün olduğunu deyib. Pis məbləğ deyil…

2015-ci ildə keçirilən Avropa oyunları zamanı da sarı zolaq çəkilmişdi. Onda 1894 sürücü sarı xətti keçdiyinə görə cərimələnmişdi. Ümumi məbləğ 75 min 760 manat olmuşdu. Belə baxanda yarışlara çəkilən xərc və qazancı müqayisə etdikdə, sarı zolağı daha gəlirli saymaq olar…

Çalışın xətti keçməyin!

Rövşən Hacıbəyli

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button