2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyevə işgəncə verildiyini deyir

Yayımlandı: 19 Dekabr 2022 19:15

Penitensiar Xidmət isə fəalın hətta aclığı dayandırdığını iddia edir

İctimai fəal Bəxtiyar Hacıyevin həbsdə aclıq etdiyinə görə saxlandığı Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verərək bildirib ki, hazırda Bəxtiyar Hacıyevin həyatı və sağlamlığı təhlükə altındadır.

Saytların yığılması Saytlarin yigilmasi

İctimai fəalın dekabrın 15-dən aclıq aksiyası keçirdiyini yada salan Rüfət Səfərovun sözlərinə görə, dekabrın 18-də səhər saat 05.00 radələrində Bəxtiyar Hacıyevi saxlandığı kamerada qandallayıb aparıblar:

“Onu başqa bir soyuq kameraya aparıblar. Orada soyuqda 8 saat saxlayıblar. Həm də qandallı vəziyyətdə. O müddətdə dəfələrlə su istəyib. Dəfələrlə suyu gətirib göstəriblər, hətta stəkana da töküblər, amma verməyiblər. Aclıq keçirən şəxsə qarşı bunu eləməyin bir adı var – faşizm. Bundan sonra onu istintaq təcridxanasının rəisinin yanına aparıblar, o da Bəxtiyar Hacıyevi hədələməyə başlayıb. Tələb edib ki, aclıqla bağlı ərizəsinə dəyişiklik eləsin”.

Bəxtiyar Hacıyev aclıq aksiyası keçirməsinə səbəb olaraq, qanunsuz həbsini göstərib. Həbsinin səbəbkarı kimi isə daxili İşlər naziri Vilayət Eyvazovun adını vurğulayıb. İstintaq təcridxanasının rəisi ondan aclıqla bağlı ərizəsinə dəyişiklik edərək, nazirin adının ərizədən çıxarılmasını tələb edib, lakin ictimai fəal razılaşmayıb.

“Bundan sonra Bəxtiyar Hacıyevi tibbi sanitar hissədə üfunət qoxuyan bir otağa aparıblar, onun kamera yoldaşlarını da həmin kameraya göndərib və onunla üz-üzə qoymağa başlayıblar. Hətta bəziləri narazılıq etməyə başlayıb ki, Bəxtiyara görə biz də bu vəziyyətə düşürük. Etiraz etməyənlərə isə işgəncə veriblər. İstənilən halda, kamera yoldaşlarını Bəxtiyarın əleyhinə yönəltməyi qarşılarına məqsəd qoyublar. Nə yolla olursa olsun, Bəxtiyar Hacıyevin iradəsini sındırmağa, onu məhv etməyə çalışırlar”, – Rüfət Səfərov bildirib.

Foto: Rüfət Səfərovun şəxsi arxivindən

Hüquq müdafiəçisi əlavə edib ki, “Müdafiə Xətti” təşkilatı son vaxtlar ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsilə əlaqədar etiraz aksiyası keçirmək qərarı verib:

“Azərbaycan hakimiyyəti ağır repressiv siyasət yürüdür. İnsan haqları sahəsindəki durum dözülməzdir. Tənqidçilər saxta və qurama ittihamlarla həbs olunurlar. İnsanlar sözünə, fikrinə, əqidəsinə görə zorakılıqla üzləşirlər. İşgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar hakim siyasətin ayrılmaz hissəsinə çevrilib. Artıq bütün hüquqi alətlər tükənib”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri təkzib edib. Onun sözlərinə görə, Bəxtiyar Hacıyev hazırda aclıq aksiyası da keçirmir:

“Bəxtiyar Hacıyev aclığı dayandırmaqla bağlı müraciət etmişdi, 1 gün aclıq etdi, sonra dayandırdı. Əgər yenə də ərizə ilə müraciət etsə, qeydiyyata alacaqlar”.

Dekabrın 9-dan həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində aclıq aksiyasına başladığını bəyan edib. Dekabrın 18-də Penitensiar Xidmət onun aclığı dayandırdığını açıqlasa da, bu gün (dekabrın 19-da) o, vəkili vasitəsilə bu məlumatı təkzib edib.

Vəkili Bəxtiyar Hacıyevin ailə üzvləri və müdafiəçilərilə telefon danışığı hüququnun məhdudlaşdırıldığını, onun yaxınlarıyla ünsiyyət saxlaya bilmədiyini deyir.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button