2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İham Əliyev: 'Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim…'


„Heç kim bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi…“

Bu sözləri 2020-ci ilin son günü xalqa müraciətində Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki…”

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev 44 günlük hərbi əməliyytlara toxunaraq deyib ki, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqların getdiyini və bu danışıqların heç bir nəticə vermədiyini deyib. Prezidentin sözlərinə görə, faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi, danışıqların imitasiyası prosesi gedirdi.

„…Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi.“

“Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım…”

İlham Əliyev birinci Qarabağ müharibəsi dövründə nizami ordunun yaradılmaması və iqtisadi gücün zəifliyi səbəbindən torpaqların işğalının qaçılmaz olduğunu deyib.

„…cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq”.

“Ona görə də təzyiqlərə məruz qalırdım…”

İlham Əliyev artıq Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkə olduğunu, heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmadığını deyib. 

„Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. …Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. …“

“Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir“

İlham Əliyev bu yolda Qoşulmama Hərəkatına üzv olmanı, İslam Əməkdaşlıq Təşkilatı və qonşu ölkələrlə sıx münasibətlər quruldğunu vurğulayaraq bu siyasətin doğru olduğunu deyib.

„… Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir“.

“Hər il mən bunlara deyirdim ki…”

İlham Əliyev Ermənistanın təqdim etdiyi saxta tarixin də darmadağın edildiyini vurğulayıb.

„…beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər. Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar. Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır…”

“Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə…”

İlham Əliyev münaqişənin hərbi həlli olmamaması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.

“Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan – olmayan, bölgə məsələləri ilə məşğul olan – olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur.

Mən son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam – əlbəttə ki, həm bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi“.

“Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki…”

İlham Əliyev 2018-ci ildə Ermənistanda hakimiyyyət dəyişikliyi və ona olan gözləntilərə də toxunub.

„…indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, – dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir…“

Prezident ilsonu xalqa müraciətində 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdiyini deyib.

“…qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik…”

„Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.“

“Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi…”

İlham Əliyev artıq müharibənin arxada qaldığını deyib.

„Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”

Həmrəyliyi Gününü münasibəti ilə prezident dünya azərbaycanlılarını təbrik edib.

“…siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button