2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: “Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur”

Azərbaycan Prezidenti Makronu və Borreli günahlandırıb

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann nümayəndə heyətinin adından onları qəbul etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib  və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.

Əliyev də həmçinin nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Ermənistan arasındakı münaqişəyə və Almaniya hökumətinin bu məsələyə münasibətinə toxunub.

“Fransa alovun üstünə benzin tökür…”

O, Almaniya Kansleri Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb:

“Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”.

“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Əliyev qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Bakını günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.

“Borrel məlumatı haradan alıb ki, Azərbaycan hücum etməyi planlaşdırır?”

O, Avropa İttifaqının da hadisələrə ikili standartlarla yanaşdığını deyib:

“Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir”.

Əliyev həmçinin bildirib ki, Azərbaycanın Ermənistana hücum etmək kimi planı yoxdur:

“Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

“Əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir:

“Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”

O vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub, amma buna ciddi reaksiya olmayıb:

“Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq”.

“Ukrayna bu müharibədə öz ərazi bütövlüyünü bərpa etmək istəyir…”

Ölkə başçısı görüşdə Rusiya-Ukrayna müharibəsinə də toxunub.

O qeyd edib ki, Ukrayna bu müharibədə öz ərazi bütövlüyünü bərpa etmək istəyir:

“Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür”.

“Nümayəndə heyətinin hüququ bərpa olunmazsa, Avropa Şurasından tamamilə çıxa bilərik”

Əliyev Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsini də qınayıb:

“Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?!”

“Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!” – deyə o qeyd edib.

Əliyev həmçinin bildirib ki, bir il ərzində nümayəndə heyətinin hüququ bərpa olunmazsa, Azərbaycan Avropa Şurasından tamamilə çıxa bilər:

“Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”.

“Azərbaycan despotik bir ölkə kimi təqdim edilir”

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyə İlham Əliyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan haqqında Qərb dairələrində məqsədli şəkildə mənfi təəssürat yaradılır:

“Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

“Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir”

Sovet dövründə 70 il Azərbaycanın dövlətçilikdən məhrum olduğunu deyən Əliyev bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın təcavüzü ilə üzləşib:

“Müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar. Otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək”.

“Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidirlər”, – İlham Əliyev belə deyib.

Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin tərkibinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxil olub.

İkinci Qarabağ müharibəsi nə zaman baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button